Ənbiya surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı! Onlar isə qəflət içində (haqdan) üz çevirirlər.
(Ənbiya surəsi, 1)
- Rəbbindən onlara gələn hər yeni xəbərdarlığa ancaq istehza ilə qulaq asarlar.
(Ənbiya surəsi, 2)
- Onların qəlbi əyləncədədir (qəflətdədir). Zülm edənlər (öz aralarında) gizli-gizli pıçıldaşdılar ki: “Bu (Məhəmməd) da sizin kimi bir insandır. Elə isə gözünüz görə-görə sehrəmi tabe olursunuz?”
(Ənbiya surəsi, 3)
- (Elçi) dedi: “Rəbbim göydə və yerdə söylənən hər bir sözü bilir. O, hər şeyi eşidəndir, biləndir”.
(Ənbiya surəsi, 4)
- Onlar isə: “(Quran) qarmaqarışıq yuxulardır. Xeyr, onu özü uydurmuşdur! Xeyr, o bir şairdir! Elə isə, o bizə əvvəlki elçilərə göndərilənə bənzər bir möcüzə gətirsin!” - dedilər.
(Ənbiya surəsi, 5)
- Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət iman etməmişdi. İndi onlarmı iman edəcəklər?
(Ənbiya surəsi, 6)
- (Ey elçi!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri elçi göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!
(Ənbiya surəsi, 7)
- Biz onları (elçiləri) yemək yeməyən bir cəsəd etmədik. Onlar (bu dünyada) əbədi də deyillər.
(Ənbiya surəsi, 8)
- Sonra onlara verdiyimiz sözü yerinə yetirdik. Beləcə, həm onlara, həm də dilədiyimiz kimsələrə nicat verdik. Həddi aşanları (elçiləri yalanlayanları) isə məhv etdik.
(Ənbiya surəsi, 9)
- Həqiqətən, Biz içində sizin üçün öyüd-nəsihət olan bir Kitabı sizə nazil etdik. Hələ də dərk etmirsinizmi?
(Ənbiya surəsi, 10)
- Zalım olan neçə-neçə məmləkəti məhv etdik. Onlardan sonra da başqa bir qövm yaratdıq.
(Ənbiya surəsi, 11)
- Onlar əzabımızı hiss etdikləri zaman dərhal oradan qaçarlar.
(Ənbiya surəsi, 12)
- (Mələklər isə istehza ilə belə deyərlər:) “Qaçmayın! Mürəffəh həyatınıza və yurdlarınıza geri dönün! Ola bilsin ki, siz sorğu-sual ediləcəksiniz”.
(Ənbiya surəsi, 13)
- Onlar: “Vay halımıza! Həqiqətən, biz zalım kimsələr olmuşuq”, - dedilər.
(Ənbiya surəsi, 14)
- Biz onları biçilmiş əkinə, sönmüş ocağa çevirənə qədər onların bu fəryadları davam edər.
(Ənbiya surəsi, 15)
- Biz göyü, yeri və onların arasındakıları əyləncə üçün yaratmadıq.
(Ənbiya surəsi, 16)
- Əgər əyləncə qurmaq istəsəydik, əlbəttə, onu Öz dərgahımızdan edərdik. Ancaq Biz bunu edən deyilik.
(Ənbiya surəsi, 17)
- Əksinə, Biz haqqı batilin üzərinə qoyarıq, o da onu yox edər. Bir də görərsən ki, batil yox olmuşdur. Allaha isnad etdiyiniz sifətlərə görə vay sizin halınıza!
(Ənbiya surəsi, 18)
- Göylərdə və yerdə olan hər kəs Ona məxsusdur. Onun dərgahında olanlar Ona ibadət etmək xüsusunda təkəbbürlənməz və yorulmazlar.
(Ənbiya surəsi, 19)
- Onlar yorulub-usanmadan gecə-gündüz Allahı təsbeh edərlər.
(Ənbiya surəsi, 20)
- Yoxsa onlar torpaqdan düzəltdikləri, ölüləri dirildə bilən ilahlarımı qəbul etdilər?
(Ənbiya surəsi, 21)
- Əgər göylərdə və yerdə Allahdan başqa ilahlar olsaydı, onlar mütləq fəsada uğrayardı. Ərşin sahibi olan Allah onların isnad etdikləri sifətlərdən uzaqdır, pakdır.
