And olsun (inkar edənlərin canlarını) zorla çəkib alanlara!
And olsun (möminlərin canlarını) asanlıqla alanlara!
And olsun (göydə) üzüb gedən mələklərə!
And olsun ötüb keçənlərə!
And olsun işləri nizamlayanlara!
O gün sarsan (sur) sarsacaq.
Onun ardınca (ikinci dəfə surun üfürülməsi ilə) bir gurultu qopacaq.
O gün qəlb qorxudan titrəyəcək.
Gözlər (qorxudan) yerə zillənəcək.
Onlar deyirlər: “Biz əvvəlki halımızamı döndürüləcəyik -
Çürümüş sür-sümük olduqdan sonra?”
Onlar: “Elə isə bu zərərli bir dönüş olar”, - deyirlər.
O yalnız bir dəhşətli səslə olacaqdır.
O zaman onlar düz bir yerdə (məhşərdə) toplaşacaqlar.
Musanın xəbəri sənə gəlib çatdımı?
Bir zaman Rəbbi ona müqəddəs Tuva vadisində belə səslənmişdi:
“Fironun yanına get! Həqiqətən, o, həddini aşdı.
(Firona) de: “Səni (günahlardan) təmizlənməyə dəvət edirəm.
Sənə Rəbbinə gedən doğru yolu göstərimmi? Beləcə, sən də (Allahdan) qorxarsan”.
Sonra Musa ona ən böyük möcüzəni göstərdi.
Ancaq o Musanı yalanladı və ona qarşı çıxdı.
Sonra arxasını çevirib (Musanı haqsız göstərmək üçün) işə başladı.
O, (öz adamlarını) bir yerə yığıb (onlara) səsləndi.
O: “Mən sizin ən uca Rəbbinizəm!” - dedi.
Buna görə də Allah onu axirət və dünya əzabı ilə cəzalandırdı.
Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət dərsi vardır.
Sizi yaratmaq daha çətindir, yoxsa göyü?! Allah onu inşa etdi,
Qübbəsini yüksəltdi və onu nizamladı.
Gecəsini qaranlıq, gündüzünü isə aydınlıq etdi.
Bundan sonra yer üzünü döşədi.
Oradan sular və otlaqlar çıxartdı.
Dağları (yer üzündə) möhkəm yerləşdirdi,
Həm sizin, həm də heyvanlarınız faydalanması üçün.
Ən böyük fəlakət gəldiyi zaman,
O gün insan (dünyada) etdiklərini xatırlayacaqdır.
Cəhənnəm də, görə bilənlər üçün sərgilənmişdir.
Və dünya həyatını üstün tutmuşsa,
Şübhəsiz ki, cəhənnəm onun sığınacağı olacaqdır.
Ancaq kim Rəbbinin məqamından qorxar və nəfsini (pis) arzulardan uzaq tutarsa,
Əlbəttə, onun məskəni cənnətdir.
Səndən: “O nə zaman qopacaqdır?” – deyə qiyamət haqqında soruşurlar.
Sən onu haradan biləcəksən?!
Sən ancaq qiyamətdən qorxanları xəbərdar edənsən.
Onlar qiyaməti gördükləri gün sanki (dünyada) bir axşam, yaxud bir gündüz vaxtı qədər qaldıqlarını zənn edəcəklər.