Bəqərə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əlif, Lam, Mim.
(Bəqərə surəsi, 1)
- Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır.
(Bəqərə surəsi, 2)
- O kəslər ki, qeybə (Allaha, mələklərə və axirət gününə) inanır, namazı qılır və onlara verdiyimiz ruzidən infaq edirlər.
(Bəqərə surəsi, 3)
- O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə iman edir, axirətə də şəksiz-şübhəsiz inanırlar.
(Bəqərə surəsi, 4)
- Onlar Rəbbi tərəfindən göstərilən doğru yoldadırlar. (Cəhənnəm əzabından) xilas olanlar da məhz onlardır.
(Bəqərə surəsi, 5)
- Həqiqətən, inkar edənləri xəbərdar etsən də, etməsən də, onlar üçün birdir. Onlar iman etməzlər.
(Bəqərə surəsi, 6)
- Allah onların qəlbini və qulaqlarını möhürləmiş, gözlərini də pərdələmişdir. Onlar üçün böyük bir əzab vardır.
(Bəqərə surəsi, 7)
- İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, - deyirlər.
(Bəqərə surəsi, 8)
- Onlar, (özlərinə görə guya) Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadır və bunu dərk etmirlər.
(Bəqərə surəsi, 9)
- Onların qəlbində xəstəlik (küfr, nifaq) vardır. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 10)
- Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!” - deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” - deyərlər.
(Bəqərə surəsi, 11)
- Bilin ki, əsil fitnə-fəsad törədənlər onlardır. Lakin bunu dərk etmirlər.
(Bəqərə surəsi, 12)
- Onlara: “İnsanlar iman etdiyi kimi siz də iman edin!” - deyildiyi zaman: “Biz də səfehlər kimi iman edək?” - dedilər. Bilin ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər.
(Bəqərə surəsi, 13)
- Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman etmişik”, - deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, - deyərlər.
(Bəqərə surəsi, 14)
- (Əslində) Allah onlara istehza edir və azğınlıqları içində çaşqın bir vəziyyətdə qalmaları üçün onlara möhlət verir.
(Bəqərə surəsi, 15)
- Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların ticarəti xeyir gətirmədi və onlar doğru yolu tapmadılar.
(Bəqərə surəsi, 16)
- Onların (münafiqlərin) halı (qaranlıqda) od qalayan kimsənin halına bənzəyir. Alov ətrafındakıları işıqlandırdığı zaman Allah onların çırağını söndürər və onları heç nə görə bilməyəcəkləri qaranlıqlarda qoyar.
(Bəqərə surəsi, 17)
- Onlar kar, lal və kordurlar. Buna görə də (doğru yola) qayıtmazlar.
(Bəqərə surəsi, 18)
- Yaxud (onların halı) göydən yağan, içində qaranlıqlar, göy gurultusu və şimşək olan yağışa (tutulmuş kimsələrin halına) bənzəyir. Onlar ildırımın səsindən ölüm qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah (elmi və qüdrəti ilə) inkar edənləri əhatələmişdir.
(Bəqərə surəsi, 19)
- Az qalır ki, ildırım onların gözlərini kor etsin. Şimşək onların yolunu işıqlandırdığı zaman yeriyər, qaranlıq çökdükdə isə dayanarlar. Əgər Allah istəsəydi, şübhəsiz ki, onların eşitmə və görmə qabiliyyətlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 20)
- Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin ki, bəlkə (Allahın əzabından) qorunmuş olasınız!
(Bəqərə surəsi, 21)
- O Allah sizin üçün yer üzünü döşədi, göyü də tavan olaraq yaratdı. O, göydən yağış endirdi və onunla sizin üçün ruzi olan müxtəlif meyvələr yetişdirdi. Elə isə, bilə-bilə Allaha şərik qoşmayın!
(Bəqərə surəsi, 22)
- Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiklərimiz barədə şübhəniz varsa, siz də onun kimi bir surə gətirin! Əgər (iddianızda) haqlısınızsa, onda Allahdan başqa bütün şahidlərinizi də çağırın!
(Bəqərə surəsi, 23)
- Əgər bunu bacarmırsınızsa, - heç bacara da bilməzsiniz - onda yanacağı insanlar və daşlar olan, inkar edənlər üçün hazırlanmış oddan çəkinin!
(Bəqərə surəsi, 24)
- İman edib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ! Onlara hər dəfə oradan bir ruzi verildikdə: “Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər. Halbuki (dünyada) onlara bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcə də var. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 25)
- Şübhəsiz ki, Allah ağcaqanadı və (kiçiklikdə və ya böyüklükdə) ondan da üstününü misal verməkdən çəkinməz. İman edənlər onun Rəbbindən gələn bir həqiqət olduğunu bilirlər. İnkar edənlər isə: “Allah bu misalı verərək nə demək istəyir?” - deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salar, bir çoxlarını da hidayətə yönəldər. O, bununla yalnız fasiqləri zəlalətə salar.
(Bəqərə surəsi, 26)
- Allahla əhd bağladıqdan sonra o əhdi pozan, Allahın birləşdirilməsini əmr etdiklərini kəsən və yer üzündə fitnə-fəsad törədənlər əsil ziyana uğrayanlardır.
(Bəqərə surəsi, 27)
- Siz ölü ikən sizi dirildən (yoxdan yaradan) Allahı necə inkar edirsiniz? O sizi yenə öldürəcək, sonra yenə dirildəcək, sonra da Onun hüzuruna qaytarılacaqsınız.
(Bəqərə surəsi, 28)
- Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya yönələrək onu yeddi qat göy halında tənzimləyən Odur. O, hər şeyi biləndir.
(Bəqərə surəsi, 29)
- (Ey elçi!) Vaxtilə sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - demişdi. Onlar belə demişdilər: “Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz Sənə şükür edərək şəninə təriflər deyir və Səni müqəddəs tuturuq!” Allah: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm”, - demişdi.
(Bəqərə surəsi, 30)
- Allah Adəmə hər şeyin adını öyrətdi. Sonra onları mələklərə göstərərək: “Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!” - dedi.
(Bəqərə surəsi, 31)
- Mələklər dedi: “Sən bütün nöqsanlardan uzaqsan! Biz Sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, Sən hər şeyi bilənsən, hikmət sahibisən!”
(Bəqərə surəsi, 32)
- Allah dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” Adəm mələklərə onların adlarını bildirdiyi zaman Allah dedi: “Sizə demədimmi ki, Mən göylərin və yerin qeybini, eləcə də sizin gizlətdiklərinizi və aşkar etdiklərinizi bilirəm?!”
(Bəqərə surəsi, 33)
- Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və inkar edənlərdən oldu.
(Bəqərə surəsi, 34)
- Biz dedik: “Ey Adəm, zövcən (Həvva) ilə cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin! Ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
(Bəqərə surəsi, 35)
- Lakin şeytan onları çaşdırdı və məskunlaşdıqları yerdən (cənnətdən) çıxartdı. Biz də: “Bir-birinizə düşmən olaraq yer üzünə enin və müəyyən bir vaxta qədər orada yaşayıb dolanın!” - dedik.
(Bəqərə surəsi, 36)
- Nəhayət, Adəm Rəbbindən (tövbə etmək üçün xüsusi) sözlər öyrəndi. Allah da onun tövbəsini qəbul etdi. Həqiqətən, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.
(Bəqərə surəsi, 37)
- Biz dedik: “Hamınız oradan (cənnətdən) enin! Sizə Mənim tərəfimdən bir hidayət rəhbəri gəldikdən sonra kim ona tabe olarsa, onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
(Bəqərə surəsi, 38)
- İnkar edən olub ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 39)
- Ey İsrail oğulları, sizə bəxş etdiyim nemətimi yada salın! Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum. Yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 40)
- Sizin əlinizdəkini təsdiqləyici olaraq göndərdiyimə (Qurana) iman edin və onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi dəyər-dəyməzinə satmayın və yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 41)
- Bilə-bilə haqqı batillə örtərək həqiqəti gizlətməyin!
(Bəqərə surəsi, 42)
- Namazı qılın, zəkatı verin və rüku edənlərlə birlikdə rüku edin!
(Bəqərə surəsi, 43)
- Kitabı oxuduğunuz halda insanlara yaxşı işlər görmələrini əmr edib özünüzü unudursunuzmu? Məgər düşünmürsünüz?
