Az bir hissəsi istisna olmaqla, gecəni ibadətlə keçir!
Gecənin yarısını, yaxud yarısından daha az hissəsini
Və ya yarısından daha çox hissəsini ibadətlə keçir! Quranı asta-asta (təfəkkür edərək) oxu!
Şübhəsiz ki, Biz sənə ağır bir söz vəhy edəcəyik.
Gecə (ibadət üçün) qalxmaq daha təsirli və (Quran) oxumaq üçün daha münasibdir.
Çünki sənin gündüz məşğul olduğun uzun-uzadı işlərin var.
Rəbbinin adını zikr et və bütün varlığınla Ona yönəl!
O, şərqin də, qərbin də Rəbbidir. Ondan başqa heç bir ilah yoxdur. Ona görə də sən yalnız Ona təvəkkül et!
Onların dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş!
Nemət içində üzüb haqqı yalanlayanları Mənə burax və onlara bir az möhlət ver!
Şübhəsiz ki, Bizim yanımızda (onlar üçün hazırlanmış) qandallar və cəhənnəm vardır.
Bir də boğazdan keçməyən yemək və ağrılı-acılı bir əzab vardır.
O gün yer üzü və dağlar silkələnəcək, dağlar dağılan qum yığınlarına çevriləcəkdir.
Biz Firona elçi göndərdiyimiz kimi sizə də haqqınızda şahidlik edəcək bir elçi göndərdik.
Ancaq Firon elçiyə qarşı çıxdı. Buna görə də onu şiddətli əzabla yaxaladıq.
Əgər haqqı inkar etsəniz, uşaqları ağ saçlı qocalara çevirəcək bir gündən özünüzü necə qoruyacaqsınız?!
(O gün) göy yarılacaq, Allahın vədi yerinə yetəcəkdir.
Şübhəsiz, bu (Quran), bir öyüddür. Artıq kim istəsə, Rəbbinə doğru özünə bir yol tutar.
(Ey elçi!) Şübhəsiz ki, Rəbbin sən və səninlə birlikdə olanlardan bir zümrənin gecənin üçdə ikisinə yaxın bir qismini, (bəzən) yarısını, (bəzən də) üçdə birini ibadətə ayırdığını bilir. Gecəni və gündüzü ölçüb-biçən Allahdır. O, bu vaxtları hesablaya bilməyəcəyinizi bildiyi üçün sizi bağışladı. Ona görə də Qurandan sizə asan gələn yeri oxuyun! O, içinizdən xəstə olanları, eləcə də Allahın lütfündən (ruzi) axtarmaq üçün yer üzündə səfər edənləri və Allah yolunda cəhd edənləri bilir. Elə isə ondan (Qurandan) sizə asan gələn yeri oxuyun! Namazı qılın, zəkatı verin və Allaha gözəl bir borc verin! Özünüz üçün (dünyada ikən) hansı xeyirli bir əməli etsəniz, Allah dərgahında onun daha xeyirli olduğunu və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.