Allah və Onun elçisindən müqavilə bağladığınız müşriklərə bir xəbərdarlıq!
(Ey müşriklər!) Yer üzündə dörd ay da gəzib dolaşın. Bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah inkar edənləri rəzil-rüsvay edəcəkdir.
Ən böyük Həcc (Həcci-əkbər) günü Allah və elçisindən insanlara bildiriş! Şübhəsiz, Allah və elçisi müşriklərdən uzaqdır. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Əgər (iman etməkdən) üz döndərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. İnkar edənləri acı bir əzabla müjdələ!
Ancaq sizinlə müqavilə bağladıqdan sonra sizə qarşı heç bir naqislik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi vaxtı bitənə qədər davam etdirin. Şübhəsiz ki, Allah müttəqiləri sevər.
Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
Əgər müşriklərdən biri səndən aman diləyərsə, Allahın kəlamını dinləyənə qədər ona aman ver. Sonra (iman etməzsə,) onu əminlikdə olacağı yerə çatdır. Bu ona görədir ki, onlar bilməyən bir qövmdür.
Məscidi-haramın yanında müqavilə bağladığınız kimsələr istisna olmaqla, müşriklərin Allah və Onun elçisi yanında necə (etibarlı) bir əhdi ola bilər?! Sizə qarşı düzgün (müqaviləyə uyğun) davrandıqları müddətdə siz də onlara qarşı düzgün davranın! Həqiqətən, Allah müttəqiləri sevər.
(Onlarla müqavilə) necə ola bilər ki?! Əgər sizə qalib gəlsəydilər, nə sizinlə olan müqaviləyə, nə də əhdə riayət edərdilər. Onların qəlbi rədd etdiyi halda, ağızları ilə sizi razı salırlar. Onların çoxu fasiqlərdir.
Onlar az bir dəyər (fani dünya malı) müqabilində Allahın ayələrini satdılar. Sonra da (insanları) Allahın yolundan döndərdilər. Onların etdiyi əməllər necə də pisdir!
Onlar bir mömin barəsində nə bir müqaviləyə, nə də bir əhdə riayət edərlər. Onlar əsil həddi aşanlardır!
Ancaq tövbə edər, namaz qılar və zəkat verərlərsə, onlar sizin din qardaşlarınızdır. Biz düşünən bir qövm üçün ayələri belə izah edirik.
Əgər müqavilə bağladıqdan sonra andlarını pozar və dininizi təhqir edərlərsə, küfrün öndərləri ilə vuruşun! Həqiqətən, onlar andları olmayan (andlarını pozan) kimsələrdir. (Onlarla vuruşsanız,) Ola bilsin ki, onlar (bu etdiklərinə) son qoyarlar.
(Ey möminlər!) Andlarını pozan, elçisi (yurdundan) çıxartmağa cəhd göstərən və sizə qarşı (döyüşə) ilk dəfə özləri başlayan bir qövmə qarşı döyüşməyəcəksinizmi? Yoxsa onlardan qorxursunuz? Əgər iman etmişsinizsə, (bilin ki,) ən çox Allahdan qorxmalısınız.
Onlarla mübarizə aparın ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rəzil-rüsvay etsin, sizi onlara qalib etsin və möminlər tayfasının qəlbini fərəhləndirsin.
Eləcə də onların (möminlərin) qəlbindəki qəzəbi yox etsin. Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Yoxsa Allah sizin içinizdən cihad edib Özündən, elçisindən və möminlərdən başqasını dost tutmayanları ortaya çıxarmadan sərbəst buraxılacağınızımı zənn etdiniz?! Allah etdiyiniz əməllərdən xəbərdardır.
Müşriklər özlərinin inkar edən olduqlarını bildikləri halda Allahın məscidlərini təmir etməyə layiq deyillər! Onların əməlləri puça çıxmışdır və onlar cəhənnəmdə əbədi qalacaqlar.
Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman edən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar.
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman edib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz!
İman edib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər dərəcə etibarilə Allah dərgahında daha üstündürlər. Əsil uğur qazananlar onlardır.
Rəbbi onları, Öz tərəfindən bir mərhəmət, razılıq və onlar üçün içində bitməz-tükənməz nemətlər olan cənnətlərlə müjdələyir.
Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, böyük mükafat Allah yanındadır.
Ey iman edənlər! Əgər valideyniniz və bacı-qardaşlarınız iman etmək əvəzinə küfrü seçərlərsə, onları dost tutmayın (onlarla yaxınlıq etməyin)! Sizdən kim onları dost tutarsa, onlar əsil zalımlardır.
De: “Əgər valideyniniz, övladlarınız, bacı-qardaşlarınız, həyat yoldaşınız, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.
Həqiqətən, bir çox yerdə, həmçinin Hüneyn günü (baş verən döyüşdə) Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz.
Sonra Allah elçiyə və möminlərə sükunət (rahatlıq və arxayınlıq) verdi. O, sizin görmədiyiniz əsgərlər (mələklər) endirdi və inkar edənlərə əzab verdi. İnkar edənlərin cəzası budur!
Bundan sonra Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhmlidir.
Ey iman edənlər! Müşriklər həqiqətən, murdardırlar. Ona görə də onlar bu ildən sonra Məscidi-harama yaxınlaşmasınlar! Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) Allah diləyərsə, Öz lütfü ilə sizi zəngin edər. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kitab verilənlərdən Allaha və axirət gününə iman etməyən, Allah və elçisinin haram etdiyini haram saymayan, haqq dini qəbul etməyən kimsələrlə, boyun əyib əlləri ilə cizyə verənə qədər vuruşun!
Yəhudilər: “Üzeyr Allahın oğludur”, - dedilər. Xristianlar da: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağızları ilə söylədiyi bu sözlər daha əvvəl inkar edən olmuş kimsələrin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də (haqq yoldan) döndərilirlər.
Onlar Allahı qoyub xaxamlarını, (xristianlar da) rahiblərini və Məryəm oğlu Məsihi özlərinə ilah qəbul etdilər. Halbuki onlara yalnız bir olan Allaha ibadət etmələri əmr olunmuşdu. Ondan başqa heç bir ilah yoxdur. Allah onların şərik qoşduqlarından uzaqdır!
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq inkar edənlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz.
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün elçisini hidayət yolu və haqq din ilə göndərən Odur.
Ey iman edənlər! Xaxamlardan və rahiblərdən bir çoxu insanların mallarını haqsız yolla yeyir və (insanları) Allah yolundan döndərirlər. Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ!
(Bu qızıl və gümüşlər) cəhənnəm odunda qızdırılıb bunlarla alınları, böyürləri və belləri dağlanacağı gün (onlara belə deyilər:) “Bu, özünüz üçün yığdığınız şeylərdir. Ona görə də yığdıqlarınızı (yığdıqlarınıza görə verilən əzabı) dadın!”
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir!
(Haram ayları) gecikdirmək ancaq küfrü artırmaqdır. İnkar edənlər onunla (haqq yoldan) azdırılırlar. Onlar Allahın haram etdiyinin sayını düzəltmək və Allahın haram etdiyi şeyləri halal etmək üçün onu (haram ayı) bir il halal, bir il isə haram sayırlar. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərilmişdir. Allah inkar edənlər qövmünü doğru yola yönəltməz!
Ey iman edənlər! “Allah yolunda cihad edin!” - deyildiyi zaman sizə nə oldu ki, yerə yapışıb qaldınız. Axirətin əvəzinə dünya həyatına razı oldunuz? Dünya malı axirət (nemətlərinin) yanında çox az bir şeydir.
Əgər cihada çıxmazsanız, Allah sizə acı bir əzab verər və sizin yerinizə başqa bir qövm gətirər. Siz Ona heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir.
Əgər siz ona (elçiyə) yardım etməsəniz, (bilin ki,) inkar edənlər ikinin ikincisini çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və inkar edənlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
Yüngül və ağır olaraq cəhd edin! Mallarınızla və canlarınızla Allah yolunda cihad edin! Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir.
Əgər o, asan əldə olunan dünya malı və orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol onlara uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, mütləq biz də sizinlə bərabər (səfərə) çıxardıq”, - deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalançıdırlar.
Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan və yalançı olanları bilmədən nə üçün onlara izin verdin?
Allaha və axirət gününə iman edənlər malları və canları ilə cihad etməkdən (geri qalmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır.