(Bəqərə surəsi, 44)
- Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, bu (səbir və namaz), xüşu ilə itaət edənlərdən başqasına ağır gələr.
(Bəqərə surəsi, 45)
- Bunlar o kəslərdir ki, Rəbbinə qovuşacaqlarına və Ona dönəcəklərinə inanırlar.
(Bəqərə surəsi, 46)
- Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi (vaxtilə) aləmlərdən (digər insanlardan) üstün tutduğumu yada salın!
(Bəqərə surəsi, 47)
- Heç kimin başqasının əvəzinə bir şey ödəyə bilməyəcəyi, heç kəsdən şəfaət qəbul olunmayacağı və heç kimdən (günahlarının yerinə) fidyə (əvəz) alınmayacağı o gündən qorxun! Onlara heç bir köməklik göstərilməyəcəkdir.
(Bəqərə surəsi, 48)
- (Ey İsrail oğulları!) Vaxtilə sizə ağır işgəncələr verən, oğlan uşaqlarınızı kəsərək öldürüb qadınlarınızı sağ buraxan Firon əhlinin əlindən sizi xilas etmişdik. Bu, sizin üçün Rəbbiniz tərəfindən böyük bir imtahan idi.
(Bəqərə surəsi, 49)
- O zaman sizin üçün dənizi yardıq və sizi xilas etdik. Fironun adamlarını isə gözünüzün qabağında suda boğduq.
(Bəqərə surəsi, 50)
- Xatırlayın ki, Musa ilə (Tur dağında vəhy üçün) qırx gecəliyinə sövdələşmişdik. O getdikdən sonra siz haqsızlıq edərək buzovu ilah qəbul etdiniz.
(Bəqərə surəsi, 51)
- Ondan sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 52)
- O zaman Biz Musaya Kitabı və Furqanı (haqqı batildən ayıran hökmləri) verdik ki, bəlkə doğru yola yönələsiniz.
(Bəqərə surəsi, 53)
- O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və nəfsinizi öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.
(Bəqərə surəsi, 54)
- Bir zaman siz: “Ey Musa, Allahı açıq-aşkar görməyincə əsla sənə inanmayacağıq!” - demişdiniz. O anda gözünüz görə-görə sizi ildırım vurmuşdu.
(Bəqərə surəsi, 55)
- Ölümünüzdən sonra sizi yenidən diriltdik ki, bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 56)
- (Tih səhrasında) üstünüzə buludla kölgə saldıq. Sizə qüdrət halvası və bildirçin göndərdik. Ruzi olaraq verdiklərimizin təmiz olanlarından yeyin! Onlar Bizə deyil, özlərinə zülm edirdilər.
(Bəqərə surəsi, 57)
- Vaxtilə (yəhudilərə) belə demişdik: “Bu kəndə girin və bəyəndiyiniz yerdə, istədiyinizdən bol-bol yeyin! Qapısından da (Allaha) səcdə edərək daxil olun və: “Hittə!” (Bizi bağışla!) – deyin ki, Biz də sizin günahlarınızı bağışlayaq!” Yaxşı işlər görənlər üçün (mükafatlarını) artıracağıq.
(Bəqərə surəsi, 58)
- Zülm edənlər onlara deyilən sözü başqa bir sözlə (“hittə” sözünü “buğda” mənasına gələn “hintə” sözü ilə) dəyişdirdilər. Biz də o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik.
(Bəqərə surəsi, 59)
- Vaxtilə Musa öz qövmü üçün su istəmiş, Biz də: “Əsan ilə daşa vur!” - demişdik. Beləcə, oradan on iki çeşmə fışqırmış və hər qəbilə öz çeşməsini tanımışdı. (Biz onlara belə demişdik:) “Allahın verdiyi ruzidən yeyin-için və yer üzündə həddinizi aşaraq fitnə-fəsad törətməyin!”
(Bəqərə surəsi, 60)
- Bir zaman siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən - tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” - demişdiniz. Musa demişdi: “Xeyirli olanı daha az dəyəri olanlamı dəyişdirmək istəyirsiniz? Elə isə şəhərə gedin! Çünki sizin istədikləriniz orada vardır”. Beləcə, onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə gəldilər. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edir, elçiləri haqsız yerə öldürür və (Allaha) asi olub həddi aşırdılar.
(Bəqərə surəsi, 61)
- Şübhəsiz ki, (əvvəlki elçilərə) iman edənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman edib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 62)
- Vaxtilə sizdən əhd almışdıq və dağı sizin üzərinizə qaldırıb: “Sizə göndərdiyimizi möhkəm tutun və içindəkiləri unutmayın ki, bəlkə (günahlardan) qorunasınız”, - demişdik.
(Bəqərə surəsi, 63)
- Bundan sonra siz (əhdinizdən) döndünüz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, həqiqətən, zərərçəkənlərdən olardınız.
(Bəqərə surəsi, 64)
- Şübhəsiz ki, içinizdən şənbə günü həddi aşanları da bilmişdiniz. Biz də onlara: “Həqir meymunlar olun!” - dedik.
(Bəqərə surəsi, 65)
- Biz bunu o dövrdəkilər və sonradan gələnlər üçün ibrət, müttəqilər üçün də nəsihət olsun deyə etdik.
(Bəqərə surəsi, 66)
- Vaxtilə Musa öz qövmünə: “Allah sizə bir inək kəsməyinizi əmr edir!” - demişdi. Onlar: “Bizi məsxərəyəmi qoyursan?” - dedilər. Musa: “Cahillərdən olmaqdan Allaha sığınıram!” - dedi.
(Bəqərə surəsi, 67)
- Onlar isə belə dedilər: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun nə oduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan bir inəkdir. Bu ikisinin arasında bir düyədir. Sizə əmr olunanı yerinə yetirin!”
(Bəqərə surəsi, 68)
- Onlar: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun rəngini bizə bildirsin!” - dedilər. Musa dedi: “Allah buyurur ki, o, tünd sarı rəngli və baxanlara xoş gələn bir inəkdir”.
(Bəqərə surəsi, 69)
- Onlar belə dedilər: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun nə cür olduğunu bizə yaxşı-yaxşı izah etsin! Çünki biz inəkləri bir-birinə bənzədirik. Əgər Allah diləsə, əlbəttə, biz doğru yolu taparıq”.
(Bəqərə surəsi, 70)
- Musa dedi: “Allah buyurur ki, o, boyunduruq götürməyən, yer sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz bir inəkdir”. (Bu zaman) onlar: “İndi həqiqəti söylədin”, - dedilər. Beləcə, onu (inəyi tapıb) kəsdilər. Az qala bunu etməyəcəkdilər.
(Bəqərə surəsi, 71)
- Vaxtilə bir nəfəri öldürüb onun (qatili) barəsində mübahisə etmişdiniz. Allah gizlətdiyinizi üzə çıxarandır.
(Bəqərə surəsi, 72)
- Buna görə də Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (ölüyə) vurun!” – demişdik. Allah ölüləri belə dirildər və sizə Öz möcüzələrini göstərər ki, bəlkə dərk edəsiniz.
(Bəqərə surəsi, 73)
- Bundan sonra qəlbiniz daş kimi qatılaşdı, hətta daha da sərt oldu. Həqiqətən, bəzi daşların içərisindən çaylar axar, bəzisi yarılıb içindən su fışqırar, bəzisi də Allah qorxusundan yuvarlanıb düşər. Allah etdiklərinizdən qafil deyildir.
(Bəqərə surəsi, 74)
- İndi onların sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki, onların içində elələri vardı ki, Allahın kəlamını dinləyib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər.
(Bəqərə surəsi, 75)
- Onlar iman edənlərlə qarşılaşdıqları zaman: “İman etdik”, - deyirdilər. Xəlvətdə olduqlarında isə bir-birlərinə belə deyirdilər: “Allahın sizə bildirdiyini onlara xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? Heç düşünmürsünüzmü?”
(Bəqərə surəsi, 76)
- Onlar bilmirlərmi ki, Allah onların gizlində və aşkarda etdiklərini bilir?!
