🏠
×
Leyl surəsi
Leyl surəsi
1.
And olsun (qaranlığı ilə ətrafı) bürüməkdə olan gecəyə!
2.
And olsun aydınlanmaqda olan gündüzə!
3.
And olsun kişini və qadını yaradana!
4.
Həqiqətən, sizin cəhdləriniz müxtəlif cürdür.
5.
Kim (haqq sahibinə) haqqını verər, Allahdan qorxar,
6.
Və ən gözəl olanı təsdiqləyərsə,
7.
Biz də ən asan olanı onun üçün asanlaşdırarıq.
8.
Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz,
9.
Və ən gözəl olanı təkzib edərsə,
10.
Onun üçün də ən çətin olanı asanlaşdırarıq.
11.
Ora düşdüyü zaman mal-mülkü ona heç bir fayda verməz.
12.
Şübhəsiz ki, doğru yolu göstərmək bizə aiddir.
13.
Əlbəttə, axirət də, dünya da Bizimdir.
14.
Ona görə də mən sizi alov saçan bir odla xəbərdar etdim.
15.
Ora yalnız ən bədbəxt olan girər.
16.
O (bədbəxt) ki, haqqı yalanlamış və üz döndərmişdir.
17.
Allahdan ən çox qorxan isə oradan uzaq tutular.
18.
O kimsə ki, malını (Allah yolunda) verər və (günahlardan) təmizlənər.
19.
O, etdiklərinə görə başqaları tərəfindən mükafatlandırılmağı gözləməz.
20.
O bunu, sadəcə, ən uca olan Rəbbinin rizası üçün edər.
21.
Həqiqətən, o, (Allahın verəcəyi nemətlərdən) razı qalacaqdır.