Çəkidə və ölçüdə aldadanların vay halına!
Onlar insanlardan bir şey satın aldıqları zaman tam ölçər,
Başqaları üçün bir şey ölçdüklərində, yaxud çəkdiklərində isə əskik ölçüb-çəkərlər.
Onlar təkrar dirildiləcəklərini düşünmürlərmi?
(Həm də) böyük bir gündə!
O gün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar.
Xeyr! Şübhəsiz, günahkarların əməl dəftəri Siccindədir!
Sən haradan biləsən ki, Siccin nədir?
O, yazılmış bir kitabdır.
O gün yalanlayanların vay halına!
O kəslər ki, haqq-hesab gününü yalanlayırlar.
Onu yalnız həddini aşan günahkarlar yalanlayarlar.
Ayələrimiz ona oxunduğu zaman: “Bu, əvvəlkilərin əfsanələridir!” – deyər.
Xeyr! Əksinə, qazandıqları günahlar onların qəlbini bürümüşdür (kirlətmişdir).
Xeyr! Həqiqətən, o gün onlar Rəbbindən (Onu görməkdən) məhrum ediləcəklər.
Sonra şübhəsiz ki, onlar cəhənnəmə girəcəklər.
Sonra belə deyiləcəkdir: “Yalan saydığınız (cəhənnəm) budur!”
Xeyr! Şübhəsiz ki, yaxşı əməl sahiblərinin əməl dəftəri İlliyyundadır!
Sən haradan biləsən ki, İlliyyun nədir?
O, yazılmış bir kitabdır.
Onu Allaha yaxın olan mələklər görə bilərlər.
Şübhəsiz ki, yaxşı əməl sahibləri (cənnətdə) nemətlər içində olacaqlar.
Onlar taxtlarda əyləşib ətrafı seyr edəcəklər.
Onların üzündə nemətlərin sevincini görərsən.
Onlara möhürlü qablardakı xalis şərabdan içirdiləcəkdir.
Onun sonu müşkdür (içildikdən sonra müşk qoxusu verər). Qoy yarışanlar bunun üçün yarışsınlar!
Ona Təsnim suyu qatılmışdır.
O, Allaha yaxın olanların su içdikləri bir bulaqdır.
Həqiqətən, günahkarlar iman edənlərə gülürdülər.
Onların yanından keçdikləri zaman bir-birinə qaş-göz edirdilər.
Öz ailələrinin yanına (bu etdikləri ilə) fərəhlənərək qayıdırdılar.
Onlar möminləri gördükləri zaman: “Bunlar doğru yoldan azanlardır!” - deyirdilər.
Halbuki (həmin günahkarlar) onlara nəzarətçi göndərilməmişdilər.
Artıq bu gün, (axirət günü) möminlər inkar edənlərə gülürlər.
Onlar taxtlarda əyləşərək ətrafı seyr edəcəklər.
İnkar edənlər etdiklərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)