Nisa surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey insanlar! Sizi bir nəfsdən xəlq edən, ondan öz zövcəsini yaradan və o ikisindən çoxlu kişi və qadın yaradan Rəbbinizdən qorxun. Adını bir-birinizdən dilədiyiniz Allahdan qorxun. Həmçinin bətnlərin haqqına hörmətsizlik etməkdən çəkinin. Bu bir həqiqətdir ki, Allah sizin üzərinizdə gözətçidir.
(Nisa surəsi, 1)
- (Həddi-büluğa çatdıqları zaman) yetimlərə mallarını (geri) verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
(Nisa surəsi, 2)
- Əgər (özləri ilə evləndiyinizdə) yetim qızlar barəsində ədalətli ola bilməyəcəyinizdən qorxsanız, bəyəndiyiniz qadınlardan ikisi, üçü, dördü ilə nikah bağlayın! Əgər ədalətli ola bilməməkdən qorxsanız, onda, tək bir qadınla və ya əlinizdə olanla (kifayətlənin)! Haqsızlığa yol verməməyiniz üçün ən uyğun olan budur.
(Nisa surəsi, 3)
- Qadınlara mehrlərini könül xoşluğu ilə verin! Əgər öz xoşları ilə ondan sizə bir şey bağışlasalar, onu nuşcanlıqla yeyin!
(Nisa surəsi, 4)
- Dolanmağınız üçün Allahın sizə bəxş etdiyi mal-mülkünüzü səfehlərə (ağılsızların, israfçıların və uşaqların əlinə) verməyin! Onları ondan (həmin mal-mülkdən) yedirib geyindirin və onlara yaxşı söz söyləyin!
(Nisa surəsi, 5)
- Nikah yaşına çatanadək yetimləri sınayın! Əgər onların ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə, onu (mallarını) israf edib tələm-tələsik yeməyin! (Qəyyumlardan) kim zəngindirsə, (yetimin malından) uzaq dursun! (Qəyyumlardan) kasıb olan isə, (ehtiyacına) uyğun bir şəkildə (ondan) yesin! Mallarını özlərinə (yetimlərə) qaytaracağınız zaman yanlarında şahid tutun! Haqq-hesaba çəkməyə Allah kifayətdir.
(Nisa surəsi, 6)
- İstər az, istər çox olsun ata-ana və qohumların qoyub getdikləri (mal-mülkdən) kişilər üçün müəyyən edilmiş bir pay, qadınlar üçün də müəyyən edilmiş bir pay vardır.
(Nisa surəsi, 7)
- (Mirasın) bölgüsündə (varis olmayan) qohumlar, yetimlər və yoxsullar iştirak edərlərsə, onlara da ondan (o maldan) bir şey verin və onlara gözəl söz söyləyin!
(Nisa surəsi, 8)
- Arxalarında aciz övladlar qoyub gedəcəkləri təqdirdə, (“halları necə olar?” - deyə) qorxanlar, (yetimlərə haqsızlıq etməkdən də) qorxsunlar. Ona görə də, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər!
(Nisa surəsi, 9)
- Şübhəsiz, yetimlərin mallarını haqsızlıqla yeyənlər qarınlarına ancaq od doldurarlar və onlar yandırıb-yaxan bir oda girəcəklər.