(Bəqərə surəsi, 77)
- Onların içində kitabı bilməyən savadsızlar da var ki, onların bildikləri yalnız ucdan-qulaqdan eşitdikləridir. Onlar yalnız zənnin arxasınca gedirlər.
(Bəqərə surəsi, 78)
- Öz əlləri ilə kitab yazıb sonra da onunla bir az pul əldə etmək üçün: “Bu, Allah dərgahındandır!” - deyənlərin vay halına! Öz əlləri ilə yazdıqlarına görə onların vay halına! Qazandıqlarına görə də onların vay halına!
(Bəqərə surəsi, 79)
- Onlar: “Cəhənnəm odu bir neçə gündən artıq bizə toxunmayacaq!” – dedilər. De ki: “Allahdan bir vəd almısınız? Əgər elədirsə, Allah heç vaxt Öz vədindən dönməz. Yoxsa Allah haqqında bilmədiyiniz şeylərmi söyləyirsiniz?”
(Bəqərə surəsi, 80)
- Bəli, kim günah qazanar və qazandığı günahlar onu bürüyərsə, onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 81)
- İman edib yaxşı işlər görənlər isə cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 82)
- Bir zaman İsrail oğullarından: “Allahdan başqasına ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin! İnsanlarla xoş danışın! Namazı qılın, zəkatı verin!” – deyə əhd almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib (vədinizdən) döndünüz.
(Bəqərə surəsi, 83)
- Vaxtilə sizdən: “Bir-birinizin qanını tökməyin və bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə əhd almışdıq. Sonra şahidlik edərək (bu əhdi) təsdiqlədiniz.
(Bəqərə surəsi, 84)
- Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba düçar olacaqlar. Allah etdiklərinizdən qafil deyil.
(Bəqərə surəsi, 85)
- Onlar axirəti dünya həyatına dəyişən kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.
(Bəqərə surəsi, 86)
- Şübhəsiz, Biz Musaya kitabı verdik. Ondan sonra da elçilər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Hər dəfə bir elçi ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?! Onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz.
(Bəqərə surəsi, 87)
- Onlar belə dedilər: “Bizim qəlbimiz örtülüdür (qapalıdır)”. Xeyr, Allah küfrlərinə görə onları lənətləmişdir. Buna görə də onların yalnız az bir qismi iman edər.
(Bəqərə surəsi, 88)
- Daha əvvəl inkar edənlərə qələbə çalmaq üçün (Allaha) yalvardıqları halda, onlara Allah tərəfindən əllərindəkini təsdiqləyən bir kitab gəlib bildikləri həqiqətlərlə qarşılaşdıqları zaman onu inkar etdilər. Allahın lənəti inkar edənlərin üzərinə olsun!
(Bəqərə surəsi, 89)
- Allahın Öz bəndələrindən istədiyinə lütf etməsinə həsəd aparıb Onun göndərdiyini inkar edərək, uğuruna özlərini satdıqları şey nə qədər də pisdir! Beləcə, onlar qəzəb üstünə qəzəbə düçar oldular. İnkar edənlər üçün zəlil edici bir əzab vardır.
(Bəqərə surəsi, 90)
- Onlara: “Allahın nazil etdiyinə iman edin!” - deyildiyi zaman onlar: “Biz özümüzə nazil olana iman edirik”, - deyirlər və ondan başqasını inkar edirlər. Halbuki o, onların əllərindəkini təsdiqləyən həqiqətdir. De ki: “Əgər həqiqətən iman etmişdinizsə, bəs nə üçün əvvəllər Allahın elçilərini öldürürdünüz?”
(Bəqərə surəsi, 91)
- Musa sizə açıq-aydın dəlillər gətirmişdi. Ondan (Musa Tur dağına getdikdən) sonra haqsızlıq edərək buzova sitayiş etdiniz.
(Bəqərə surəsi, 92)
- Vaxtilə sizdən əhd alıb dağı üstünüzə qaldıraraq: “Sizə verdiyimizdən möhkəm yapışın, (oradakı hökmləri) dinləyin!” - demişdik. Onlar isə: “Eşitdik və qarşı çıxdıq!” - demişdilər. Küfrləri səbəbilə qəlbini buzov sevgisi bürümüşdü. De ki: “Əgər iman etmisinizsə, imanınızın sizə onu əmr etməsi necə də pisdir!”
(Bəqərə surəsi, 93)
- De: “Əgər Allah yanındakı axirət yurdu (cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və doğru deyirsinizsə, onda ölümü arzulayın!”
(Bəqərə surəsi, 94)
- Onlar etdikləri əməllərə (qazandıqları günahlara) görə ölümü əsla arzulamazlar. Allah zalımları çox yaxşı tanıyır.
(Bəqərə surəsi, 95)
- Sən onların yaşamaq üçün bütün insanlardan, hətta müşriklərdən belə daha çox həris olduqlarını görərsən. Onlardan hər biri min il yaşamaq istəyər. Halbuki uzun ömür verilməsi onların heç birini əzabdan uzaqlaşdırmaz. Allah onların etdiklərini görür.
(Bəqərə surəsi, 96)
- De: “Cəbrailə düşmən olan kəs bilsin ki, onu (Quranı), ondan əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün də hidayət və müjdəçi kimi Allahın izni ilə sənin qəlbinə nazil edən Odur!”
(Bəqərə surəsi, 97)
- Kim Allaha, mələklərinə, elçilərinə, Cəbrailə və Mikailə düşmən olarsa, bilsin ki, Allah inkar edənlərin düşmənidir.
(Bəqərə surəsi, 98)
- Şübhəsiz ki, Biz sənə açıq-aydın ayələr nazil etdik. Onları yalnız fasiqlər inkar edərlər.
(Bəqərə surəsi, 99)
- Onlar hər dəfə əhd bağladıqlarında onların bir qismi onu pozmadımı?! Əslində, onların çoxu inanmır.
(Bəqərə surəsi, 100)
- Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldiyi zaman kitab verilənlərdən bir qismi bilmirmiş kimi Allahın kitabına arxa çevirdilər.
(Bəqərə surəsi, 101)
- Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə inkar edən olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək inkar edən oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də inkar edən olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər!
(Bəqərə surəsi, 102)
- Əgər onlar iman edib təqva sahibi olsaydılar, Allah tərəfindən verilən mükafat şübhəsiz ki, daha xeyirli olardı. Kaş bunu biləydilər.
(Bəqərə surəsi, 103)
- Ey iman edənlər! “Raina” (bizə qayğı göstər) deməyin! “Unzurna” (Bizə bax) deyin! Siz (Allahın hökmünə) qulaq asın! inkar edənlər üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 104)
- Nə əhli-kitabdan olan inkar edənlər, nə də müşriklər Rəbbinizdən sizə bir xeyir göndərilməsini istəyərlər. Halbuki Allah Öz rəhmətini dilədiyi kimsəyə məxsus edər. Allah böyük lütf sahibidir.
(Bəqərə surəsi, 105)
- Biz hər hansı bir qanunu (şəriəti) qüvvədən salar və ya unutdurarıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətirərik. Bilmirsənmi ki, Allah hər şeyə qadirdir?!
(Bəqərə surəsi, 106)
- Göylərin və yerin hökmranlığının Allaha məxsus olduğunu və sizin Allahdan başqa heç bir himayəçinizin və yardımçınızın olmadığını bilmirsənmi?
(Bəqərə surəsi, 107)
- Yoxsa daha əvvəl Musadan tələb olunduğu kimi siz də Peygəmbərinizdən (müəyyən şeylər) tələb etmək istəyirsiniz? Kim imanı küfrə dəyişərsə, həqiqətən, o, doğru yoldan azmış olar.
(Bəqərə surəsi, 108)
- Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra da həsədləri səbəbilə imanınızdan sonra sizi küfrə qaytarmaq istəyər. Elə isə, Allah Öz əmrini göndərənə qədər (onları) əfv edin və qınamayın! Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 109)
- Namazı qılın, zəkatı verin! Özünüz üçün öncədən hazırlayıb göndərdiyiniz hər bir yaxşı əməli (yaxşı əməlin mükafatını) Allah yanında tapacaqsınız. Həqiqətən, Allah etdiklərinizi görəndir.