Yalnız Allaha və axirət gününə iman etməyən və qəlbi şübhəyə düşüb öz şübhələri içində tərəddüd edənlər səndən izin istəyərlər.
Əgər onlar (cihada) çıxmaq istəsəydilər, əlbəttə, ona hazırlıq görərdilər. Lakin Allah onların çıxmalarını istəmədi. Buna görə də onlara mane oldu. (Onlara:) “(Evlərində) oturanlarla birlikdə oturun!” - deyildi.
Əgər onlar sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin içinizdə mütləq fitnə-fəsadı artırar və nifaq salmaq üçün aranıza girərdilər. Sizin aranızda onlara qulaq asanlar da var. Allah zalımları yaxşı tanıyır.
Həqiqətən, onlar əvvəl də fitnə-fəsad çıxarmaq istəmiş və sənə qarşı hiylələrə əl atmışdılar. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri yerinə yetdi.
Onlardan elələri də var ki: “Mənə (cihada çıxmamağa) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm inkar edənləri mütləq bürüyəcəkdir!
Əgər sənə bir xeyir dəyərsə, bu, onları kədərləndirər. Əgər sənə bir müsibət üz verərsə, onlar: “Yaxşı ki, biz qabaqcadan tədbirimizi almışdıq”, - deyərlər və sevincək halda dönüb gedərlər.
De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!”
De: “Siz bizə iki yaxşılıqdan (qələbə çalmaq və şəhid olmaqdan) birinin gəlməsini gözləyirsiniz? Biz də Allahın Öz dərgahından və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözləyirik. Ona görə də gözləyin! Biz də sizinlə birlikdə gözləyirik”.
De: “Malınızı istər könüllü, istərsə də könülsüz xərcləyin, (bu sədəqələr) sizdən qəbul olunmayacaqdır. Çünki siz fasiq (haqq yoldan çıxmış) bir tayfa oldunuz.
Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız odur ki, onlar Allahı və elçisini inkar edərlər, namaza tənbəl-tənbəl gələrlər və mallarını (Allah yolunda) könülsüz xərcləyərlər.
Onların malları və övladları səni imrəndirməsin! Həqiqətən, Allah bunlar vasitəsilə onlara dünya həyatında əzab vermək və inkar edən olaraq can vermələrini istəyir.
(Münafiqlər) Özlərinin sizdən olduqlarına dair Allaha and içərlər. Halbuki onlar sizdən deyillər. Lakin onlar qorxaq bir tayfadır.
Əgər onlar bir sığınacaq və ya mağaralar, yaxud girməyə bir yer tapsaydılar, mütləq qaçaraq ora üz tutardılar.
Onlardan, sədəqələrin (bölüşdürülməsi) barəsində səni eyibləyənlər də var. Əgər onlara (sədəqələrdən bir pay) verilərsə, razı qalar, verilməzsə, dərhal qəzəblənərlər.
Əgər onlar Allahın və elçisinin onlara verdiklərindən razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun elçisi də. Həqiqətən, biz Allahdan istəyirik!” - desəydilər (bu, onlar üçün daha yaxşı olardı).
Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, (zəkat yığan) işçilərə, qəlbi İslama isindiriləcək kimsələrə, (azad olmağa çalışan) kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Onların (münafiqlərin) arasında: “O, hər deyilənə qulaq asandır!” - deyərək elçini incidənlər də var. De ki: “O, sizin üçün xeyirli olana qulaq asandır. O, Allaha iman edir, möminlərə inanır və O, sizdən iman edənlər üçün bir rəhmətdir”. Allahın elçisinə əziyyət verən kimsələr üçün acı bir əzab vardır.
Onlar sizi razı salmaq üçün Allaha and içərlər. Əgər onlar mömindirlərsə, Allah və Onun elçisini razı salmaları daha doğrudur.
Onlar bilmədilərmi ki, kim Allaha və elçisinə qarşı çıxarsa, həqiqətən, onun üçün əbədi qalacağı cəhənnəm odu vardır. Böyük rüsvayçılıq budur.
Münafiqlər qəlbində olan şeyləri özlərinə xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyləri ortaya çıxaracaqdır”.