(Nisa surəsi, 10)
- Allah övladlarınız (övladlarınıza miras bölgüsü etməyiniz) haqqında sizə əmr edir ki, oğula iki qızın payı qədər (pay) düşür. (Ölən şəxsin) qızları ikidən artıq olarsa, mirasın üçdə ikisi onlarındır. Əgər tək bir qızdırsa, (mirasın) yarısı onundur. (Ölən kimsənin) övladı varsa, ata-anasının hər birinə mirasın altıda biri (qədər pay düşür). Əgər onun övladı olmayıb, varisi ata və anasıdırsa, (mirasın) üçdə biri anaya düşür. Əgər onun (ölmüş kimsənin) qardaşları varsa, (mirasın) altıda biri anaya düşür. (Bütün bu bölgü, ölən kimsənin) edəcəyi vəsiyyətdən və ya borcu ödənildikdən sonradır. Atalarınızdan və övladlarınızdan faydalı olmaq cəhətdən hansının sizə daha yaxın olduğunu bilməzsiniz. (Bunlar,) Allah tərəfindən müəyyən edilmiş paylardır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 11)
- Əgər zövcənizin övladı yoxdursa, onların qoyub getdikləri (mirasın) yarısı sizindir. Əgər onların övladı varsa, qoyub getdiklərinin dörddə biri sizindir. (Bu bölgü,) edəcəkləri vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Əgər sizin övladınız yoxdursa, qoyub getdiyiniz (mirasın) dörddə biri onlara (arvadlarınıza) düşür. Əgər sizin övladınız varsa, qoyub getdiyiniz (mirasın) səkkizdə biri onlara düşür. (Bu bölgü də,) edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır. Əgər miras qoyan kişi və ya qadının ata-anası və övladı olmayıb, bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə (mirasın) altıda biri düşür. Əgər bundan daha çox olsalar, onlar üçdə birinə şərikdirlər. (Bu bölgü,) ediləcək vəsiyyətdən və ya borc ödənildikdən sonra (və heç kimə) zərər verilmədən (aparılır). (Bunlar,) Allahdan (sizə) bir tövsiyədir. Allah hər şeyi biləndir, həlimdir.
(Nisa surəsi, 12)
- Bunlar Allahın (qoymuş olduğu) sərhədləridir. Kim Allaha və Onun elçisinə itaət edərsə, (Allah) onu, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Bax, böyük uğur budur!
(Nisa surəsi, 13)
- Kim Allaha və Onun elçisinə üsyan edər və Onun (Allahın qoymuş olduğu) sərhədlərini aşarsa, (Allah) onu içində əbədi qalacağı cəhənnəmə daxil edəcəkdir. (Orada) onun üçün alçaldıcı bir əzab vardır.
(Nisa surəsi, 14)
- Qadınlarınızdan çirkin iş (homoseksuallıq) edənlərə qarşı özünüzdən dörd şahid gətirin. Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın.
(Nisa surəsi, 15)
- Sizdən iki kişi onu (homoseksuallıq) etsə, hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) düzəltsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
(Nisa surəsi, 16)
- Allahın qəbul etdiyi tövbə yalnız bilmədən pis iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 17)
- Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, - deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq.
(Nisa surəsi, 18)
- Ey iman edənlər, qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla, onlara verdiyinizin (mehrin) bir hissəsini geri almaq üçün onlara əziyyət verməyin və onlarla yaxşı davranın! Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur.
(Nisa surəsi, 19)
- Əgər bir arvadın yerinə başqa bir arad almaq istəsəniz, onlardan birinə çoxlu mehr vermiş olsanız da, ondan heç bir şeyi geri almayın! Böhtan ataraq və açıq-aşkar günah bir iş görərək onu gerimi alacaqsınız?!
(Nisa surəsi, 20)
- Onu necə geri alarsınız?! Axı, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm bir təminat almışdılar.
(Nisa surəsi, 21)
- Keçmişdə olanlar istisna olmaqla, artıq atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Həqiqətən, bu çox çirkin və iyrənc işdir, pis bir yoldur.
(Nisa surəsi, 22)
- Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin evinizdəki ögey qızlarınızla evlənmək sizə haram edilmişdir. Əgər onlarla (ögey qızlarınızın anaları ilə) cinsi əlaqədə olmamısınızsa, (qızları ilə evlənmək) sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almaq da (sizə haram edilmişdir). Ancaq keçmişdə baş vermiş (bu cür işlər) istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 23)
- Sahib olduqlarınız müstəsna olmaqla, ərli qadınları almaq Allahın hökmü ilə sizə haram edildi. Bunlardan basqaları isə namusla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək (mehir verərək) evlənmək üçün sizə halal edildi. Evlənəcəyiniz qadınların mehrlərini lazımi qaydada verin. Mehir müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 24)
- Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz (hamınız Adəmin nəslindənsiniz). Elə isə, iffətli olmaları, zina etməmələri və aşnası olmaması şərtilə sahiblərindən icazə alıb mehrlərini müvafiq qaydada verməklə onlarla evlənin. Əgər ərə getdikdən sonra zina edərlərsə, onların (cəzası) azad qadınlara verilən cəzanın yarısı qədərdir. Bu (cariyə ilə evlənmə icazəsi), sizdən zinaya düşməkdən qorxan kimsələr üçündür. Səbir etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 25)
- Allah (bilmədiklərinizi) sizə açıqlamaq, sizdən əvvəlkilərin getdiyi (yaxşı) yolları sizə göstərmək və sizin tövbələrinizi qəbul etmək istəyir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 26)
- Allah tövbələrinizi qəbul etmək istəyir. (Nəfsani) arzularına uyanlar isə sizin böyük bir əyriliyə (əyri yola) meyil etməyinizi istəyirlər.