(Bəqərə surəsi, 110)
- Onlar: “Yəhudi və ya xaçpərəstdən başqası əsla cənnətə girməyəcək!” - dedilər. Bu, onların boş xülyalarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
(Bəqərə surəsi, 111)
- Xeyr (elə deyil)! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, onun Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 112)
- Yəhudilər: “Xaçpərəstlərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Xaçpərəstlər də: “Yəhudilərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Halbuki onlar kitabı (Tövrat və İncili) oxuyurlar. Elmi olmayanlar da onların danışdığı kimi danışdılar. Allah qiyamət günü ixtilafa düşdükləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
(Bəqərə surəsi, 113)
- Allahın məscidlərində Onun adının çəkilməsinə mane olan və onların xarabalığa dönməsinə cəhd edəndən daha zalım kim ola bilər?! Halbuki onlar ora (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!
(Bəqərə surəsi, 114)
- Şərq də, Qərb də Allahındır. Ona görə də hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 115)
- Onlar: “Allah Özünə övlad götürmüşdür”, - dedilər. O, pakdır (bu kimi sifətlərdən uzaqdır). Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Hər bir şey Ona itaət edir.
(Bəqərə surəsi, 116)
- Allah göyləri və yeri yoxdan yaradandır. Bir şeyin olmasını istəyən zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.
(Bəqərə surəsi, 117)
- Cahillər isə: “Allah bizimlə danışmalı, yaxud bizə bir ayə gəlməli deyildimi?” - dedilər. Onlardan əvvəlkilər də onların sözlərinə bənzər şeylər demişdilər. Onların qəlbi bir-birinə bənzəyir. Yəqinliklə iman edən kimsələrə ayələri (dəlilləri) açıq-aydın bəyan etmişik.
(Bəqərə surəsi, 118)
- Biz səni müjdələyən və xəbərdar edən bir elçi olaraq haqq ilə göndərdik. Cəhənnəm əhli barəsində isə sorğu-suala tutulmayacaqsan.
(Bəqərə surəsi, 119)
- Onların dininə tabe olmayınca yəhudi və xaçpərəstlər səndən əsla razı qalmayacaqlar. De ki: “Həqiqətən, Allahın göstərdiyi yol əsil doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyan nə bir dost, nə də bir köməkçi tapılar.
(Bəqərə surəsi, 120)
- Kitab verdiyimiz kimsələr onu layiqincə oxuyarlar. Onlar ona iman edərlər. Kim onu inkar edərsə, əsil ziyana uğrayanlar məhz onlardır.
(Bəqərə surəsi, 121)
- Ey İsrail oğulları! Sizə verdiyim nemətimi və (bir vaxtlar) sizi aləmlərdən (digər insanlardan) üstün etdiyimi yada salın!
(Bəqərə surəsi, 122)
- Heç kəsin başqası üçün bir şey ödəyə bilməyəcəyi, fidyənin qəbul edilməyəcəyi, şəfaətin heç kimə fayda verməyəcəyi və heç bir köməkliyin göstərilməyəcəyi bir gündən (axirət günündən) qorxun!
(Bəqərə surəsi, 123)
- Vaxtilə Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi: “Mən səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm!” (İbrahim:) “Nəslimdən də (dini rəhbərlər təyin et)!” - dedi. Allah: “Zalımlar Mənim əhdimə nail ola bilməzlər”, - buyurdu.
(Bəqərə surəsi, 124)
- Vaxtilə evi (Kəbəni) insanlar üçün savab qazanma və əmin-amanlıq yeri etmişdik. Siz də İbrahimin dayandığı yeri (özünüz üçün) namazgah edin! İbrahimə və İsmailə: “Evimi (Kəbəni) təvaf edən, özünü ibadətə həsr edən (etikafda olan), rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əmr etmişdik.
(Bəqərə surəsi, 125)
- O zaman İbrahim demişdi: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi: “İnkar edənləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!”
(Bəqərə surəsi, 126)
- Bir zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaldırdılar (və belə dua edirdilər:) “Ey Rəbbimiz, bizdən (bunu) qəbul et! Şübhəsiz ki, Sən hər şeyi eşidənsən, bilənsən!
(Bəqərə surəsi, 127)
- Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə (həcc üçün) ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən.
(Bəqərə surəsi, 128)
- Ey Rəbbimiz! Onların içərisindən özlərinə Sənin ayələrini oxuyan, onlara kitabı və hikməti öyrədən və onları (günahlardan) təmizləyən bir elçi göndər! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən”.
(Bəqərə surəsi, 129)
- Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz, o, axirətdə də əməlisalehlərdən olacaqdır.
(Bəqərə surəsi, 130)
- Rəbbi ona: “Təslim ol!” – deyən zaman, o: “Aləmlərin Rəbbinə təslim oldum!” - demişdi.
(Bəqərə surəsi, 131)
- İbrahim və Yaqub da: “Ey övladlarım, həqiqətən, Allah sizin üçün bu dini seçmişdir. Ona görə də ancaq müsəlman olaraq can verin!” – deyərək bunu öz övladlarına vəsiyyət etdilər.
(Bəqərə surəsi, 132)
- İbrahim bunu övladlarına vəsiyyət etdi və Yaqub da belə bir vəsiyyət edərək dedi: “Övladlarım, şübhəsiz ki, Allah sizin üçün bu dini seçdi, siz ancaq müsəlman olaraq can verin.”
(Bəqərə surəsi, 133)
- Onlar gəlib keçmiş bir ümmət idi. Onların qazandıqları özlərinə, sizin qazandıqlarınız da sizə aiddir. Siz onların gördüyü işlərdən hesaba çəkilməyəcəksiniz.
(Bəqərə surəsi, 134)
- Onlar: “Doğru yolda olmaq üçün yəhudi və ya xaçpərəst olun!” - dedilər. De: “Əksinə, biz hənif olan (Allaha şərik qoşmayan) İbrahimin dinindəyik. O, Allaha şərik qoşanlardan deyildi”.
(Bəqərə surəsi, 135)
- Belə deyin: “Allaha və bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən elçilərə verilənlərə iman etmişik. Onlardan heç biri arasında fərq qoymuruq və biz Ona (Allaha) təslim olanlarıq!”
(Bəqərə surəsi, 136)
- Əgər onlar sizin iman etdiyiniz kimi iman etsələr, əlbəttə, doğru yolda olarlar. Əgər üz döndərsələr, həqiqətən, ixtilafa düşərlər. Onlara qarşı Allah sənə kifayət edər. O hər şeyi eşidəndir, biləndir.
(Bəqərə surəsi, 137)
- (Ey möminlər, deyin ki:) Allahın rəngi (ilə boyandıq)! Allahdan daha gözəl rəngi olan kimdir?! Biz yalnız Ona ibadət edənlərik.
(Bəqərə surəsi, 138)
- De: “Allah haqqında bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona təslim olanlarıq”.
(Bəqərə surəsi, 139)
- Yoxsa İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarının yəhudi, yaxud xaçpərəst olduqlarınımı deyirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən bildirilən bu şahidliyi (dəlili) gizlədən kimsədən daha zalım kim ola bilər? Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
(Bəqərə surəsi, 140)
- Onlar gəlib keçmiş bir ümmət idi. Onların qazandıqları özlərinə, sizin qazandıqlarınız isə sizə aiddir. Siz onların gördüyü işlərdən hesaba çəkilməyəcəksiniz.
(Bəqərə surəsi, 141)
- Səfehlər: “Onları (müsəlmanları) üz tutduqları qiblələrindən döndərən nədir”? - deyəcəklər. De ki: “Şərq də, Qərb də Allahındır. O, dilədiyini doğru yola yönəldər”.
(Bəqərə surəsi, 142)
- Beləliklə, sizi insanlara şahid olasınız və elçi də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni (Kəbəni) yalnız ona görə təyin etdik ki, elçiyə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir.
(Bəqərə surəsi, 143)
- (Ey elçi!) Üzünün göyə tərəf çevrildiyini görürük. Ona görə də səni mütləq razı qalacağın qibləyə döndərəcəyik. Üzünü Məscidi-harama (Kəbəyə) tərəf çevir! (Ey müsəlmanlar!) Siz də harada olsanız, üzünüzü ona tərəf çevirin! Şübhəsiz, kitab verilənlər onun özlərinin Rəbbi tərəfindən gələn həqiqət olduğunu yaxşı bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.
