Kitab əhlindən və müşriklərdən haqqı inkar edənlər özlərinə açıq-aydın dəlil gələnə qədər (küfrdən) ayrılmadılar.
Bu dəlil Allah tərəfindən göndərilən və tərtəmiz səhifələri oxuyan bir elçidir.
Onların içində doğru və dəyərli hökmlər yazılmışdır.
Kitab verilənlər onlara yalnız açıq-aydın dəlil gəldikdən sonra parçalandılar.
Halbuki onlara dini yalnız Allaha məxsus edərək və hənif olaraq (Allaha şərik qoşmadan) Ona ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdu. Doğru din budur!
Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar. Onlar yaradılanların ən şərliləridir.
Şübhəsiz ki, iman edib yaxşı əməllər edənlər yaradılanların ən xeyirliləridir.
Rəbbi yanında onların mükafatı (ağacları) altından çaylar axan və əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu (mükafatlar), Rəbbindən qorxanlara məxsusdur.