🏠
×
Mürsəlat surəsi
Mürsəlat surəsi
1.
And olsun bir-birinin ardınca göndərilənlərə (küləklərə)!
2.
And olsun şiddətli fırtınalara!
3.
And olsun (yağışı) yaydıqca yayanlara!
4.
And olsun (haqq ilə batili) bir-birindən ayıranlara!
5.
And olsun Zikri (Quranı) gətirənlərə -
6.
(Möminlərə) üzr dilətmək, yaxud (inkar edənlərə) xəbərdarlıq etmək üçün (gətirənlərə)!
7.
Sizə vəd olunan (qiyamət) mütləq baş verəcəkdir!
8.
Ulduzlar sönəcəyi zaman,
9.
Göy yarılacağı zaman,
10.
Dağlar toz olub göyə sovrulacağı zaman,
11.
Elçilərin (ümmətləri barədə şahidlik etmə) vaxtı təyin olunacağı zaman,
12.
(Belə deyiləcək:) “Onlara hansı günə qədər vaxt verilmişdir?”
13.
(Belə cavab veriləcək:) “Ayırd etmə gününə qədər!”
14.
(Ey elçi!) Ayırd etmə gününün nə olduğunu sən haradan biləsən?!
15.
O gün haqqı yalanlayanların vay halına!
16.
Biz əvvəlkiləri məhv etmədikmi?!
17.
Sonra gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
18.
Biz günahkarlarla belə rəftar edirik.
19.
O gün haqqı yalanlayanların vay halına!
20.
(Ey insanlar!) Biz sizi zəif bir sudan yaratmadıqmı?!
21.
Onu möhkəm bir yerə (ana bətninə) yerləşdirdik,
22.
Müəyyən bir müddətə qədər.
23.
Biz buna qadir olduq. Biz nə qədər də qüdrətliyik!
24.
O gün haqqı yalanlayanların vay halına!
25.
Biz yer üzünü toplanma yeri etmədikmi -
26.
Dirilər və ölülər üçün?!
27.
Orada yüksək dağlar yaratdıq və sizə şirin su içirtdik.
28.
O gün haqqı yalanlayanların vay halına!
29.
(O gün inkar edənlərə belə deyiləcək:) “Yalan hesab etdiyinizə (cəhənnəmə) tərəf gedin!
30.
Üç qola ayrılmış kölgəyə tərəf gedin!”
31.
O nə kölgəlik olar, nə də alovdan qoruyar.
32.
O, saray qədər böyük qığılcımlar saçar.
33.
O (qığılcımlar), sarı dəvələr kimidir.
34.
O gün haqqı yalanlayanların vay halına!
35.
Bu, (inkar edənlərin) danışa bilməyəcəkləri gündür.
36.
Onların üzrxahlıq etmələrinə də icazə verilməz.
37.
O gün haqqı yalanlayanların vay halına!
38.
Bu, ayırd etmə günüdür. Sizi də, əvvəlkiləri də bir yerə topladıq.
39.
Əgər sizin bir hiyləniz varsa, Mənə hiylə qurun!
40.
O gün haqqı yalanlayanların vay halına!
41.
Şübhəsiz, müttəqilər kölgəliklərdə və çeşmə başlarında olacaqlar.
42.
İstədikləri meyvələrin arasında olacaqlar.
43.
(Onlara belə deyiləcək:) “Etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin-için!”
44.
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
45.
O gün haqqı yalanlayanların vay halına!
46.
(Ey inkar edənlər!) Hələlik yeyin və kef çəkin. Həqiqətən, siz günahkarlarsınız.
47.
O gün haqqı yalanlayanların vay halına!
48.
Onlara: “Rüku edin!” - deyildiyi zaman onlar rüku etməzlər.
49.
O gün haqqı yalanlayanların vay halına!
50.
Onlar bundan (Quran nazil olduqdan) sonra daha hansı sözə inanacaqlar?!