Əgər onlardan (nə üçün istehza etdiklərini) soruşsan: “Sadəcə olaraq başımız söhbətə qarışıb zarafatlaşırdıq”, - deyərlər. De ki: “Allaha, Onun ayələrinə və elçisinəmi istehza edirsiniz?
Üzr istəməyin! Siz iman etdikdən sonra (təkrar) inkar edən oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”.
Münafiq kişilər və münafiq qadınlar bir-birlərinə bənzəyirlər. Onlar pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edər və xəsislik edərlər. Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər əsil fasiqlərdir.
Allah münafiq kişilərə də, münafiq qadınlara da, inkar edənlərə də əbədi qalacaqları cəhənnəm odunu vəd etmişdir. O, onlara yetər. Allah onlara lənət etmişdir. Onlar üçün davamlı bir əzab vardır.
(Ey münafiqlər!) Siz də sizdən əvvəlkilər kimi etdiniz. Onlar sizdən daha güclü, daha çox mal və övlad sahibi idilər. Onlar (dünyadakı) öz paylarına düşəndən bəhrələndilər. Sizdən əvvəlkilər öz paylarına düşəndən bəhrələndikləri kimi siz də öz payınıza düşəndən bəhrələndiniz və (batil yola) girənlər kimi siz də (o yola) girdiniz. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar əsil ziyana uğrayanlardır!
Onlara, özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmünün, İbrahim qövmünün, Mədyən xalqının və alt-üst olmuş şəhərlərin xəbəri gəlmədimi?! Elçiləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm edəsi deyildi, lakin onlar özlərinə zülm edirdilər.
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir.
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın rizası isə (hamısından) daha böyükdür. Böyük uğur məhz budur!
Ey elçi, inkar edənlərə və münafiqlərə qarşı cihad et! Onlara qarşı sərt davran! Onların sığınacaqları yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
(Ey elçi!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş və müsəlman olduqdan sonra inkar edən olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (elçiyə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah və elçisi Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah onlara dünyada da, axirətdə də acı bir əzab verəcəkdir. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi var.
Onlardan bəzisi də: “Əgər Allah bizə Öz lütfündən (mal-mülk) verərsə, mütləq sədəqə verəcək və əməlisalehlərdən olacağıq”, - deyə Allaha söz verdilər.
Ancaq Allah Öz lütfündən onlara (mal-mülk) verdiyi zaman xəsislik etdilər və üz çevirərək (sözlərindən) döndülər.
Beləcə, Allaha verdikləri sözə xilaf çıxmaları və yalan danışmaları səbəbi ilə Onunla qarşılaşacaqları axirət gününə qədər Allah onların qəlbinə nifaq saldı.
Məgər (münafiqlər) bilmirlərmi ki, Allah onların sirlərini də, pıçıltılarını da, qeybi (gizli şeyləri) də çox yaxşı bilir?!
Könüllü surətdə sədəqə verən möminləri ayıblayan və çətinliklə əldə etdiklərini sədəqə verənləri məsxərəyə qoyanlara gəldikdə, Allah da onları məsxərəyə qoymuşdur. Onlar üçün acı bir əzab vardır.
Onlar üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Bu, onların Allahı və Onun elçisini inkar etmələrinə görədir. Allah fasiqlər tayfasını doğru yola yönəltməz.
Allahın elçisinə qarşı çıxaraq arxada qalanlar (cihada çıxmayıb evdə) oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməkdən xoşlanmadılar və: “İstidə döyüşə çıxmayın!” - dedilər. De: “Cəhənnəm odu daha istidir”. Kaş biləydilər!
Ona görə də qazandıqlarının (günahlarının) cəzası olaraq az gülsünlər, çox ağlasınlar!
Əgər Allah səni onlardan bir dəstənin yanına qaytarsa və səndən (başqa bir döyüşə) çıxmaq üçün izin istəsələr, de ki: “Mənimlə əsla (döyüşə) çıxmayacaq və heç bir düşmənə qarşı döyüşməyəcəksiniz! Çünki siz birinci dəfə oturmağa razı oldunuz. Ona görə də arxada qalanlarla birlikdə (evinizdə) oturun!”
