İsra surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir.
(İsra surəsi, 1)
- Musaya Kitabı verdik və İsrail oğullarına: “Məndən başqa heç kimi vəkil tutmayın!” - deyərək onu bir hidayət rəhbəri etdik.
(İsra surəsi, 2)
- Ey Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyəti! Həqiqətən, o, çox şükür edən bir bəndə idi.
(İsra surəsi, 3)
- Biz İsrail oğullarına Kitabda (Tövratda) belə bildirdik: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və təkəbbürlənərək dikbaşlıq edəcəksiniz!”
(İsra surəsi, 4)
- Bu ikisindən birincisinin vaxtı gəldiyi zaman üstünüzə güclü bəndələrimizi göndərdik. Onlar evlərin arasında gəzib (sizi) axtarırdılar. Bu, yerinə yetirilməli olan bir vəd idi.
(İsra surəsi, 5)
- Sonra onlara qarşı sizə təkrar zəfər bəxş etdik, mal-mülk və övladlar verməklə sizə kömək etdik, sayınızı da çoxaltdıq.
(İsra surəsi, 6)
- Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız, pislik etsəniz də, özünüzə pislik etmiş olarsınız.İkinci fitnənin vaxtı gəldiyi zaman üzünüzü qara etmələri, daha əvvəl girdikləri kimi Məscidə (Süleyman məbədinə) girmələri və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmələri üçün (üstünüzə düşmən göndərdik).
(İsra surəsi, 7)
- Bəlkə Rəbbiniz sizə rəhm edər. Əgər yenə (fitnə-fəsad törətməyə) dönsəniz, Biz də (sizi cəzalandırmağa) dönərik. Biz cəhənnəmi inkar edənlər üçün bir zindan etdik.
(İsra surəsi, 8)
- Şübhəsiz ki, bu Quran ən doğru yola yönəldir və yaxşı işlər görən möminləri böyük bir mükafat ilə müjdələyir.
(İsra surəsi, 9)
- Axirətə inanmayanlara gəldikdə, onlar üçün şiddətli bir əzab hazırlamışıq.
(İsra surəsi, 10)
- İnsan (özü üçün) xeyir istədiyi kimi, şər də istəyər. Axı insan çox tələskəndir.
(İsra surəsi, 11)
- Biz gecə və gündüzü (qüdrətimizi göstərən) iki dəlil olaraq yaratdıq. Rəbbinizin nemətlərini araşdırasınız, illərin sayını və hesabı biləsiniz deyə, gecənin dəlilini (qaranlığını) sildik və gündüzün dəlilini (aydınlığını) işıqlı etdik. Biz hər şeyi (Quranda) müfəssəl olaraq izah etdik.
(İsra surəsi, 12)
- Biz hər insanın əməlini öz boynundan asdıq. Qiyamət günü açılmış vəziyyətdə görəcəyi bir kitabı onun qarşısına çıxardarıq.
(İsra surəsi, 13)
- Kitabını (əməl dəftərini) oxu! Bu gün hesaba çəkilməyin üçün sən özün-özünə kifayətsən.
(İsra surəsi, 14)
- Kim doğru yolu seçərsə, yalnız özünə xeyir verər. Zəlalətə düşən də yalnız özünə zərər verər. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab verən deyilik.
(İsra surəsi, 15)
- Bir məmləkəti məhv etmək istədiyimiz zaman oranın bolluq içində yaşayan başçılarına (yaxşı işlər görməyi) əmr edərik. Ancaq onlar orada pis işlər görərlər. Beləliklə, o məmləkət üçün əzab vacib olar və Biz də oranı yerlə yeksan edərik.
(İsra surəsi, 16)
- Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Bəndələrinin günahlarını bilən və görən olaraq Rəbbin kifayətdir.
(İsra surəsi, 17)
- Kim dünya nemətini istəyərsə, dilədiyimizə orada istədiyimiz qədərini tezliklə verərik. Sonra da onu, qınanmış və qovulmuş bir vəziyyətdə cəhənnəmə atarıq.