(Bəqərə surəsi, 144)
- Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar (yönəlməzlər). Sən də onların qibləsinə tabe olan deyilsən. Onlar özləri də bir-birinin qibləsinə tabe olan deyillər. Əgər sənə gələn elmdən sonra onların arzularına uysan, o zaman sən zalımlardan olarsan.
(Bəqərə surəsi, 145)
- Kitab verdiyimiz kimsələr onu öz övladlarını tanıdıqları kimi tanıyırlar. Ancaq onların bir qismi həqiqəti bilə-bilə gizlədir.
(Bəqərə surəsi, 146)
- Həqiqət sənin Rəbbindən gələndir. Odur ki, şübhə edənlərdən olma!
(Bəqərə surəsi, 147)
- Hər kəsin üz tutduğu bir istiqamət (qiblə) vardır. Elə isə, yaxşı işlər görməkdə yarışın! Harada olursunuz olun, (axirətdə) Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 148)
- Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidi-harama (Kəbəyə) tərəf çevir! Çünki bu, Rəbbindən gələn həqiqətdir. Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
(Bəqərə surəsi, 149)
- Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidi-harama tərəf çevir! Siz də harada olsanız, üzünüzü o tərəfə çevirin ki, zalımlar (inadkarlar) istisna olmaqla insanların əlində sizin əleyhinizə bir dəlil olmasın. Onlardan qorxmayın! Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz haqq yolu tapasınız.
(Bəqərə surəsi, 150)
- Həmçinin öz içinizdən ayələrimizi sizə oxuyan, sizi təmizləyən, Kitabı (Quranı) və hikməti, eləcə də bilmədiklərinizi sizə öyrədən bir elçi göndərdik.
(Bəqərə surəsi, 151)
- Məni xatırlayın ki, mən də sizi xatırlayım! Mənə şükür edin və Məni inkar etməyin!
(Bəqərə surəsi, 152)
- Ey iman edənlər! Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, Allah səbir edənlərlədir.
(Bəqərə surəsi, 153)
- Allah yolunda öldürülənlərə “ölülər” deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz.
(Bəqərə surəsi, 154)
- Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver!
(Bəqərə surəsi, 155)
- Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər.
(Bəqərə surəsi, 156)
- Onları Rəbbi tərəfindən məğfirət və rəhmət gözləyir. Məhz onlar doğru yolda olanlardır.
(Bəqərə surəsi, 157)
- Həqiqətən, Səfa və Mərvə təpələri Allahın nişanələrindəndir. Kim Allahın evinə həccə, yaxud ümrəyə gedərsə, onları təvaf etməsində ona heç bir günah yoxdur. Kim də könüllü olaraq yaxşı bir iş görərsə, şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 158)
- Kitabda insanlar üçün açıq-aydın dəlilləri və doğru yolu nazil edib bəyan etdikdən sonra onları gizlədənlərə Allah və (bütün) lənət edə bilənlər lənət edərlər.
(Bəqərə surəsi, 159)
- Ancaq tövbə edib özlərini islah edənlər və (haqqı) bəyan edənlər bundan istisnadır. Çünki onların tövbələrini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
(Bəqərə surəsi, 160)
- Allahın, mələklərin və bütün insanların lənəti inkar edən olub və bu cürə ölənlərə olsun!
(Bəqərə surəsi, 161)
- Onlar orada (cəhənnəmdə) əbədi qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.
(Bəqərə surəsi, 162)
- Sizin ilahınız tək olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. O, Rəhmandır, Rəhimdir!
(Bəqərə surəsi, 163)
- Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Bəqərə surəsi, 164)
- İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.
(Bəqərə surəsi, 165)
- O zaman (arxasınca gedilib) tabe olunanlar özlərinə tabe olanlardan uzaqlaşacaq, əzabı görəcək və aralarındakı əlaqə kəsiləcəkdir.
(Bəqərə surəsi, 166)
- Tabe olanlar isə belə deyəcəklər: “Əgər dünyaya qayıtmaq əlimizdə olsaydı, onlar (indi) bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq”. Beləcə, Allah onlara əməllərini peşmançılıqlarının səbəbi kimi göstərəcək və onlar cəhənnəmdən çıxa bilməyəcəklər.
(Bəqərə surəsi, 167)
- Ey insanlar! Yer üzündəki nemətlərin halal və təmiz olanlarından yeyin, şeytanın addımlarını izləməyin! Həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir.
(Bəqərə surəsi, 168)
- O sizə yalnız pisliyi, murdar işləri və Allah barəsində bilmədiyiniz şeylər söyləməyinizi əmr edər.
(Bəqərə surəsi, 169)
- Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyiləndə onlar: “Xeyr, biz atalarımızın yolunu izləyirik!” - deyərlər. Bəs, əgər ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?!
(Bəqərə surəsi, 170)
- İnkar edənlərin halı çığırtı və bağırtıdan başqa heç nə eşitməyənləri qışqıraraq səsləyən kimsənin halına bənzəyir. Onlar kar, lal və kordurlar. Buna görə də onlar dərk etməzlər.
(Bəqərə surəsi, 171)
- Ey iman edənlər, əgər yalnız Allaha ibadət edirsinizsə, sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin və Ona şükür edin!
(Bəqərə surəsi, 172)
- O sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilən heyvanın ətini qəti haram etmişdir. Lakin kim çarəsiz qalarsa, zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməsində ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Bəqərə surəsi, 173)
- Allahın kitabda nazil etdiklərini bir az mənfəət müqabilində gizlədənlər qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah nə onlarla danışar, nə də onları təmizə çıxarar. Onlar üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 174)
- Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə də əzabı satın almış kimsələrdir. Onlar oda qarşı necə də səbirlidirlər!
(Bəqərə surəsi, 175)
- Bu ona görədir ki, Allah kitabı haqq olaraq endirmişdir. Kitab barəsində ixtilafa düşənlər isə, həqiqətən, dərin bir ayrılıq içindədirlər.
(Bəqərə surəsi, 176)
- Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
(Bəqərə surəsi, 177)
- Ey iman edənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (qisas ala bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 178)
- Ey təmiz ağıl sahibləri, qisasda sizin üçün həyat vardır! Ola bilsin ki, siz pis əməllərdən çəkinəsiniz.
(Bəqərə surəsi, 179)
- Sizdən birinizə ölüm gəldiyi zaman bir xeyir (mal-mülk) qoyub gedəcəksə, valideynlərə və yaxın qohumlara adətə uyğun bir şəkildə vəsiyyət etməsi fərz edildi. Bu, təqva sahiblərinin borcudur.
(Bəqərə surəsi, 180)
- Kim onu (vəsiyyəti) eşitdikdən sonra dəyişdirərsə, onun günahı yalnız onu dəyişdirənlərədir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Bəqərə surəsi, 181)
- Kim vəsiyyət edənin haqsızlıq etməsindən və ya günaha girməsindən qorxub onların (varislərin) arasını düzəldərsə, ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
(Bəqərə surəsi, 182)
- Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz!
(Bəqərə surəsi, 183)
- (Oruc tutmaq) sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz!
(Bəqərə surəsi, 184)
- Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 185)
- Bəndələrim Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman edsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”.
(Bəqərə surəsi, 186)
- Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin libasınız, siz də onların libasısınız. Allah bilir ki, siz özünüzə pislik edirdiniz. Beləcə, O, tövbələrinizi qəbul edərək sizi bağışladı. İndi onlara yaxınlaşın və Allahın sizin üçün yazdığını istəyin! Dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın! Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunlar Allahın hüdudlarıdır. Onlara yaxınlaşmayın! Allah insanlara ayələrini belə izah edir ki, bəlkə günahlardan çəkinələr.
(Bəqərə surəsi, 187)
- Mallarınızı aranızda haqsızlıqla yeməyin və xalqın malından bir qismini bilə-bilə günah yolu ilə yemək üçün onu (malınızı) hakimlərə (rüşvət olaraq) verməyin!
(Bəqərə surəsi, 188)
- Səndən yeni doğan aylar (hilallar) barəsində soruşurlar. De ki: “Onlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə arxa tərəfdən girməyiniz deyildir. Yaxşı əməl pis işlərdən çəkinməkdir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!