Onlardan ölən heç kəsin cənazəsinə qatılma və qəbri başında durma! Çünki onlar Allahı və Onun elçisini inkar etdilər və fasiq olaraq öldülər.
Onların malları və övladları səni imrəndirməsin. Allah bununla dünyada onlara əzab vermək və inkar edən olduqları halda can vermələrini istəyir.
“Allaha iman edin və Onun elçisi ilə bərabər cihad edin!” - deyə bir surə nazil edildiyi zaman onlardan sərvət sahibi olanlar səndən izin istəyər və: “Qoy biz (evdə) oturanlarla birlikdə qalaq!” - deyərlər.
Onlar arxada qalanlarla birlikdə olmağa razı oldular. Onların qəlbinə möhür vuruldu. Buna görə də onlar anlamazlar.
Ancaq elçi və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər. (Bütün) xeyirlər məhz onlarındır və nicat tapanlar da məhz onlardır!
Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Böyük uğur budur!
Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər, (döyüşə getməsinlər deyə) özlərinə izin verilməsi üçün gəldilər. Allaha və elçisinə yalan deyənlər isə oturdular. Onlardan inkar edən olanlara acı bir əzab üz verəcəkdir.
Allah və elçisi üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir.
Minik təmin etməyin üçün sənin yanına gəldiklərində: “Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, - dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə də (günah və qınaq) yoxdur.
Ancaq imkanı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər qınanmalıdırlar. Onlar arxadakılarla birlikdə qalmağa razı oldular. Allah onların qəlbinə möhür vurmuşdur. Onlar artıq anlamazlar.
(Döyüşdən) onların yanına qayıtdığınız zaman sizə üzrxahlıq edəcəklər. De: “Üzr istəməyin! Biz sizə inanmayacağıq. Çünki Allah sizin xəbərlərinizi bizə bildirmişdir. Sizin əməlinizi Allah da, Onun elçisi də görəcəkdir. Sonra qeybi də, aşkarı da bilən Allaha qaytarılacaqsınız və O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”.
Siz onların yanına qayıtdığınız zaman onlardan əl çəkməyiniz üçün sizin qarşınızda Allaha and içəcəklər. Ona görə də onlardan əl çəkin! Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer cəhənnəmdir.
Onlardan razı qalasınız deyə, qarşınızda and içərlər. Siz onlardan razı qalsanız belə, şübhəsiz, Allah fasiqlər tayfasından razı olmaz.
Bədəvilər inkar etmək və ikiüzlülük baxımından həm daha pis, həm də Allahın elçisinə nazil etdiyi hökmləri tanımamağa daha çox meyillidirlər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Bədəvilərdən eləsi var ki, (Allah yolunda) xərclədiyini ziyan sayar və sizin başınıza bəlalar gəlməsini gözləyər. O pis bəla öz başlarına gəlsin! Allah hər şeyi eşidəndir, biləndir.
Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və elçinin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
Mühacirlər və ənsardan (İslam dinini qəbul etmə xüsusunda) ilk önə keçənlərlə yaxşı işlərdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razı olmuşlar. Allah onlar üçün (ağacları) altından çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur.
Ətrafınızdakı bədəvi ərəblərdən və Mədinə əhalisindən ikiüzlülükdə məharətli olan münafiqlər var. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra da onlar böyük bir əzaba atılacaqlar.
Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı əməli pis əməllə qarışdırmışdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan. Onlar üçün dua et! Şübhəsiz, sənin duan onlar üçün bir təskinlikdir. Allah hər şeyi eşidəndir, biləndir.
Onlar bilmirlərmi ki, Allah bəndələrinin tövbələrini və sədəqələrini qəbul edir?! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
De: “(İstədiyinizi) edin! Allah, elçisi və möminlər əməllərinizi görəcəklər. Siz qeybi də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”.
(Döyüşdə iştirak etməyən) digər bir qrupun işi də Allaha qalıb. O, onlara ya əzab verər, ya da onların tövbələrini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Münafiqlərin arasında möminlərə) zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və elçisinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və: “Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” - deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər.
Orada əsla namaz qılma! İlk gündən etibarən təqva üzərində qurulmuş məscidin (Dırar məscidinin) içində namaz qılmağın daha doğrudur. Orada paklanmağı sevən insanlar var. Allah pak olanları sevər.