(İsra surəsi, 18)
- Kim axirəti istəyər və mömin olaraq onun üçün səy göstərərsə, onların səyləri qəbul olunar.
(İsra surəsi, 19)
- Hamısına - onlara da, bunlara da (dünyanı istəyənlərə də, axirəti istəyənlərə də) Rəbbinin nemətindən verərik. Rəbbinin neməti (heç kimə) qadağan deyildir.
(İsra surəsi, 20)
- Onların bir qismini digərlərindən necə üstün tutduğumuza bax! Şübhəsiz ki, axirət dərəcə və üstünlük cəhətdən daha böyükdür.
(İsra surəsi, 21)
- Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və köməksiz bir halda oturub qalarsan.
(İsra surəsi, 22)
- Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə!
(İsra surəsi, 23)
- Onları təvazökarlıqla mərhəmət qanadının altına al və (dua edərək) de: “Ey Rəbbim, kiçikliyimdən onlar məni böyütdükləri kimi, Sən də onlara rəhm et!
(İsra surəsi, 24)
- Rəbbiniz sizin qəlbinizdəkiləri çox yaxşı biləndir. Əgər siz yaxşı əməl sahibi olsanız, bilin ki, həqiqətən, Allah pis işlərdən üz çevirib tövbə edənləri bağışlayandır.
(İsra surəsi, 25)
- Qohumlara, yoxsullara və yolda qalanlara haqqını ver, lakin israfçılıq etmə!
(İsra surəsi, 26)
- Həqiqətən, israfçılıq edənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur.
(İsra surəsi, 27)
- Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa onlara yumşaq bir söz söylə!
(İsra surəsi, 28)
- Nə xəsis ol, nə də israfçılıq et! Yoxsa (xəsisliyə görə) qınanmış, (israfçılığa görə də) peşman olmuş bir halda oturub qalarsan.
(İsra surəsi, 29)
- Şübhəsiz, Rəbbin dilədiyi kimsənin ruzisini artırar, dilədiyi kimsənin ruzisini də azaldar. O, həqiqətən, bəndələrindən xəbərdardır, onları görəndir.
(İsra surəsi, 30)
- Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin! Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır.
(İsra surəsi, 31)
- Zinaya yaxınlaşmayın! Çünki bu, əxlaqsızlıqdır və pis bir yoldur.
(İsra surəsi, 32)
- Allahın haram etdiyi bir cana haqsız yerə qəsd etməyin! Kim haqsız yerə öldürülərsə, onun yiyəsinə (söz haqqı) ixtiyarı verdik. Ancaq o, həddi aşmasın! Çünki ona (bu ixtiyar verilməklə) kömək edilmişdir.
(İsra surəsi, 33)
- Həddi-büluğa çatana qədər yetimin malına yalnız yaxşı niyyətlə yaxınlaşın! Verdiyiniz sözü yerinə yetirin! Şübhəsiz ki, verilmiş söz (sözün sahibi) sorğu-sual olunacaqdır.
(İsra surəsi, 34)
- Ölçdüyünüz zaman ölçüyə riayət edin və düzgün tərəzi ilə çəkin! Bu həm daha yaxşı, həm də nəticə etibarilə daha gözəldir.
(İsra surəsi, 35)
- Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb - bunların hamısı ondan sorğu-sual olunacaqdır.
(İsra surəsi, 36)
- Yer üzündə təkəbbürlənərək gəzmə! Şübhəsiz ki, sən nə yeri yara bilərsən, nə də ucalıq baxımından dağlara çata bilərsən.
(İsra surəsi, 37)
- Bütün bunların pis olanları, Rəbbinin yanında iyrənc əməllərdir.
(İsra surəsi, 38)
- (Ey elçi!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və (Allahın rəhmətindən) uzaqlaşdırılmış olaraq cəhənnəmə atılarsan.
(İsra surəsi, 39)
- (Ey müşriklər!) Rəbbiniz oğlanları sizin üçün ayırıb, mələkləri isə Özünə qız övladı kimi götürdü?! Həqiqətən, siz (məsuliyyəti) böyük bir söz söyləyirsiniz!