(Ənbiya surəsi, 22)
- O, gördüyü işlərə görə sorğu-sual olunmaz. Onlar isə (əməllərinə görə) sorğu-sual ediləcəklər.
(Ənbiya surəsi, 23)
- Yoxsa Ondan başqa ilahlarmı qəbul etdilər? De: “(Buna dair) dəlilinizi gətirin! Mənimlə birlikdə olanların da, məndən əvvəlkilərin də söylədiyi budur (tövhid inancıdır)!” Xeyr, onların çoxu haqqı bilmir. Buna görə də onlar (haqdan) üz döndərirlər.
(Ənbiya surəsi, 24)
- (Ey elçi!) Səndən əvvəl: “Məndən başqa heç bir ilah yoxdur! Ona görə də yalnız Mənə ibadət edin!” - deyə vəhy etmədiyimiz heç bir elçi göndərmədik.
(Ənbiya surəsi, 25)
- (Müşriklər:) “Rəhman (olan Allah mələkləri) özünə övlad götürdü!” - dedilər. O, (belə sifətlərdən) uzaqdır, pakdır! Əksinə, (mələklər) möhtərəm xidmətçilərdir.
(Ənbiya surəsi, 26)
- (Mələklər) Ondan əvvəl danışmaz və yalnız Onun əmri ilə iş görərlər.
(Ənbiya surəsi, 27)
- Allah onların etdiklərini də, edəcəklərini də bilir. Onlar Allahın razı qaldığı kimsələrdən başqasına şəfaət etməzlər. Onlar Allah qorxusundan titrəyərlər.
(Ənbiya surəsi, 28)
- Onlardan hər kim: “Ondan başqa bir ilah da mənəm!” - deyərsə, onu cəhənnəmlə cəzalandırarıq. Biz zalımları belə cəzalandırırıq.
(Ənbiya surəsi, 29)
- İnkar edənlər göylər və yer bitişik ikən Bizim onları ayırdığımızı və hər bir canlını sudan yaratdığımızı görmədilərmi?! Hələ də iman etmirlərmi?
(Ənbiya surəsi, 30)
- Onları silkələməsin deyə yer üzündə möhkəm dağlar yaratdıq və orada geniş yollar açdıq ki, (istədikləri yerə) rahat gedə bilsinlər.
(Ənbiya surəsi, 31)
- Biz göyü də qorunmuş bir tavan etdik. Onlar isə ayələrimizdən üz döndərirlər.
(Ənbiya surəsi, 32)
- Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Hər biri öz orbitində hərəkət edir.
(Ənbiya surəsi, 33)
- Səndən əvvəl də heç bir insana əbədilik vermədik. Əgər sən ölsən, onlar əbədi qalacaqlar?!
(Ənbiya surəsi, 34)
- Hər can ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız.
(Ənbiya surəsi, 35)
- (Ey elçi!) inkar edənlər səni gördükləri zaman məsxərəyə qoyaraq (belə deyərlər:) “Sizin ilahlarınıza dil uzadan budurmu?” Halbuki Rəhmanın Kitabını inkar edənlər onların özləridir.
(Ənbiya surəsi, 36)
- İnsan hövsələsiz yaradılmışdır. Ayələrimi sizə göstərəcəyəm. Ona görə də (əzabı) Məndən tələsik istəməyin!
(Ənbiya surəsi, 37)
- Onlar: “Əgər siz doğru deyirsinizsə, bu vəd nə vaxt gerçəkləşəcək?” - deyirlər.
(Ənbiya surəsi, 38)
- Kaş inkar edənlər üzlərindən və arxalarından (onları bürüyən) alovu dəf edə bilməyəcəkləri və onlara heç bir yardım olunmayacağı vaxtı biləydilər.
(Ənbiya surəsi, 39)
- Əksinə, (qiyamət) onlara anidən gələr və onları heyrətə salar. Artıq onu nə geri qaytara bilərlər, nə də onlara (tövbə etmələri üçün) möhlət verilər.
(Ənbiya surəsi, 40)
- Heç şübhəsiz, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Ancaq istehza etdikləri (əzab) istehza edənləri bürüdü (və onları məhv etdi).
(Ənbiya surəsi, 41)
- De: “Gecə-gündüz Rəhmandan sizi kim qoruyacaq?” Xeyr, onlar Rəbbinin Kitabından üz döndərirlər.