Binasını Allah qorxusu və rizası üzərində quranmı, yoxsa binasını uçulmaqda olan bir yerin kənarında qurub, (ora çökdüyü zaman) onunla birlikdə cəhənnəm oduna yuvarlananmı daha xeyirlidir?! Allah zalımlar qövmünü doğru yola yönəltməz.
Onların tikdiyi bina (öldükləri zaman) qəlbi parçalanana qədər qəlbində bir şübhə olaraq qalacaqdır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur.
Onlar tövbə edən, ibadət edən, şükür edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və Allahın (halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ!
Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə, onlar üçün bağışlanma diləmək elçiyə və möminlərə yaraşmaz.
İbrahimin öz atası üçün bağışlanma diləməsi isə, yalnız ona söz verdiyi üçün idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra ondan uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxararaq Allaha çox dua edən və səbirli bir insan idi.
Allah bir qövmü doğru yola yönəltdikdən sonra çəkinməli olduqları şeyləri bəyan etməyincə onları azdırmaz. Həqiqətən, Allah hər şeyi biləndir.
Həqiqətən, göylərin və yerin hakimiyyəti Allaha məxsusdur. O dirildər və öldürər. Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır.
Müsəlmanlardan bir qrupun qəlbi əyriliyə meyil etmək üzrə ikən elçinin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir.
(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə rəğmən onlara dar gəlib qəlbi sıxıldığı zaman Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Daha sonra tövbə etsinlər deyə Allah onların tövbəsini qəbul etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
Ey iman edənlər, Allahdan qorxun və sadiqlərlə (doğru insanlarla) birlikdə olun!
Mədinəlilərə və onların ətrafındakı bədəvi ərəblərə Allahın elçisindən geri qalmaq və onun canından əvvəl öz canlarını düşünmələri yaraşmaz. Bu, onların Allah yolunda susuzluğa, yorğunluğa və aclığa düçar olmaları, inkar edənləri qəzəbləndirəcək bir yerə ayaq basmaları və düşmənə qarşı zəfər qazanmalarının özlərinə yaxşı bir əməl kimi yazılması üçündür. Şübhəsiz ki, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz.
Allah onların əməllərini ən gözəli ilə mükafatlandırsın deyə, az və ya çox onların infaq etdikləri hər bir şey və keçdikləri hər bir vadi, mütləq onlara savab olaraq yazılar.
Möminlərin hamısının birdən döyüşə getmələri doğru deyildir. Onların hər qəbiləsindən bir dəstə dini yaxşı öyrənmək və döyüşə gedənlər geri qayıtdığı zaman onları (Allahın əzabı ilə) xəbərdar etmək üçün arxada qalsın. Ola bilsin ki, onlar (pis əməllərdən) çəkinərlər.
Ey iman edənlər! Yaxınlığınızda olan inkar edənlərə qarşı döyüşün və qoy onlar (döyüş əsnasında) sizdən bir sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir!
Bir surə nazil edildiyi zaman onlardan bəziləri: “Bu sizin hansınızın imanını artırdı?” - deyərlər. Möminlərə gəldikdə, bu surə onların imanını artırar və onlar sevinərlər.
Qəlbində xəstəlik olanlara gəldikdə isə, bu surə onların küfrünü daha da artırar və onlar inkarçı olaraq ölərlər.
Onlar hər il bir və ya iki dəfə (qıtlıq, xəstəlik kimi müsibətlərlə) sınandıqlarını görmürlərmi? Sonra da nə tövbə edir, nə də ibrət alırlar.
Bir surə nazil edildiyi zaman onlar bir-birinə baxıb: “Sizi görən varmı?” – deyər, sonra da aradan çıxarlar. Onlar (haqqı) anlamayan bir qövm olduqları üçün Allah onların qəlbini (haqdan) döndərmişdir.
Həqiqətən, sizə öz içinizdən elə bir elçi gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gələr. O, sizə qarşı qayğıkeşdir, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir.
(Ey elçi!) Əgər onlar (haqdan) üz döndərsələr, de ki: “Mənə Allah yetər! Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. O, böyük ərşin sahibidir”.