(İsra surəsi, 40)
- Şübhəsiz, düşünüb ibrət almaları üçün bu Quranda (hər cür xəbərdarlıq və vədləri) bəyan etdik. Ancaq bu onları (haqdan) daha çox uzaqlaşdırdı.
(İsra surəsi, 41)
- De: “Əgər dedikləri kimi Onunla (Allahla) yanaşı başqa ilahlar da olsaydı, o zaman (bu ilahlar) ərşin sahibinə (çatmaq üçün) bir yol axtarardılar”.
(İsra surəsi, 42)
- Allah onların dediklərindən uzaq, pak və çox ucadır!
(İsra surəsi, 43)
- Yeddi göy, yer və onların içindəkilər Onu təsbeh edir (şəninə təriflər deyir). Onu həmd ilə təsbeh etməyən heç bir şey yoxdur. Lakin onların təsbeh etməsini siz anlamazsınız. Həqiqətən, O həlimdir, bağışlayandır.
(İsra surəsi, 44)
- Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına (səni qoruyan) görünməz bir pərdə çəkərik.
(İsra surəsi, 45)
- Onu (Quranı) anlamamaları üçün də onların qəlbinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.
(İsra surəsi, 46)
- (Sən Quran oxuyarkən) onların hansı məqsədlə ona qulaq asdıqlarını və o zalımların öz aralarında fısıldaşaraq: “Siz yalnız ovsunlanmış bir adamın arxasınca gedirsiniz!” - dediklərini Biz çox yaxşı bilirik.
(İsra surəsi, 47)
- Sənin üçün necə misallar çəkdiklərinə bir bax! Buna görə də onlar zəlalətə düşdülər və (haqq) yolu tapa bilməzlər.
(İsra surəsi, 48)
- Bir də deyirlər ki: “Həqiqətən, biz sür-sümük olub çürüdükdən sonra yenidən dirildiləcəyikmi?”
(İsra surəsi, 49)
- De: “İstər daş olun, istər dəmir,
(İsra surəsi, 50)
- Yaxud da xəyalınızda böyütdüyünüz bir məxluq olun! (Bunlar, Allahın sizi yenidən diriltməsini çətinləşdirməz.)” Onlar: “Kim bizi təkrar (həyata) qaytaracaqdır?” - deyəcəklər. De ki: “İlk dəfə sizi yaradan (Allah)!” Bu zaman onlar başlarını bulayaraq (istehza ilə) sənə belə deyəcəklər: “O nə vaxt olacaq?” De ki: “Ola bilsin ki, yaxın bir vaxtda olacaqdır!
(İsra surəsi, 51)
- Allahın sizi çağıracağı gün siz Ona həmd edərək dəvətini qəbul edəcək və yalnız az bir müddət qaldığınızı zənn edəcəksiniz”.
(İsra surəsi, 52)
- Bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər. Həqiqətən, şeytan onların arasına fitnə salar. Şübhəsiz ki, şeytan insanın açıq-aşkar düşmənidir.
(İsra surəsi, 53)
- Rəbbiniz sizi çox yaxşı tanıyır. Əgər diləyərsə, sizə rəhm edər, diləyərsə, sizə əzab verər. Biz səni onlara vəkil (onları iman etməyə məcbur edən biri kimi) göndərməmişik.
(İsra surəsi, 54)
- Rəbbin göylərdə və yerdə olanları da çox yaxşı tanıyır. Şübhəsiz, Biz elçilərin bəzilərini digərlərindən üstün etdik. Davuda da Zəburu verdik.
(İsra surəsi, 55)
- De: “Allahı qoyub (ilah olduğunu) iddia etdiklərinizi çağırın! Onlar zərəri sizdən nə uzaqlaşdıra bilər, nə də onu dəyişdirə bilərlər”.
(İsra surəsi, 56)
- Onların sitayiş etdikləri (mələklər) də Rəbbinə, hansı daha yaxın olacaq deyə vəsilə axtarır, Onun rəhmətini umur və əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından həzər etmək lazımdır.
