Sual verən bir nəfər baş verəcək əzab haqqında soruşdu.
O əzab inkar edənlər üçündür və heç kəs onu dəf edə bilməz!
O, (mələklərin) yüksəlmə yerlərinin (göylərin) sahibi olan Allah tərəfindəndir.
Mələklər və Ruh müddəti (dünya hesabı ilə) əlli min il olan bir gündə Onun yanına yüksələrlər.
Ona görə də sən gözəl bir şəkildə səbir et!
Onlar onun (əzabın) uzaq olduğunu düşünürlər.
Biz isə onun yaxın olduğunu görürük.
O gün göy əridilmiş metal kimi olacaq.
Dağlar da didilmiş rəngarəng yun kimi olacaq.
Heç bir dost öz dostunun halını soruşmayacaq.
Onlar bir-birinə göstəriləcəklər. Günahkar o günün əzabından xilas olmaq üçün fəda etmək istəyəcək: Övladlarını,
Həyat yoldaşını, bacı-qardaşını,
Onu qoruyub sığınacaq verən əşirətini,
Və yer üzündəkilərin hamısını – təki özünü (əzabdan) xilas etsin.
Əsla! Həqiqətən, o (cəhənnəm) alovlu bir oddur.
(O alov) başın dərisini sıyırıb çıxardar.
O, haqqa arxa çevirəni və ondan üz döndərəni çağırar.
Mal-mülk yığıb saxlayanı da.
Şübhəsiz ki, insan tamahkar və hövsələsiz yaradılmışdır.
Ona bir zərər dəydiyi zaman fəryad edər.
Ona bir xeyir dəydiyi zaman isə xəsisləşər.
Ancaq namaz qılanlar bundan istisnadır.
O kəslər ki, namazlarını daim qılarlar.
O kəslər ki, mallarında müəyyən bir haqq (zəkat və sədəqə payı) vardır -
Dilənən və (utandığı üçün istəyə bilməyib) məhrum qalanlar üçün.
O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər.
O kəslər ki, Rəbbinin əzabından qorxarlar.
Çünki heç kəs Rəbbinin əzabından əminlikdə deyil.
O kəslər ki, iffətlərini qoruyarlar.
Ancaq həyat yoldaşı və ya cariyələri bundan istisnadır. Çünki onlar (buna görə) qınanmazlar.
Bundan artığını istəyənlər həddi aşanlardır.
O kəslər ki, əmanətə və verdikləri sözə riayət edərlər.
O kəslər ki, şahidliklərində dürüstdürlər.
O kəslər ki, namazlarını daim qılarlar.
Məhz onlara cənnətlərdə ikram ediləcəkdir.
(Ey elçi!) inkar edənlərə nə olub ki, sənə tərəf qaçırlar?!
Sağdan və soldan dəstə-dəstə (gəlirlər)?!
Onların hər biri Nəim cənnətinə girəcəyinimi ümid edir?!
Xeyr! Biz onları bildikləri şeydən yaratmışıq.
Şərqlərin və qərblərin Rəbbinə and olsun ki, Biz qadirik -
Onların əvəzinə onlardan daha yaxşılarını gətirməyə! Heç kəs Bizə mane ola bilməz!
Ona görə də qoy onlar vəd olunduqları günə qovuşana qədər (öz işlərinə) dalıb əylənsinlər.
O gün onlar sanki bütlərə tərəf qaçırmışlar kimi sürətlə çıxacaqlar.
Onlar gözləri yerə zillənmiş, özlərini də zillət bürümüş bir halda olacaqlar. Onlara vəd olunan gün budur!