(Ənbiya surəsi, 42)
- Yoxsa Bizim əzabımızı onlardan dəf edə bilən ilahlarımı var? Onlar nə özlərinə yardım etməyə qadirdirlər, nə də Bizdən dəstək ala bilərlər.
(Ənbiya surəsi, 43)
- Əksinə, Biz onları da, atalarını da yaşadıqları uzun illər boyu dünya nemətlərindən faydalandırdıq. Bəs Bizim (müşriklərə aid) ərazini ətraflarından əskiltdiyimizi görmürlərmi? Elə isə qalib olanlar onlardırmı?
(Ənbiya surəsi, 44)
- De ki: “Mən sizi yalnız vəhy ilə xəbərdar edirəm. Karlar isə xəbərdar edildikləri zaman bu çağırışı eşitməzlər”.
(Ənbiya surəsi, 45)
- Əgər Rəbbinin əzabının cüzi bir hissəsi onlara toxunsa, heç şübhəsiz: “Vay halımıza! Həqiqətən, biz zalım kimsələr olmuşuq”, - deyəcəklər.
(Ənbiya surəsi, 46)
- Qiyamət günü ədalət tərəzilərini quracağıq və heç kimə heç bir haqsızlıq edilməyəcəkdir. (Edilən əməl) bir xardal dənəsi ağırlığında olsa belə Biz onu (ədalət tərəzisinə) gətirib qoyacağıq. Biz haqq-hesab çəkməyə kifayətik.
(Ənbiya surəsi, 47)
- Həqiqətən, Biz Musa və Haruna müttəqilər üçün işıq və öyüd olan Furqanı verdik.
(Ənbiya surəsi, 48)
- O (müttəqilər) ki, görmədikləri halda Rəbbindən qorxar və qiyamətdən çəkinərlər.
(Ənbiya surəsi, 49)
- Bu (Quran) da nazil etdiyimiz mübarək bir öyüddür. İndi siz onu inkarmı edirsiniz?
(Ənbiya surəsi, 50)
- Şübhəsiz ki, daha əvvəl İbrahimə də doğru yolu bəxş etmişdik. Biz onu yaxşı tanıyırdıq.
(Ənbiya surəsi, 51)
- Vaxtilə o, atasına və qövmünə: “Sizin ibadət etdiyiniz bu heykəllər nədir?” - demişdi.
(Ənbiya surəsi, 52)
- Onlar: “Biz atalarımızın onlara ibadət etdiklərini görmüşük”, - demişdilər.
(Ənbiya surəsi, 53)
- İbrahim: “Həqiqətən, siz də, atalarınız da açıq-aydın bir zəlalət içindəsiniz!” - demişdi.
(Ənbiya surəsi, 54)
- Onlar: “Bizə haqqı gətirmisən, yoxsa (bizimlə) oyun oynayırsan?” - demişdilər.
(Ənbiya surəsi, 55)
- İbrahim isə belə demişdi: “Xeyr! Rəbbiniz, yaratdığı göylərin və yerin Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.
(Ənbiya surəsi, 56)
- Allaha and içirəm ki, siz dönüb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!”
(Ənbiya surəsi, 57)
- Beləcə, (bütlərdən) böyük olanı istisna olmaqla, digərlərini parça-parça etdi ki, bəlkə, ona müraciət edələr.
(Ənbiya surəsi, 58)
- Onlar belə dedilər: “İlahlarımıza bunu kim edib? Həqiqətən, o, zalımlardandır!”
(Ənbiya surəsi, 59)
- (Bəziləri də:) “İbrahim deyilən bir gəncin onları ələ saldığını eşitmişdik”, - dedilər.
(Ənbiya surəsi, 60)
- “Elə isə onu insanların hüzuruna gətirin ki, bəlkə, şahidlik edələr!” - dedilər.
(Ənbiya surəsi, 61)
- (İbrahimi gətirdikdən sonra ona:) “Ey İbrahim! İlahlarımıza bunu sənmi etdin?” - dedilər.
(Ənbiya surəsi, 62)
- İbrahim dedi: “Xeyr, bunu onların bu böyük olanı etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!”
(Ənbiya surəsi, 63)
- Bu zaman onlar öz vicdanlarına səslənərək: “Həqiqətən, əsil zalımlar sizsiniz!” - dedilər.