(İsra surəsi, 57)
- Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz oranı məhv etməyək, yaxud oranı şiddətli bir əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır.
(İsra surəsi, 58)
- Möcüzələr göndərməyimizə mane olan şey əvvəlkilərin onları yalanlamış olmasıdır. Biz Səmud qövmünə açıq-aşkar (bir möcüzə olaraq) dişi bir dəvə vermişdik. Ancaq onlar (dəvəni kəsdilər və) buna görə zalım oldular. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
(İsra surəsi, 59)
- Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır.
(İsra surəsi, 60)
- Bir vaxtlar mələklərə (və İblisə): “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa (onların hamısı) dərhal səcdə etdilər. İblis isə: “Palçıqdan yaratdığın birinəmi səcdə edəcəyəm?” – dedi.
(İsra surəsi, 61)
- (Sonra) belə dedi: “Məndən üstün tutduğuna bir bax! Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla onun nəslini mütləq özümə tabe edəcəyəm!”
(İsra surəsi, 62)
- Allah buyurdu: “Get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, sizin cəzanız tam bir cəza olan cəhənnəmdir.
(İsra surəsi, 63)
- Onlardan gücün çatanları dəvətinlə çaşdır; atlılarını və piyadalarını onlara qarşı səfərbər et, mallarına və övladlarına (şirk elətdirərək) ortaq ol! Onlara vədlər ver! Şeytan onlara yalandan başqa heç nə vəd etməz.
(İsra surəsi, 64)
- Şübhəsiz, (ixlaslı) bəndələrim üzərində sənin heç bir hökmranlığın olmayacaqdır”. (Onlar üçün) qoruyucu olaraq Rəbbin yetər.
(İsra surəsi, 65)
- Rəbbiniz, lütfünü (nemətlərini) istəyəsiniz deyə, gəmiləri sizin üçün üzdürəndir. Həqiqətən, O sizə qarşı çox mərhəmətlidir.
(İsra surəsi, 66)
- Dənizdə sizə bir çətinlik üz verdikdə Allahdan başqa dua etdikləriniz yox olub gedər. Ancaq O sizi xilas edib quruya çıxartdığı zaman siz (haqdan) üz döndərərsiniz. İnsan çox nankordur.
(İsra surəsi, 67)
- Onun sizi quruda yerə batırmayacağından, yaxud üzərinizə daş yağdırmayacağından əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.
(İsra surəsi, 68)
- Yoxsa Onun sizi təkrar ora (dənizə) qaytarıb üstünüzə şiddətli bir fırtına göndərərək (Rəbbinizin birliyini) inkar etdiyinizə görə sizi suda boğmayacağından əminsinizmi? Sonra buna görə Bizə qarşı sizin üçün (intiqamınızı alan) bir köməkçi də tapa bilməzsiniz.
(İsra surəsi, 69)
- Şübhəsiz, Adəm övladlarını (bir çox nemətlər verməklə) şərəfləndirdik. Onları (müxtəlif minik vasitələri ilə) quruda və dənizdə daşıdıq. Onlara təmiz və gözəl ruzilər verdik. Onları yaratdıqlarımızın bir çoxundan üstün etdik.
(İsra surəsi, 70)
- O gün bütün insanları rəhbərləri ilə birlikdə çağıracağıq. Əməl dəftəri sağ tərəfindən verilənlər öz əməl dəftərlərini oxuyacaq və onlar cüzi bir haqsızlığa belə məruz qalmayacaqlar.
(İsra surəsi, 71)
- Bu dünyada (qəlbi) kor olan kimsə axirətdə də kor olacaq və haqq yoldan daha çox azacaqdır.
(İsra surəsi, 72)
- (Müşriklər) sənə vəhy etdiyimizdən başqa bir şeyi yalandan Bizə isnad edəsən deyə az qalsın səni azdıracaqdılar. Belə olan təqdirdə şübhəsiz ki, səni özlərinə dost qəbul edəcəkdilər.