(Bəqərə surəsi, 189)
- Sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun və həddi aşmayın! Şübhəsiz ki, Allah həddi aşanları sevmir.
(Bəqərə surəsi, 190)
- Onları (sizə qarşı vuruşanları) harada görsəniz öldürün! Sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidi-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün! İnkar edənlərin cəzası belədir.
(Bəqərə surəsi, 191)
- Əgər onlar buna son qoysalar (və müsəlman olsalar), bilsinlər ki, Allah bağışlayandır, rəhm edəndir.
(Bəqərə surəsi, 192)
- Fitnə aradan qalxana və din sırf Allaha məxsus olanadək onlarla vuruşun! Əgər onlar buna son qoysalar, (bilsinlər ki,) zülm edənlərdən başqasına düşmənçilik edilməyəcəkdir.
(Bəqərə surəsi, 193)
- Haram ay haram ay müqabilindədir. Haram olanlara (qadağalara) riayət etmək qarşılıqlıdır. Kim sizə qarşı həddi aşarsa, siz də həmin ölçüdə ona qarşı həddi aşın! Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.
(Bəqərə surəsi, 194)
- Allah yolunda infaq edin! Öz əllərinizlə özünüzü təhlükəyə atmayın! Yaxşılıq edin! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.
(Bəqərə surəsi, 195)
- Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür. Bu, ailəsi Məscidi-haram ətrafında yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 196)
- Həcc məlum olan aylardır. Kim o aylarda həcc etməyə niyyət edərsə, bilsin ki, həcdə qadınla yaxınlıq etmək, pis iş görmək və dalaşmaq olmaz. Etdiyiniz hər bir yaxşılığı Allah bilir. (Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun!
(Bəqərə surəsi, 197)
- (Həcc mövsümündə) Rəbbinizdən gələcək bir lütf (qazanc) axtarmağınız sizə günah deyildir. Ərəfatdan axın edib gəldiyiniz zaman Məşəri-haramda Allahı zikr edin! Sizə göstərdiyi şəkildə Onu zikr edin! Həqiqətən, siz bundan əvvəl zəlalətdə idiniz.
(Bəqərə surəsi, 198)
- Sonra insanların (sel kimi) axışıb gəldiyi yerdən siz də gəlin və Allahdan bağışlanmanızı diləyin! Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
(Bəqərə surəsi, 199)
- Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur.
(Bəqərə surəsi, 200)
- Onlardan eləsi də var ki: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” - deyər.
(Bəqərə surəsi, 201)
- Onlar üçün qazandıqlarından (axirətdə) bir pay (mükafat) vardır. Allah çox sürətli haqq-hesaba çəkəndir.
(Bəqərə surəsi, 202)
- Sayı bəlli olan günlərdə (Minada) Allahı zikr edin! Kim iki gün ərzində (Minadan qayıtmağa) tələsərsə, ona heç bir günah yoxdur. Kim yubanarsa, ona da heç bir günah yoxdur. Bu, təqva sahiblərinə aiddir. Allahdan qorxun və bilin ki, siz Onun hüzurunda toplanacaqsınız.
(Bəqərə surəsi, 203)
- İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır.
(Bəqərə surəsi, 204)
- (O, səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Allah fitnə-fəsadı sevməz.
(Bəqərə surəsi, 205)
- Ona: “Allahdan qorx!” – deyildikdə lovğalıq onu günaha vadar edər. Ona cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
(Bəqərə surəsi, 206)
- İnsanlardan eləsi də var ki, Allahın rizasını istəyərək öz canını verər. Allah bəndələrinə qarşı şəfqətlidir.
(Bəqərə surəsi, 207)
- Ey iman edənlər, bütövlüklə İslama daxil olun (İslamın bütün əmrlərini yerinə yetirin)! Şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir.
(Bəqərə surəsi, 208)
- Sizə açıq-aşkar dəlillər gəldikdən sonra əgər yenə haqq yoldan azsanız, bilin ki, Allah qüdrətlidir, hikmət sahibidir!
(Bəqərə surəsi, 209)
- Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə birlikdə gəlməsini və işin bitirilməsinimi (məhv edilmələrinimi) gözləyirlər? (Bütün) işlər Allaha qaytarılacaqdır.
(Bəqərə surəsi, 210)
- İsrail oğullarından soruş ki, Biz onlara nə qədər açıq dəlillər göndərdik. Allahın neməti gəldikdən sonra kim onu dəyişdirərsə, bilsin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 211)
- Dünya həyatı inkarçılar üçün bəzədilmişdir. Onlar isə iman edənlərə istehza edərlər. Ancaq müttəqilər qiyamət günündə onlardan üstün olacaqlar. Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verər.
(Bəqərə surəsi, 212)
- İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdarlıq edən elçilər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra aralarındakı kin ucbatından ixtilafa düşənlər kitab verilənlərdən başqası deyildi. Allah Öz izni ilə iman edənləri, onların (əhli-kitabın) ixtilafda olduqları həqiqətə yönəltdi. Allah dilədiyi kimsəni doğru yola yönəldər.
(Bəqərə surəsi, 213)
- Yoxsa sizdən əvvəl gəlib keçənlərin (başına gələnlərin) bənzəri sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara elə fəlakət və sıxıntı dəymiş və elə sarsılmışdılar ki, hətta elçi və onunla birlikdə iman edənlər: “Allahın köməyi nə zaman gələcəkdir?” - demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!
(Bəqərə surəsi, 214)
- Səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Malınızdan verəcəyiniz hər bir xeyir (sədəqə) ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz hər bir xeyirli işi biləndir.
(Bəqərə surəsi, 215)
- Xoşunuza gəlməsə də, cihad sizə fərz edildi. Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz.
(Bəqərə surəsi, 216)
- Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb inkar edən olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 217)
- Həqiqətən, iman edənlər və hicrət edib Allah yolunda cihad edənlər Allahın mərhəmətini ümid edirlər. Allah bağışlayandır, rəhm edəndir.
(Bəqərə surəsi, 218)
- Səndən içki (huşlandıran maddələr) və qumar haqqında soruşurlar. De: “Onlarda həm böyük günah, həm də insanlar üçün müəyyən faydalar vardır. Günahları isə faydalarından daha böyükdür”. Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz.
(Bəqərə surəsi, 219)
- Dünya və axirət barəsində (düşünün)! Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün (yaşayışlarını) yaxşılaşdırmaq daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah fitnə-fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Bəqərə surəsi, 220)
- İman etməyincə müşrik qadınlarla evlənməyin! Müşrik bir qadın xoşunuza gəlsə belə, mömin bir kəniz ondan daha yaxşıdır. Müşrik kişilərə də, iman edənə qədər (mömin qadınları) ərə verməyin! Müşrik bir kişi xoşunuza gəlsə belə, mömin bir kölə ondan daha yaxşıdır. Onlar (müşrik qadın və kişilər) cəhənnəmə çağırırlar. Allah isə Öz izni ilə cənnətə, məğfirətə çağırır və insanlar üçün ayələrini bəyan edir ki, bəlkə, düşünüb ibrət alalar.
(Bəqərə surəsi, 221)
- Səndən aybaşı barəsində də soruşurlar. De ki: “O, əziyyətli bir haldır. Aybaşı vaxtı qadınlardan uzaq durun və təmizlənənə qədər onlara yaxınlaşmayın! Təmizləndiklərində isə, Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın!” Şübhəsiz ki, Allah çox tövbə edənləri və təmizlənənləri sevir.
(Bəqərə surəsi, 222)
- Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi daxil olun! Özünüz üçün yaxşı əməllər hazırlayın! Allahdan qorxun və bilin ki, siz Ona qovuşacaqsınız. Möminlərə müjdə ver!
(Bəqərə surəsi, 223)
- Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanların arasını düzəltməklə bağlı içdiyiniz andlara görə Allahın adını maneəyə çevirməyin! Allah hər şeyi eşidəndir, biləndir.
(Bəqərə surəsi, 224)
- Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlbinizin qazandığına (bilərəkdən etdiklərinizə) görə sizi cəzalandırar. Allah bağışlayandır, həlimdir.
(Bəqərə surəsi, 225)
- Xanımlarına yaxınlaşmamağa dair and içənlər üçün dörd ay gözləmə müddəti vardır. Əgər andlarından dönsələr, bilsinlər ki, Allah bağışlayandır, rəhm edəndir.