(Nisa surəsi, 27)
- Allah sizin yükünüzü yüngülləşdirmək istəyir. Axı, insan zəif olaraq yaradılmışdır.
(Nisa surəsi, 28)
- Ey iman edənlər! Aranızda qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla (haqsızlıqla və haram yolla) yeməyin və özünüzü (bir-birinizi) öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir.
(Nisa surəsi, 29)
- Kim düşmənçiliklə və zalımcasına bunu edərsə (haram yeyər, yaxud haqsız yerə birini öldürərsə), Biz onu cəhənnəm oduna atacağıq. Bu, Allah üçün çox asandır.
(Nisa surəsi, 30)
- Əgər sizə qadağan edilmiş böyük günahlardan çəkinərsinizsə, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə (cənnətə) daxil edərik.
(Nisa surəsi, 31)
- Allahın birinizi digərindən üstün tutduğu şeyi (birinizə digərinizdən artıq verdiyi mal-mülkü) arzulamayın! Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün də qazandıqlarından bir pay vardır. Allahdan, Onun lütfünü istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir.
(Nisa surəsi, 32)
- Ata-ana və yaxın qohumların qoyub getdiklərindən də hər bir kişi və qadın üçün varislər təyin etdik. Əhd bağladığınız şəxslərin paylarını da özlərinə verin! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
(Nisa surəsi, 33)
- Allahın insanların bir qismini digərlərinə üstün etməsinə və öz mallarından (qadınlar üçün) sərf etdiklərinə görə, kişilər qadınların himayədarlarıdır. Əməlisaleh qadınlar itaətkardırlar. Allah onları qoruduğu üçün onlar da gizli olanı (namuslarını) qoruyarlar. Özbaşınalıq etməsindən qorxduğunuz qadınlara gəlincə, onlara nəsihət edin, (yola gəlməzlərsə,) yataqda onları yalnız buraxın və (yenə yola gəlməzlərsə,) onlardan ayrılın (boşanın)! Əgər sizə itaət edərlərsə, artıq onlar üçün başqa bir yol axtarmayın! Şübhəsiz ki, Allah ucadır, böyükdür.
(Nisa surəsi, 34)
- Əgər o ikisinin (ər-arvadın) aralarının dəyməsindən qorxsanız, onda kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif göndərin. Əgər (bu iki vasitəçi, ər-arvadı) barışdırmaq istəsələr, Allah o ikisinin arasını düzəldər. Həqiqətən, Allah hər şeyi biləndir, hər işdən xəbərdardır.
(Nisa surəsi, 35)
- Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz.
(Nisa surəsi, 36)
- Xəsislik edən, insanlara xəsisliyi əmr edən və Allahın, Öz lütfündən onlara verdiyi şeyi (nemətləri, imkanları) gizlədən kəslərdir. Biz inkar edənlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
(Nisa surəsi, 37)
- Allaha və axirət gününə iman etmədikləri halda mallarını insanlara göstəriş üçün infaq edənlərdir. Şeytan kimə yoldaşlıq edərsə, (bilsin ki,) o necə də pis bir yoldaşdır!
(Nisa surəsi, 38)
- Əgər onlar Allaha və axirət gününə iman edib, Allahın onlara verdiyi ruzidən infaq etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları yaxşı tanıyır.
