🏠
×
Cin surəsi
Cin surəsi
1.
(Ey elçi!) De: “Cinlərdən bir dəstənin (oxuduğum Quranı) dinləyib belə dedikləri mənə vəhy olundu: “Biz heyrətamiz bir Quran eşitdik.
2.
O, doğru yola yönəldir. Ona görə də biz ona iman etdik və əsla heç kimi Rəbbimizə şərik qoşmayacağıq!
3.
Şübhəsiz ki, Rəbbimizin şanı çox ucadır! Onun nə zövcəsi, nə də övladı vardır.
4.
Həqiqətən, bizim səfehimiz (İblis) Allah haqqında həddindən artıq yalan danışırmış.
5.
Halbuki biz insanların və cinlərin Allaha qarşı əsla yalan danışmayacaqlarını zənn etmişdik.
6.
Həqiqətən, insanlardan bəziləri cinlərdən bəzilərinə sığınır və onların azğınlıqlarını artırırdılar.
7.
Onlar da sizin kimi Allahın heç kəsi təkrar diriltməyəcəyini zənn etmişdilər.
8.
Biz (cinlər) göyə qalxıb onu yoxladıq, onun güclü gözətçilərlə və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.
9.
Biz qulaq asmaq üçün onun (göyün) bəzi yerlərində otururduq. Ancaq indi kim qulaq asmaq istəsə, yandırıb-yaxan bir ulduzun (pusquda) onu gözlədiyini görər.
10.
Biz bilmirik ki, bununla yer üzündəkilər üçün şər istənilmiş, yoxsa Rəbbi onlar üçün xeyir istəmişdir.
11.
Bizim aramızda yaxşılar da var, başqa cür olanlar da. Biz müxtəlif yollar tutmuşuq.
12.
Biz anladıq ki, nə yerdə, nə də göyə qaçaraq Allahı aciz qoya bilərik (Allahın əzabından yaxa qurtara bilmərik).
13.
Biz doğru yolu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman etdik. Kim Rəbbinə iman edərsə, nə (haqqının) əskik verilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar.
14.
Bizdən müsəlman olanlar da var, haqq yoldan azanlar da. Müsəlman olanlar doğru yolu axtarıb tapanlardır.
15.
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”.
16.
Əgər onlar (cinlər) doğru yolda getsəydilər, Biz onlara bol-bol su verərdik ki,
17.
Bununla onları sınayaq. Kim Rəbbini anmaqdan üz çevirərsə, Allah onu çətin bir əzaba salar.
18.
Şübhəsiz ki, məscidlər Allahındır. Ona görə də Allahdan başqa heç kəsə dua etməyin!
19.
Allahın bəndəsi (Məhəmməd) dua etmək üçün qalxdığı zaman az qala onlar (cinlər) onun ətrafında keçə kimi bir-birinə yapışırdılar.
20.
De: “Mən yalnız Rəbbimə dua edirəm və heç kimi Ona şərik qoşmuram”.
21.
De: “Mən sizə nə bir zərər verə bilər, nə də sizi doğru yola yönəldə bilərəm”.
22.
De: “(Əgər Allah mənim üçün bir şər istəmişsə,) Allaha qarşı məni heç kim qoruya bilməz. Ondan başqa sığınacağım bir kimsə də tapa bilmərəm.
23.
Mənim edə bildiyim yalnız Allahdan gələni (vəhyləri insanlara) çatdırmaq və elçilik vəzifəsini yerinə yetirməkdir. Kim Allaha və Onun elçisinə asi olarsa, şübhəsiz, onun üçün əbədi qalacağı cəhənnəm odu vardır”.
24.
Onlar özlərinə vəd olunanı (əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
25.
De: “Mən bilmirəm ki, sizə vəd olunan (əzab) yaxındır, yoxsa Rəbbim onun üçün uzun bir müddət qoymuşdur.
26.
Qeybi bilən Allahdır və O, qeybini heç kimə göstərməz.
27.
Ancaq razı qaldığı elçi bundan istisnadır. Həqiqətən, onun (elçisinin) önünə və arxasına gözətçilər qoyar ki,
28.
Rəbbinin göndərdiklərini (vəhyləri insanlara) təbliğ edib-etmədiklərini bilsin. Allah onlarda olan hər şeyi (elmi ilə) əhatə etmiş və hər şeyi bir-bir saymışdır”.