(Bəqərə surəsi, 226)
- Əgər onlar boşamağa qəti qərar versələr, bilsinlər ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Bəqərə surəsi, 227)
- Boşanan qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə iman ediblərsə, bətnlərində Allahın yaratdığını gizlətmək onlara halal olmaz. Əgər ərləri barışmaq istəsələr, bu müddət ərzində onları geri almağa (hər kəsdən) daha çox layiqdirlər. Adətə görə kişilərin qadınları üzərində hüquqları olduğu kimi, qadınların da kişiləri üzərində müəyyən hüquqları vardır. Kişilərin isə onların üstündə bir dərəcələri vardır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Bəqərə surəsi, 228)
- Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən qorxsanız, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır.
(Bəqərə surəsi, 229)
- Əgər onu (üçüncü dəfə) boşasa, daha sonra (həmin qadın) başqa birinə ərə gedənə qədər ona halal olmaz. (İkinci əri) onu boşayarsa və əgər Allahın hüdudlarında qala biləcəklərinə inanırlarsa, (ilk əri ilə) evlənməsində günah yoxdur. Bunlar anlayanlar üçün Allahın bəyan etdiyi hüdudlardır (hökmlərdir).
(Bəqərə surəsi, 230)
- Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə istehza etməyin! Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.
(Bəqərə surəsi, 231)
- Qadınları boşadığınız və gözləmə müddətləri bitdiyi zaman, əgər aralarında müvafiq şəkildə razılığa gəliblərsə, onların yenidən öz ərləri ilə evlənmələrinə mane olmayın! Bu, sizdən Allaha və axirət gününə inananlar üçün bir nəsihətdir. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Allah bilir, siz isə bilməzsiniz.
(Bəqərə surəsi, 232)
- Uşaqlarının tam əmizdirilməsini istəyənlər (atalar) üçün analar uşaqlarını tam iki il əmizdirsinlər. Onların (anaların) yeməyi və geyimi adətə görə (uşağın) atasının üzərinə düşür. Heç kim gücünün çatmadığından məsul tutulmaz. Nə ana, nə də ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin üzərinə də düşür. Əgər ata və ana öz aralarında məsləhətləşərək razılığa gəlib uşağı süddən kəsmək istəsələr, heç birinə günah yoxdur. Əgər uşaqlarınızı süd anasına əmizdirmək istəsəniz və verəcəyinizi (zəhmət haqqını) adətə müvafiq ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiyiniz əməlləri görəndir.
(Bəqərə surəsi, 233)
- Sizdən ölən kimsələrin qoyub getdiyi qadınlar dörd ay on gün gözləməlidirlər. Gözləmə müddətləri tamamlandığı zaman öz barələrində etdikləri məşru işlərdə sizə günah yoxdur. Allah etdiklərinizdən xəbərdardır.
(Bəqərə surəsi, 234)
- (Bu müddəti gözləyən) qadınlara elçi göndərmək istədiyinizi işarə ilə bildirməyiniz və ya (bu istəyi) ürəyinizdə gizlətməyiniz sizə günah deyil. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlara məşru bir söz demək istisna olmaqla, onlarla gizlində vədələşməyin! Fərz olan gözləmə vaxtları bitənə qədər (onlarla) nikahlanmaq fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Elə isə, Ondan çəkinin və bilin ki, Allah bağışlayandır, həlimdir.
(Bəqərə surəsi, 235)
- Yaxınlıq etmədən və ya mehrlərini təyin etmədən qadınları boşasanız, sizə günah olmaz. Onlara adətə müvafiq qaydada bir pay verin! Varlı gücünün çatdığı qədər, kasıb da imkanı daxilində versin. Bu, yaxşı əməl sahiblərinin üzərinə bir borcdur.
(Bəqərə surəsi, 236)
- Mehrlərini təyin etdiyiniz qadınları yaxınlıq etmədən boşasanız, onların (qadınların), yaxud nikah müqaviləsi əlində olan kişilərin bağışlaması istisna olmaqla, təyin etdiyiniz mehrin yarısı onlarındır. Bağışlamağınız (mehrdən imtina etməyiniz) isə təqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah nə etdiyinizi görür.
(Bəqərə surəsi, 237)
- Namazlara və orta namaza davam edin! Allaha itaətkar bir şəkildə (namaza) durun!
(Bəqərə surəsi, 238)
- Əgər (hər hansı bir təhlükədən) qorxsanız, piyada gedə-gedə və ya minik üstündə (Allahı) yada salın! Təhlükə sovuşduqda isə Allahı bilmədiklərinizi sizə öyrətdiyi kimi zikr edin!
(Bəqərə surəsi, 239)
- Sizlərdən vəfat edib (arxalarında) arvadını qoyub gedənlər öz zövcəsi üçün vəsiyyət etməlidirlər ki, (evlərindən) çıxarılmamaq şərtilə bir il müddətində baxılsınlar (qoyub getdikləri mallarından faydalansınlar). Əgər (öz istəkləri ilə) çıxıb gedərlərsə, öz barələrində etdikləri məşru işlər üçün sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir.
(Bəqərə surəsi, 240)
- Boşanan qadınların adətə müvafiq qaydada dolanışıqlarının təmin edilməsi müttəqilərin borcudur.
(Bəqərə surəsi, 241)
- Düşünüb anlayasınız deyə Allah sizə Öz ayələrini belə bəyan edir.
(Bəqərə surəsi, 242)
- Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz.
(Bəqərə surəsi, 243)
- Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir!
(Bəqərə surəsi, 244)
- Kim Allaha yaxşı bir borc verərsə (infaq edərsə), Allah onun əvəzini (mükafatını) qat-qat artırar. Allah bəzilərini sıxıntıya salar, bəzilərinə də bolluq verər. Siz Ona qaytarılacaqsınız.
(Bəqərə surəsi, 245)
- Musadan sonra İsrail oğullarından bir dəstəni görmədinmi?! Onlar öz elçilərinə demişdilər: “Bizə bir hökmdar göndər ki, (onun rəhbərliyində) Allah yolunda vuruşaq!” O da: “Vuruşmaq sizə əmr olunduğu zaman bəlkə vuruşmadınız?!” - dedi. Onlar: “Bizə nə olub ki, Allah yolunda vuruşmayaq. Yurdumuzdan çıxarılmışıq və övladlarımızdan (ayrı düşmüşük)”, - dedilər. Vuruşmaq onlara vacib edilən zaman onlardan az bir qismi istisna olmaqla, (döyüşdən) üz çevirdilər. Allah zalımları çox yaxşı tanıyır.
(Bəqərə surəsi, 246)
- Elçiləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (elçi) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”
(Bəqərə surəsi, 247)
- Elçiləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”.
(Bəqərə surəsi, 248)
- Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!”
(Bəqərə surəsi, 249)
- Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman: “Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və inkar edən qövmə qarşı bizə yardım et!” - dedilər.
(Bəqərə surəsi, 250)
- Beləcə, Allahın izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah Davuda hökmranlıq və hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada məruz qalardı. Lakin Allah aləmlərə (insanlara) qarşı lütfkardır.
(Bəqərə surəsi, 251)
- Bunlar Allahın ayələridir ki, onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən.
(Bəqərə surəsi, 252)
- Biz o elçilərin bəzilərini digərlərindən üstün etdik. Allah onlardan bəziləri ilə danışmış, bəzilərinin də dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya da açıq-aşkar möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah diləsəydi, onlardan sonrakılar özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra (bir-birlərilə) vuruşmazdılar. Lakin ixtilafa düşdülər və onlardan kimisi (Allaha) iman etdi, kimisi də inkar edən oldu. Əgər Allah diləsəydi, onlar vuruşmazdılar. Lakin Allah dilədiyini edər.
(Bəqərə surəsi, 253)
- Ey iman edənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən əvvəl sizə verdiyimiz ruzidən infaq edin! İnkar edənlər əsil zalımlardır.
(Bəqərə surəsi, 254)
- Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Uca və böyük olan da Odur!
(Bəqərə surəsi, 255)
- Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman edərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir!