(Ənbiya surəsi, 64)
- Sonra öz inanclarına (küfrlərinə) qayıtdılar (və belə dedilər:) “Sən də yaxşı bilirsən ki, bunlar danışa bilmirlər”.
(Ənbiya surəsi, 65)
- İbrahim dedi: “Elə isə, hələ də Allahı qoyub sizə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərəmi ibadət edirsiniz?
(Ənbiya surəsi, 66)
- Vay sizə də, Allahı qoyub ibadət etdiklərinizə də! Siz hələ də dərk etmirsinizmi?”
(Ənbiya surəsi, 67)
- Onlar: “Əgər nəsə edəcəksinizsə, onu (İbrahimi) yandırıb ilahlarınıza yardım edin!” - dedilər.
(Ənbiya surəsi, 68)
- Biz: “Ey alov, İbrahimə qarşı sərin və zərərsiz ol!” - dedik.
(Ənbiya surəsi, 69)
- Onlar İbrahimə hiylə qurmaq istədilər. Ancaq Biz onları daha çox ziyana düşmüş bir vəziyyətə saldıq.
(Ənbiya surəsi, 70)
- Biz onu və Lutu xilas edib aləmlər üçün bərəkətləndirdiyimiz yerə çatdırdıq.
(Ənbiya surəsi, 71)
- Biz İbrahimə İshaqı və bir də Yəqubu bəxş etdik. Hər birini saleh kimsələr etdik.
(Ənbiya surəsi, 72)
- Biz onları əmrimizlə (insanlara) doğru yolu göstərən öndərlər etdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edən kimsələr idilər.
(Ənbiya surəsi, 73)
- Luta gəldikdə, Biz ona hökm (elçilik, hakimlik) və elm verdik. Onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis işlər görən fasiq kimsələrdilər.
(Ənbiya surəsi, 74)
- Biz onu mərhəmətimizə daxil etdik. O, həqiqətən, saleh kimsələrdəndi.
(Ənbiya surəsi, 75)
- (Ey elçi!) Nuhu da (yad et)! Daha əvvəl o dua etmiş, Biz də onun duasını qəbul etmişdik. Beləliklə, onu və (iman etmiş) qohumlarını böyük fəlakətdən xilas etmişdik.
(Ənbiya surəsi, 76)
- Biz onu ayələrimizi yalanlayan bir qövmdən qoruduq. Həqiqətən, onlar pis bir qövm idilər. Buna görə də onların hamısını suda boğduq.
(Ənbiya surəsi, 77)
- Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik.
(Ənbiya surəsi, 78)
- Beləcə, bu hökmü Süleymana anlatmışdıq. Biz onların hər birinə hökm (hökmdarlıq, elçilik) və elm vermişdik. Allahı təsbeh edən dağları və quşları da Davudun xidmətinə vermişdik. (Bütün bunları) Biz edirdik.
(Ənbiya surəsi, 79)
- Sizdən ötrü ona zireh düzəltmə sənətini öyrətdik ki, sizi (müharibədəki) çətinliklərdən qorusun. Artıq şükür edəcəksinizmi?
(Ənbiya surəsi, 80)
- Şiddətli küləyi də Süleymanın xidmətinə vermişdik. Onun əmri ilə külək bərəkət verdiyimiz yerə doğru əsirdi. Biz hər şeyi bilirik!
(Ənbiya surəsi, 81)
- Şeytanlardan onun üçün dənizə dalan (oradan incilər çıxaran) və bundan başqa işlər görənlər də vardı. Biz onlara nəzarət edirdik.
(Ənbiya surəsi, 82)
- Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” - deyərək səslənmişdi.
(Ənbiya surəsi, 83)
- Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət və ibadət edənlər üçün bir xatirə olsun deyə onun başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik və onlarla yanaşı bir o qədərini də ona bəxş etdik.
(Ənbiya surəsi, 84)
- İsmaili, İdrisi və Zülkifli də (yad et)! Hər biri səbir edən kimsələrdəndi.
(Ənbiya surəsi, 85)
- Biz onları mərhəmətimizə daxil etdik. Həqiqətən, onlar saleh kimsələrdən idilər.
(Ənbiya surəsi, 86)
- Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”.
(Ənbiya surəsi, 87)
- Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik.
(Ənbiya surəsi, 88)
- Zəkəriyyanı da (yad et)! Vaxtilə o: “Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!” - deyərək Rəbbinə səslənmişdi.
