🏠
×
Əbəsə surəsi
Əbəsə surəsi
1.
O qaşqabağını töküb üzünü çevirdi,
2.
Kor adam yanına gəldiyinə görə.
3.
Sən haradan bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi.
4.
Yaxud öyüd alacaq və bu öyüd ona fayda verəcəkdi.
5.
Ancaq (öyüd-nəsihətə) ehtiyac duymayana gəldikdə,
6.
Sən ona yönəlirsən.
7.
Halbuki sən onun (günahlardan) təmizlənməməsindən məsul deyilsən.
8.
Sənin yanına qaça-qaça gələn,
9.
(Allahdan) qorxan kimsəyə gəldikdə,
10.
Sən onunla maraqlanmırsan.
11.
Xeyr! Həqiqətən, bu (Quran) bir öyüddür.
12.
İstəyən hər kəs ondan öyüd alar.
13.
O (Quran) çox şərəfli səhifələrdədir,
14.
Yüksək, pak (səhifələrdə)!
15.
O, katiblərin (mələklərin) əllərindədir,
16.
Şərəfli və itaətkar (mələklərin əllərində)!
17.
Ölsün (inkar edən) insan! O necə də nankordur!
18.
Allah onu nədən yaratdı?!
19.
Onu nütfədən yaratdı və ona nizam verdi.
20.
Sonra onun üçün yolu asanlaşdırdı.
21.
Sonra onun canını aldı və onu qəbrə qoydu.
22.
Sonra istədiyi vaxt onu dirildəcəkdir.
23.
Xeyr! O, Allahın əmrini hələ yerinə yetirməyib.
24.
Elə isə insan yediklərinə bir nəzər salsın!
25.
Şübhəsiz ki, Biz (göydən) bol-bol su endirdik.
26.
Sonra yeri çat-çat yardıq.
27.
Beləcə orada dənli bitkilər bitirdik.
28.
Üzüm, yonca,
29.
Zeytun, xurma,
30.
Sıx ağaclı bağlar,
31.
Meyvələr və otlar bitirdik.
32.
Bunlar həm sizin, həm də heyvanlarınızın faydalanması üçündür.
33.
Qulaqları kar edən (surun ikinci dəfə çalınma vaxtı) gəldiyi zaman,
34.
O gün insan qaçacaq öz qardaşından,
35.
Anasından, atasından,
36.
Zövcəsindən və övladlarından.
37.
O gün onlardan hər birinin yetərincə işi olacaq.
38.
O gün elə üzlər vardır ki, parlayacaq,
39.
Güləcək və sevinəcəkdir.
40.
O gün elə üzlər də vardır ki, toz-torpağa bulanacaq.
41.
Onları qaranlıq bürüyəcək.
42.
Onlar inkar edənlər və günahkarlardır.