(Nisa surəsi, 39)
- Şübhə yoxdur ki, Allah zərrə qədər də zülm etməz. Əgər (insanın) yaxşı bir əməli olarsa, Allah onu (o əməlin mükafatını) ikiqat artırar və Öz dərgahından (ona) böyük bir mükafat verər.
(Nisa surəsi, 40)
- Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də onlara şahid gətirdiyimiz zaman (onların halı) necə olacaq?!
(Nisa surəsi, 41)
- İnkar edən olub elçiyə asi olanlar o gün (axirət günü) yerlə bir olmağı (torpaq olmağı) arzu edəcəklər. Onlar heç bir sözü (əməli) Allahdan gizlədə bilməzlər.
(Nisa surəsi, 42)
- Ey iman edənlər! Fəhmsiz (anlaqsız, idraksız) ikən nə dediyinizi bilənə qədər və cünub olduğunuz zaman – yolçular istisna olmaqla - qüsl edənədək namaza yaxınlaşmayın! Əgər xəstə, yaxud səfərdə olsanız və ya sizdən biri ayaq yolundan gəlsə, yaxud qadınlarla yaxınlıq etsəniz (cinsi əlaqədə olsanız), (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, təmiz bir torpaqla təyəmmüm edin; (torpağı) üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.
(Nisa surəsi, 43)
- Özlərinə kitabdan bir pay verilmiş kimsələri görmədinmi?! Onlar (haqq yolun əvəzinə) zəlaləti satın alır və sizin də (haqq) yoldan çıxmağınızı istəyirlər.
(Nisa surəsi, 44)
- Allah sizin düşmənlərinizi çox yaxşı tanıyır. Dost olaraq da, yardımçı olaraq da Allah kifayətdir.
(Nisa surəsi, 45)
- Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman etməzlər.
(Nisa surəsi, 46)
- Ey kitab əhli! Biz (bəzi) üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Qurana) iman edin! Allahın əmri mütləq yerinə yetəcəkdir!
(Nisa surəsi, 47)
- Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar.
(Nisa surəsi, 48)
- Özlərini təmizə çıxaran kimsələri görmədinmi? Əksinə, Allah dilədiyi kimsəni təmizə çıxardar və onlara xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməz.
(Nisa surəsi, 49)
- Bax, Allaha qarşı necə yalan uydururlar! Açıq-aşkar bir günah olaraq bu (onlara) yetər!
(Nisa surəsi, 50)
- Özlərinə kitabdan (yazıb-oxumaqdan) bir pay verilənləri görmədinmi?! Onlar Cibtə (bütə) və Tağuta (bütə və ya şeytana) inanır və inkar edənlər haqqında: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, - deyirlər.
(Nisa surəsi, 51)
- Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə heç bir köməkçi tapa bilməzsən!
(Nisa surəsi, 52)
- Yoxsa onların mülkdən (hökmranlıqdan) bir payımı var?! Əgər elə olsaydı, çərdəyin tumurcuğunu belə insanlara verməzdilər.
(Nisa surəsi, 53)
- Yoxsa onlar Allahın Öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar? Halbuki, Biz İbrahim ailəsinə kitab və hikmət vermiş, onlara böyük bir hökmranlıq bəxş etmişdik.
(Nisa surəsi, 54)
- Onlardan bəzisi ona (İbrahimə) iman etdi, bəzisi də ondan üz çevirdi. (Üz çevirənlərə) cəhənnəmin yandırıcı alovu kifayətdir.
(Nisa surəsi, 55)
- Şübhəsiz, ayələrimizi inkar edənləri cəhənnəmə atacağıq. Onların dəriləri bişdikcə, əzabı dadsınlar deyə dərilərini başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir.
(Nisa surəsi, 56)
- İman edib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcə vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik.
(Nisa surəsi, 57)
- Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
(Nisa surəsi, 58)
- Ey iman edənlər, Allaha itaət edin! Elçiyə və özünüzdən olan ixtiyar sahiblərinə (idarəçilərə) də itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allaha və elçiyə ərz edin (onların əmrlərinə uyğun olaraq həll edin)! Bu həm daha xeyirli, həm də nəticə etibarilə daha gözəldir.
