Onlar bir-birindən nə haqqında soruşurlar?
Böyük xəbər (qiyamət) haqqında!
(O xəbər ki,) onun barəsində ixtilafdadırlar.
Xeyr! Onlar tezliklə biləcəklər.
Xeyr! Xeyr! Onlar tezliklə biləcəklər.
Biz yer üzünü döşəmədikmi?!
Dağları da dirəklər etmədikmi?!
Sizi (kişi və qadın olmaqla) cüt yaratdıq.
Yuxunuzu istirahət vasitəsi etdik.
Gecəni (sizin üçün) örtük etdik.
Gündüzü də (sizin üçün) çalışıb ruzi qazanma vaxtı etdik.
Üstünüzdə yeddi möhkəm göy inşa etdik.
Və (orada) çox parlaq bir qəndil (günəş) yaratdıq.
Topa buludlardan şırıl-şırıl tökülən su endirdik ki,
Onunla (torpaqdan) toxum və bitki çıxardaq,
Və (ağacları) bir-birinə sarmaşan bağlar (yaradaq).
Şübhəsiz ki, (haqq ilə batili) ayırd etmə gününün vaxtı təyin edilmişdir.
Sura üfürüləcəyi gün siz dəstə-dəstə (Allahın hüzuruna) gələcəksiniz.
Göydə bir çox qapılar açılacaqdır.
Dağlar hərəkətə gətiriləcək və ilğım kimi olacaqdır.
Şübhəsiz ki, cəhənnəm pusqudadır.
O, azğınların gedəcəyi yerdir.
Onlar əsrlər boyu orada qalacaqlar.
Orada nə bir sərinlik tapacaq, nə də bir içki dadacaqlar.
Yalnız qaynar su və irin dadacaqlar.
(Etdikləri əməllərə) uyğun bir cəza olaraq!
Həqiqətən, onlar haqq-hesab olacağını gözləmirdilər.
Ayələrimizi tamamilə yalanladılar.
Biz hər şeyi (lövhi-məhfuzda) bir-bir yazmışıq.
Ona görə də dadın (əzabı)! Biz sizin yalnız əzabınızı artıracağıq.
Şübhəsiz, müttəqilər üçün qazandıqları uğurun mükafatı vardır;
Sinələri tumurcuqlanmış həmyaşıd qızlar,
(İçki ilə) dolu qədəhlər!
Orada nə boş söz, nə də yalan eşidəcəklər.
Rəbbindən bir mükafat və artıqlaması ilə verilən bəxşiş olaraq!
(Bunlar) göylərin, yerin və onların arasındakıların mərhəmətli Rəbbi tərəfindəndir. Onlar Onun hüzurunda (izni olmadan) danışa bilməzlər.
Ruh və mələklərin səf-səf duracaqları gün yalnız Rəhman olan Allahın izin verdiyi kimsə danışa biləcək, o da həqiqəti söyləyəcəkdir.
O, haqq olan gündür. Elə isə istəyən Rəbbinə gedən bir yol tutar.
Həqiqətən, Biz sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan (dünyada ikən) etdiyi əməllərinə baxacaqdır. İnkar edən isə: “Kaş mən torpaq olaydım!” - deyəcəkdir.