(Ənbiya surəsi, 89)
- Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər.
(Ənbiya surəsi, 90)
- İsmətini qorumuş olanı da (Məryəmi də yad et)! Biz ona Öz ruhumuzdan üfürdük. Onu və oğlunu aləmlər üçün bir möcüzə etdik.
(Ənbiya surəsi, 91)
- Həqiqətən, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də yalnız Mənə ibadət edin!
(Ənbiya surəsi, 92)
- (Ancaq insanlar) öz aralarında (dini və dünyəvi) işlərin birliyini pozdular. Hamısı Bizə dönəcək.
(Ənbiya surəsi, 93)
- Hər kim mömin olaraq yaxşı işlər görərsə, onun əməyi inkar edilməyəcəkdir. Şübhəsiz ki, Biz onu (onun əməllərini) yazırıq.
(Ənbiya surəsi, 94)
- Məhv etdiyimiz bir məmləkətin (xalqının dünyaya) geri dönməsi qadağan olunmuşdur.
(Ənbiya surəsi, 95)
- Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar hər təpədən sürətlə axışdıqları zaman;
(Ənbiya surəsi, 96)
- Haqq olan vəd (qiyamət günü) yaxınlaşdığı zaman birdən inkar edən olanların gözləri bərələr (və belə deyərlər): “Vay halımıza! Həqiqətən, biz bundan xəbərsiz idik. Əksinə, biz zalım kimsələrmişik”.
(Ənbiya surəsi, 97)
- Şübhəsiz ki, siz və Allahı qoyub ibadət etdikləriniz cəhənnəm yanacağısınız. Siz ora girəcəksiniz!
(Ənbiya surəsi, 98)
- Əgər bunlar ilah olsaydılar, ora girməzdilər. Onların hamısı orada əbədi qalacaq.
(Ənbiya surəsi, 99)
- Onlar orada inildəyəcək və heç bir şey eşitməyəcəklər.
(Ənbiya surəsi, 100)
- Tərəfimizdən özlərinə ən gözəl (aqibət) təqdir edilmiş kimsələrə gəlincə, onlar oradan (cəhənnəmdən) uzaq tutulacaqlar.
(Ənbiya surəsi, 101)
- Onlar (cəhənnəmin) uğultusunu eşitməyəcək və nəfslərinin arzuladığı (cənnət nemətləri) içində əbədi qalacaqlar.
(Ənbiya surəsi, 102)
- Ən böyük dəhşət (qiyamət) onları kədərləndirməyəcəkdir. Mələklər onları: “Bu, (dünyada) sizə vəd olunan (xoşbəxt) gününüzdür!” – deyərək qarşılayacaqlar.
(Ənbiya surəsi, 103)
- O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına salacağıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik.
(Ənbiya surəsi, 104)
- Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh bəndələrim varis olacaqdır!” - deyə yazmışdıq.
(Ənbiya surəsi, 105)
- Həqiqətən, bunda ibadət edənlər üçün bir öyüd vardır.
(Ənbiya surəsi, 106)
- (Ey elçi!) Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik!
(Ənbiya surəsi, 107)
- De: “Həqiqətən, mənə: “Sizin ilahınız yalnız tək olan ilahdır (Allahdır)!” - deyə vəhy olunur. Bəs indi siz müsəlman olacaqsınızmı?
(Ənbiya surəsi, 108)
- Əgər onlar üz döndərsələr, de ki: “(Mənə vəhy olunanı) olduğu kimi sizə bildirdim. Sizə vəd olunanın (əzabın) yaxınmı, yoxsa uzaqmı olduğunu bilmirəm.
(Ənbiya surəsi, 109)
- Şübhəsiz ki, Allah açıq-aşkar deyilənləri də, gizlətdiklərinizi də bilir.
(Ənbiya surəsi, 110)
- Mən bilmirəm. Ola bilsin ki, bu (əzabın təxirə salınması) sizin üçün bir sınaq və bir müddətə qədər (sizi dünya nemətlərindən) faydalandırmaq üçündür”.
(Ənbiya surəsi, 111)
- (Elçi) dedi: “Ey Rəbbim, (mənimlə onlar arasında) haqq ilə hökm ver! Sizin söylədiklərinizə qarşı yalnız Rəhman olan Rəbbimizdən kömək istənilər!”
(Ənbiya surəsi, 112)