(Bəqərə surəsi, 256)
- Allah iman edənlərin dostudur. Onları qaranlıqdan aydınlığa çıxarar. İnkar edənlərin dostu isə Tağutdur. Onları aydınlıqdan çıxarıb qaranlığa salarlar. Onlar cəhənnəm əhlidirlər, orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 257)
- Allah İbrahimə hökmranlıq verdiyinə görə Rəbbi barəsində onunla (İbrahimlə) mübahisə edən şəxsi (Nəmrudu) görmədinmi? O zaman İbrahim demişdi: “Mənim Rəbbim dirildir və öldürür”. O da: “Mən də dirildir və öldürürəm”, – demişdi. İbrahim: “Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!” – demiş, həmin vaxt o inkar edən donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz!
(Bəqərə surəsi, 258)
- Yaxud xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (Üzeyir əleyhissalamın xəbərini eşitmədinmi)? O demişdi: “Allah buranı ölümündən sonra necə dirildəcək?” Beləcə, Allah onu yüz illiyinə öldürdü. Sonra onu diriltdi və: “Nə qədər (yatıb) qaldın?” - dedi. O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım”. (Allah ona) dedi: “Əksinə, yüz il qalmısan. Yeməyinə və suyuna bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax (ölüb və sadəcə sümükləri qalıb)! Səni insanlar üçün ibrət dərsi etmək məqsədilə (belə etdik). (Uzunqulağın) sümüklərinə bax, gör onları necə birləşdirir, sonra da onları ətlə örtürük!” Ona (hər şey) aydın olan zaman: “İndi yaxşı bilirəm ki, Allah hər şeyə qadirdir!” – dedi.
(Bəqərə surəsi, 259)
- Bir vaxt İbrahim demişdi: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” (Allah ona): “İnanmırsanmı?” – dedi. (İbrahim) dedi: “Bəli (inanıram), lakin ürəyimin rahat olması üçün (soruşdum)”. (Allah) dedi: “Dörd cür quş götür və onları özünə öyrəşdir. Sonra (onları tikə-tikə doğrayaraq) hər dağın üzərinə onlardan bir parça qoy. Sonra da onları çağır. Onlar tez sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir!”
(Bəqərə surəsi, 260)
- Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 261)
- Mallarını Allah yolunda infaq edib sonra verdiklərinin arxasınca minnət qoymayan və əziyyət verməyənlərin mükafatları Rəbbi yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 262)
- Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır).
(Bəqərə surəsi, 263)
- Ey iman edənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah inkar edənlər qövmünü doğru yola yönəltməz.
(Bəqərə surəsi, 264)
- Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür.
(Bəqərə surəsi, 265)
- Sizdən biri istəyərmi ki, (ağacları) altından çaylar axan, içində xurma ağacları, üzümlüklər və hər növ meyvələr olan bir bağçası olsun, ancaq zəif uşaqları olduğu halda ona qocalıq üz versin və ora (bağçasına) odlu bir qasırğa düşərək yanıb tələf olsun? Allah ayələri sizin üçün bu şəkildə izah edir ki, bəlkə düşünüb anlayasınız.
(Bəqərə surəsi, 266)
- Ey iman edənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir.
(Bəqərə surəsi, 267)
- Şeytan sizi yoxsulluqla qorxudar və sizə pis işləri (xəsisliyi) əmr edər. Allah isə sizə, Öz dərgahından bağışlanmaq və bərəkət vədəsi verər. Allah (rəhməti ilə) genişdir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 268)
- Allah dilədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir. təmiz ağıl sahiblərindən başqa heç kəs (bunu) dərk etməz.
(Bəqərə surəsi, 269)
- Allah yolunda hər nəyi infaq edər və ya fəda etsəniz, şübhəsiz ki, Allah onu bilir. Zalımların heç bir köməkçisi yoxdur.
(Bəqərə surəsi, 270)
- Əgər sədəqələri aşkar şəkildə versəniz, bu da yaxşıdır. Ancaq (sədəqələri) gizlincə kasıblara versəniz, bu sizin üçün daha xeyirlidir və (bu əməliniz) günahlarınızın bir qismini örtər. Allah gördüyünüz işlərdən xəbərdardır.
(Bəqərə surəsi, 271)
- Onları hidayətə çatdırmaq sənə aid deyil (Sənin vəzifən yalnız haqqı təbliğ etməkdir). Lakin Allah dilədiyi kimsəni hidayətə çatdırar. Malınızdan nə infaq etsəniz, özünüz üçündür. Siz yalnız Allahın rizasını qazanmaq üçün infaq edirsiniz. Malınızdan (Allah yolunda) nə infaq etsəniz, (əvəzi) sizə tam ödəniləcək və siz əsla haqsızlığa məruz qalmayacaqsınız.
(Bəqərə surəsi, 272)
- (Verəcəyiniz sədəqələr,) özünü Allah yoluna həsr edən və buna görə də yer üzündə (qazanc üçün) hərəkət edə bilməyən yoxsullara məxsusdur. Həyalı olduqlarına görə bilməyənlər onları zəngin hesab edərlər. Onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla bir şey istəməzlər. İnfaq etdiyiniz hər bir xeyri (sədəqəni) şübhəsiz ki, Allah bilir.
(Bəqərə surəsi, 273)
- Mallarını gecə-gündüz, gizli-aşkar (yoxsullara) infaq edənlər üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
(Bəqərə surəsi, 274)
- Faiz yeyənlər, şeytan vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Bu ona görədir ki, onlar: “Əlbəttə, alış-veriş də faiz kimidir!” - demişdilər. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir. (Bundan sonra) kimə Rəbbindən bir nəsihət gələr və (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər, faizlər) özünə qalar (bağışlanar). Onun işi (hesaba çəkilməsi) Allaha qalmışdır. Kim (yenidən sələmçiliyə) qayıdarsa, onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 275)
- Allah faizi (faizli qazancın bərəkətini) yox edər, sədəqələri (sədəqəsi verilən malın bərəkətini) isə artırar. Allah heç bir günahkar nankoru sevməz!
(Bəqərə surəsi, 276)
- Həqiqətən, iman edib xeyirli işlər görən, namazı qılan və zəkatı verən kimsələr üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 277)
- Ey iman edənlər, Allahdan çəkinin və əgər iman etmişsinizsə, faizdən qalanı (alacağınızı) tərk edin (almayın)!
(Bəqərə surəsi, 278)
- Əgər (belə) etməsəniz, bilin ki, Allah və elçisi tərəfindən sizə qarşı müharibə elan edilmişdir. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Siz nə haqsızlıq etmiş, nə də haqsızlığa məruz qalmış olarsınız.
(Bəqərə surəsi, 279)
- Əgər (sizə borclu olan şəxs) çətin vəziyyətdədirsə, (maddi vəziyyəti)düzələnə qədər (ona) möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcunu ona) sədəqə kimi bağışlamağınız sizin üçün daha xeyirlidir.
(Bəqərə surəsi, 280)
- Allaha qaytarılacağınız o gündən çəkinin! Sonra hər kəsə, qazandığının əvəzi tam olaraq veriləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
(Bəqərə surəsi, 281)
- Ey iman edənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün daha uyğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə və şahidə də zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir!
(Bəqərə surəsi, 282)
- Əgər siz səfərdə olub katib tapa bilməsəniz bir şeyi girov qoymağınız da kifayətdir. Biriniz digərinə bir şey əmanət edibsə, əmanət verilən kimsə əmanəti (vaxtı gələndə sahibinə) geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi gizlətməyin! Kim onu gizlədərsə, şübhəsiz, onun qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir.
(Bəqərə surəsi, 283)
- Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah ona görə sizi hesaba çəkər. O, dilədiyi kimsəni bağışlayar, dilədiyi kimsəyə də əzab verər. Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 284)
- Elçi və möminlər, Rəbbindən ona nazil edilənə (Qurana)iman etmişlər. Onların hamısı Allaha, mələklərinə, kitablarına və elçilərinə iman etmişlər. Biz Onun elçilərindən heç biri arasında fərq qoymuruq. Onlar belə demişdilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, bizi bağışla! Qayıdış Sənədir!”
(Bəqərə surəsi, 285)
- Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. İnkar edənlər qövmünə qarşı bizə yardım et!”
(Bəqərə surəsi, 286)