Ey örtüsünə bürünən (elçi)!
Qalx və (insanları) xəbərdar et!
(Etdiyin yaxşılığı) çox görüb minnət qoyma!
Rəbbinin yolunda səbirli ol!
O gün çox çətin bir gündür!
İnkar edənlər üçün asan deyildir.
Yaratdığım o kimsəni Mənə burax!
Mən ona çoxlu mal-mülk verdim.
Yanındakı övladlar verdim.
Ona hər cür imkanlar verdim.
Bundan sonra o, yenə də (bu imkanları) artırmağımı istəyir.
Xeyr! Həqiqətən, o, ayələrimizə qarşı çox inadkardır.
Mən onu sərt bir yoxuşa (çətin bir əzaba) sürükləyəcəyəm.
Həqiqətən, o, fikirləşib qərar verdi.
Canı çıxsın! Necə qərar verdi?!
Qoy canı çıxsın! Necə qərar verdi?!
Sonra üz-gözünü turşudub qaşqabağını tökdü.
Sonra da arxasını çevirib təkəbbürləndi.
Və dedi: “Bu (Quran), yalnız öyrənilən bir sehrdir.
Bu, insan sözündən başqa bir şey deyildir”.
Mən onu Səqərə (cəhənnəmə) atacağam.
Sən haradan biləcəksən ki, Səqər nədir?
O, heç bir şeyi sağ-salamat buraxmaz.
İnsanın dərisini yandırıb-yaxar.
Onun üstündə on doqquz vardır.
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da inkar edənlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman edənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlbində xəstəlik olanlar və inkar edənlər isə: “Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.
And olsun ötüb-keçən gecəyə!
And olsun ağaran sübh çağına!
Həqiqətən, o (cəhənnəm), böyük müsibətlərdən biridir,
Sizdən (saleh əməllərdə) irəli getmək, yaxud geri qalmaq istəyənlər üçün!
Hər kəs qazandığının girovudur.
Ancaq sağ tərəfdəkilər bundan istisnadır.
Onlar cənnət bağlarında soruşacaqlar -
“Sizi Səqərə (cəhənnəmə) salan nə idi?”
Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
Batilə dalanlarla birlikdə biz də dalırdıq.
Haqq-hesab gününü yalan hesab edirdik,
Ölüm bizə gəlib çatana qədər”.
Artıq şəfaətçilərin şəfaəti onlara fayda verməz.
Belə olduğu halda onlara nə olub ki, öyüd-nəsihətdən üz döndərirlər?!
Vəhşi eşşəklər kimidirlər.
(O eşşəklər ki,) aslandan hürküb qaçarlar.
Xeyr! Onların hər biri önünə sərilmiş səhifələr (ilahi vəhylər) verilməsini istəyir.
Xeyr! Əksinə, onlar axirətdən qorxmurlar.
Xeyr! O (Quran), bir öyüddür.
Kim istəsə, düşünüb ondan öyüd alar.
Allah istəmədikcə onlar öyüd ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da Odur, məğfirət sahibi olan da Odur!