🏠
×
Təkvir surəsi
Təkvir surəsi
1.
Günəş sarınıb büküləcəyi zaman,
2.
Ulduzlar sönüb töküləcəyi zaman,
3.
Dağlar hərəkətə gətiriləcəyi zaman,
4.
On aylıq boğaz dəvələr başlı-başına buraxılacağı zaman,
5.
Vəhşi heyvanlar bir yerə yığılacağı zaman,
6.
Dənizlər qaynayıb daşacağı zaman,
7.
Ruhlar bədənlərə qovuşacağı zaman,
8.
Diri-diri torpağa basdırılan qız uşağının soruşulacağı zaman -
9.
Hansı günaha görə öldürüldü deyə.
10.
Səhifələr (əməl dəftərləri) açılacağı zaman,
11.
Göy sıyrılaraq qopardılacağı zaman,
12.
Cəhənnəm alovlandırılacağı zaman,
13.
Və cənnət yaxınlaşdırılacağı zaman,
14.
Hər kəs (axirət üçün) nə gətirdiyini biləcəkdir!
15.
And içirəm (gecə) görünüb (gündüz) gizlənən ulduzlara,
16.
Üzüb gedən və qayıdıb gizlənən səyyarələrə,
17.
Qaralmağa üz tutan gecəyə,
18.
Və ağarmağa üz tutan dan yerinə!
19.
O (Quran), dəyərli bir elçinin sözüdür.
20.
O elçi güclüdür, Ərşin sahibi yanında çox hörmətlidir.
21.
Orada (mələklər tərəfindən) itaət ediləndir, mötəbərdir.
22.
Sizin yoldaşınız (Məhəmməd) divanə deyildir.
23.
Həqiqətən, onu açıqaydın üfüqdə görmüşdü.
24.
O, qeyb xəbərləri barəsində xəsis deyildir.
25.
O (Quran), qovulmuş şeytanın sözü deyildir.
26.
Elə isə (ondan üz döndərib) hara gedirsiniz?
27.
O (Quran), aləmlər üçün yalnız bir öyüddür,
28.
Sizdən doğru yolda getmək istəyənlər üçün.
29.
Aləmlərin Rəbbi olan Allah istəmədikcə, siz istəyə bilməzsiniz.