(İsra surəsi, 73)
- Əgər sənə səbat verməsəydik, az qalsın bir az onlara meyil edəcəkdin.
(İsra surəsi, 74)
- O zaman sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin.
(İsra surəsi, 75)
- Səni yurdundan çıxartmaq üçün az qalmışdı ki, səni orada təhrik edib fitnəyə salsınlar. Əgər belə olsaydı, səndən sonra onlar (Məkkədə) yalnız az bir müddət qala bilərdilər.
(İsra surəsi, 76)
- Səndən əvvəl göndərdiyimiz elçilər barəsindəki qayda da belə idi. Bizim qayda-qanunumuzda heç bir dəyişiklik görə bilməzsən!
(İsra surəsi, 77)
- Gün batmağa meyl edəndən gecənin qaranlığınadək bəlli vaxtlarda namaz qıl və sübh çağı Quran oxu! Çünki sübh çağı oxunan Quranın şahidləri olur.
(İsra surəsi, 78)
- Gecənin bir vaxtı oyan. Bu sadəcə sənə xasdır. Ola bilsin ki, Rəbbin səni gözəl bir məqama ucaltsın.
(İsra surəsi, 79)
- De: “Ey Rəbbim! Daxil olacağım yerə məni xoşluqla daxil et, çıxaracağın yerdən də məni xoşluqla çıxart və Öz dərgahından mənə yardım edən bir güc ver!”
(İsra surəsi, 80)
- De: “Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olmağa məhkumdur!”
(İsra surəsi, 81)
- Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik.
(İsra surəsi, 82)
- İnsana nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ancaq ona zərər dəydikdə ümidsizliyə düşər.
(İsra surəsi, 83)
- De: “Hər kəs öz təbiətinə uyğun iş görər. Rəbbiniz kimin ən doğru yolda olduğunu yaxşı biləndir”.
(İsra surəsi, 84)
- Sənə Ruhdan soruşarlar; de ki: “Ruh Rəbbimin əmrindəndir, sizə elmdən yalnız az bir bilik verilmişdir.”
(İsra surəsi, 85)
- Əgər Biz diləsəydik, şübhəsiz ki, sənə vəhy etdiyimizi (qəlbindən və yazıldığı yerdən) silib yox edərdik. Sonra buna görə Bizə qarşı özünə heç bir köməkçi də tapa bilməzdin.
(İsra surəsi, 86)
- Ancaq Rəbbinin mərhəməti (sayəsində Quran əbədidir). Həqiqətən, Onun sənə olan lütfkarlığı böyükdür.
(İsra surəsi, 87)
- De: “Əgər bu Qurana bənzər bir şey gətirmək üçün insanlar və cinlər bir yerə yığışsalar və bir-birinə dəstək olsalar, yenə də onun bənzərini gətirə bilməzlər”.
(İsra surəsi, 88)
- Həqiqətən, Biz bu Quranda insanlar üçün bir çox məsəl çəkib müxtəlif şəkildə bəyan etdik. Lakin insanların çoxu küfrü seçdi.
(İsra surəsi, 89)
- Onlar dedilər ki: “Bizim üçün yerdən bir bulaq çıxarmayınca sənə iman etməyəcəyik;
(İsra surəsi, 90)
- Yaxud sənin xurma və üzüm bağın olmalı, onların arasında şırıl-şırıl çaylar axıtmalısan.
(İsra surəsi, 91)
- Yaxud iddia etdiyin kimi, göyü üstümüzə parça-parça edib yağdırmalı və ya Allahı və mələkləri qarşımıza gətirməlisən.
(İsra surəsi, 92)
- Yaxud da sənin qızıldan bir evin olmalı, ya da sən göyə qalxmalısan! (Yoxsa sənə inanmarıq.) Bizə oxuyacağımız bir kitab endirmədiyin müddətcə göyə qalxdığına da əsla inanmarıq”. De ki: “Rəbbim pak və müqəddəsdir! Mən yalnız elçi olaraq göndərilən bir insanam”.
