🏠
×
Nuh surəsi
Nuh surəsi
1.
Biz ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl qövmünü xəbərdar etsin deyə Nuhu öz qövmünə göndərdik.
2.
O dedi: “Ey qövmüm, heç şübhəsiz, mən sizi açıq-aydın xəbərdar edən bir elçiyəm!
3.
Allaha ibadət edin və Ondan qorxun! Mənə də itaət edin ki,
4.
Allah sizin günahlarınızın bir qismini bağışlasın və müəyyən bir vaxta qədər sizə möhlət versin. Şübhəsiz ki, Allahın təyin etdiyi vaxt (ölüm) gəldiyi zaman o təxirə salınmaz. Kaş bunu biləydiniz”.
5.
Nuh dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (haqq yola) dəvət etdim.
6.
Ancaq mənim dəvətim onların (haqq yoldan) qaçmalarını daha da artırdı.
7.
Hər dəfə onları bağışlayasan deyə mən onları (haqq yola) dəvət etdiyimdə, barmaqlarını qulaqlarına tıxadılar, (məni görməmək üçün) paltarlarına büründülər, dirəndilər və çox təkəbbürləndilər.
8.
Sonra mən onları ucadan dəvət etdim.
9.
Sonra mən onlarla həm açıq-aşkar, həm də gizlicə danışdım.
10.
Mən dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Şübhəsiz ki, O, çox bağışlayandır”.
11.
(Allahdan bağışlanmağınızı diləyin ki,) O, göydən sizə bol-bol yağış göndərsin,
12.
Mal-mülk və övladlar verərək sizə yardım etsin, sizin üçün bağlar və çaylar yaratsın.
13.
Sizə nə olub ki, Allaha böyüklüyü yaraşdırmırsınız?
14.
Halbuki O sizi mərhələ-mərhələ yaratmışdır.
15.
Allahın yeddi göyü (bir-biri üstündə) qat-qat necə yaratdığını görmədinizmi?!
16.
Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir.
17.
Allah sizi də yerdən bir bitki kimi bitirmişdir.
18.
Sonra sizi ora qaytaracaq və (axirətdə) sizi təkrar (dirildib) çıxardacaqdır.
19.
Allah yer üzünü sizin üçün döşəmişdir ki,
20.
Orada açılan geniş yollarda gəzib-dolaşasınız.
21.
Nuh dedi: “Ey Rəbbim! Bunlar mənə qarşı çıxaraq mal-mülkü və övladı özünə ziyandan başqa bir şey artırmayan kimsəyə tabe oldular.
22.
Onlar (mənə qarşı) çox böyük hiylələr qurdular.
23.
Və dedilər: “Nəbadə öz ilahlarınızı tərk edəsiniz! Vəddi, Süvanı, Yəğusu, Yəuqu və Nəsri qətiyyən tərk etməyin!”
24.
Onlar bir çoxlarını (haqq yoldan) azdırdılar. (Ey Rəbbim!) Sən də onların azğınlıqlarını artır!”
25.
Onlar öz günahları ucbatından suda boğuldular və cəhənnəmə atıldılar. Beləcə, Allahdan başqa yardımçılar da tapa bilmədilər.
26.
Nuh dedi: “Ey Rəbbim, yer üzündə heç bir inkar edəni sağ buraxma!
27.
Əgər onları sağ buraxsan, Sənin bəndələrini azdıracaq və əxlaqsız inkar edənlər dünyaya gətirəcəklər.
28.
Ey Rəbbim! Məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla! Zalımların da yalnız məhvini artır!”