And olsun günəşə və onun aydınlığına!
And olsun ondan sonra çıxan aya!
And olsun onu (günəşi) üzə çıxardan gündüzə!
And olsun onu (günəşi) örtən gecəyə!
And olsun göyə və onu xəlq edənə!
And olsun yer üzünə və onu döşəyənə!
And olsun nəfsə, onu yaradıb surət verənə,
Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)!
Nəfsini günahdan təmizləyən nicat tapmışdır.
Nəfsini günaha batıran isə ziyana düşmüşdür.
Səmud qövmü azğınlığı ucbatından haqqı təkzib etdi.
Onların ən bədbəxti (Allahın möcüzə olaraq göndərdiyi dəvəni kəsməyə) cumduğu zaman,
Allahın elçisi (Saleh) onlara: “Allahın dəvəsinə və onun su içməsinə mane olmayın!” - demişdi.
Ancaq onlar elçisi təkzib etdilər və dəvəni kəsdilər. Rəbbi də günahlarına görə onlara əzab göndərdi və oranı yerlə-yeksan etdi.
Allah bunun nəticəsindən (cəzalandırmaqdan) qorxmaz.