(İsra surəsi, 93)
- İnsanların iman etməsinə mane olan, onlara hidayət rəhbəri gəldiyi zaman: “Allah elçi olaraq bir insanımı göndərdi?” - demələridir.
(İsra surəsi, 94)
- De: “Əgər yer üzündəkilər arxayın gəzən mələklər olsaydı, əlbəttə, onlara elçi olaraq göydən bir mələk göndərərdik”.
(İsra surəsi, 95)
- De: “Mənimlə aranızda şahid olaraq Allah yetər. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, (onları) görür”.
(İsra surəsi, 96)
- Allah kimə hidayət verərsə, o doğru yoldadır, kimi də (haqq yoldan) azdırarsa, onlar üçün Allahdan başqa dostlar tapa bilməzsən. Qiyamət günü onları kor, lal və kar olaraq üzü üstə bir yerə yığacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Alov azaldıqca onların alovunu artıracağıq.
(İsra surəsi, 97)
- Bu, onların cəzasıdır. Çünki onlar ayələrimizi inkar etmiş və: “Sür-sümük olub çürüdükdən sonra həqiqətən, yenidən dirildiləcəyikmi?” - demişdilər.
(İsra surəsi, 98)
- Bilmirlərmi ki, göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa da qadirdir?! Allah onlar üçün bir əcəl təqdir etdi. Bunda heç bir şübhə yoxdur. Ancaq zalımlar inkarçılıqdan başqasını qəbul etmədilər.
(İsra surəsi, 99)
- De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə də xərcləməkdən qorxaraq xəsislik edərdiniz. İnsan çox xəsisdir.
(İsra surəsi, 100)
- Şübhəsiz, Biz Musaya açıq-aşkar doqquz möcüzə verdik. İsrail oğullarından da soruş. Musa onların yanına gəldiyi zaman Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”, - demişdi.
(İsra surəsi, 101)
- Musa belə cavab vermişdi: “Şübhəsiz, sən də bilirsən ki, bunları göylərin və yerin Rəbbi ibrət olaraq nazil etdi. Ey Firon, mən də sənin məhv olduğunu düşünürəm!”
(İsra surəsi, 102)
- Firon onları ölkədən çıxartmaq istədi. Ona görə də Biz onu və onunla birlikdə olanların hamısını (dənizdə) boğduq.
(İsra surəsi, 103)
- Bundan sonra İsrail oğullarına: “Siz o yerdə məskunlaşın! Vəd olunan axirət gəlib çatdığı zaman sizin hamınızı bir yerə yığacağıq”, - dedik.
(İsra surəsi, 104)
- Biz onu haqq olaraq nazil etdik, o da haqq ilə nazil oldu. Səni də yalnız müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərdik.
(İsra surəsi, 105)
- Quranı insanlara yavaş-yavaş oxuyasan deyə, onu hissələrə (ayələrə və surələrə) ayırdıq və tədriclə nazil etdik.
(İsra surəsi, 106)
- De: “İstər ona inanın, istər inanmayın! Doğrusu, daha əvvəl elm (kitab) verilmiş kimsələrə o (Quran) oxunduğu zaman dərhal çənələri üstə düşüb səcdə edirlər.
(İsra surəsi, 107)
- Və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” - deyərlər.
(İsra surəsi, 108)
- Ağlayaraq üzüstə səcdəyə qapanarlar və (Quran) onların xüşusunu (Allaha bağlılıqlarını) daha da artırar.
(İsra surəsi, 109)
- De: “İstər Allaha, istərsə də Rəhmana dua edin; hansını deyib dua etsəniz olar. Çünki ən gözəl isimlər Ona məxsusdur”. Namaz qılarkən nə ucadan, nə də ürəyində oxu! O ikisinin arasında bir yol tut!
(İsra surəsi, 110)
- De: “Özünə heç bir övlad götürməyən, hakimiyyətində şəriki olmayan və acizlik səbəbilə bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!” və təkbir gətirərək Onun şanını uca tut!
(İsra surəsi, 111)