(Nisa surəsi, 59)
- Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman etdiklərini iddia edənləri görmədinmi?! Onlar tağuta inanmamaları əmr olunduğu halda onun hüzurunda mühakimə olunmaq istəyirlər. Şeytan isə onları uzaq (dərin) bir zəlalətə salmaq istəyir.
(Nisa surəsi, 60)
- Onlara: “Allahın nazil etdiyinə (Qurana) və elçiyə gəlin!” - deyildiyi zaman münafiqlərin səndən tamamilə üz döndərdiklərini görərsən.
(Nisa surəsi, 61)
- Bəs öz əlləri ilə etdikləri (əməllər) səbəbilə onların başına bir müsibət gəldiyi zaman sənin yanına gələrək: “Biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik”, – deyə Allaha and içdikləri vaxt (onların halı) necə olacaq?!
(Nisa surəsi, 62)
- Onlar o kəslərdir ki, Allah onların ürəklərindəkini bilir. Elə isə onlardan üz çevir və onlara öyüd-nəsihət verərək özləri haqqında təsirli söz söylə!
(Nisa surəsi, 63)
- Biz hər bir elçini, - Allahın izni ilə - yalnız özünə itaət olunması üçün göndərdik. Əgər onlar, özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və elçi də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər.
(Nisa surəsi, 64)
- Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarındakı ixtilaflar barəsində səni hakim təyin edib, sonra da verdiyin hökmə görə içlərində bir sıxıntı hiss etməyib tam bir təslimiyyətlə təslim olmayınca, iman etmiş olmazlar!
(Nisa surəsi, 65)
- Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə əmr etsəydik, onlardan az bir hissəsi istisna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olacaq və imanlarını daha çox möhkəmləndirəcəkdi.
(Nisa surəsi, 66)
- O zaman onlara Öz tərəfimizdən böyük bir mükafat verərdik
(Nisa surəsi, 67)
- Və həqiqətən, onları doğru yola yönəldərdik.
(Nisa surəsi, 68)
- Kim Allaha və elçiyə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi elçilər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır!
(Nisa surəsi, 69)
- Bu lütf Allahdandır. Hər şeyi bilən olaraq Allah yetər!
(Nisa surəsi, 70)
- Ey iman edənlər, tədbirinizi alın və dəstə-dəstə, yaxud hamılıqla (cihada) çıxın!
(Nisa surəsi, 71)
- Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”.
(Nisa surəsi, 72)
- Əgər Allahdan sizə bir lütf (zəfər) yetişərsə, sanki sizinlə onun arasında heç bir yaxınlıq yoxmuş kimi belə deyər: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”
(Nisa surəsi, 73)
- Elə isə, dünya həyatını axirət qarşılığında satanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub ölər, yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.
(Nisa surəsi, 74)
- Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir (himayəçi) dost və bir yardımçı göndər!” - deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz?
(Nisa surəsi, 75)
- İman edənlər Allah yolunda cihad edərlər. İnkar edənlər isə Tağut (şeytan, dəccal) yolunda cihad edərlər. Elə isə, şeytanın dostlarına qarşı cihad edin! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.
(Nisa surəsi, 76)
- “(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
(Nisa surəsi, 77)
- Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır”. Əgər onlara bir yaxşılıq yetişərsə: “Bu, Allah tərəfindəndir!” - deyərlər. Əgər onlara bir pislik toxunarsa: “Bu səndəndir!” - deyərlər. De: “Hamısı Allahdandır”. Bu insanlara nə olub ki, az qala söz də başa düşmürlər!
(Nisa surəsi, 78)
- Sənə gələn hər bir yaxşılıq Allahdandır, başına gələn hər bir pislik isə özündəndir. (Ey Rəsulum!) Səni insanlara elçi olaraq göndərdik. (Buna) şahid olaraq Allah yetər.
(Nisa surəsi, 79)
- Kim Rəsula itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar. Üz döndərənə gəldikdə, Biz səni onların başına gözətçi göndərmədik.
(Nisa surəsi, 80)
- (Ey Rəsulum! Sənə:) “Baş üstə!” - deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.
(Nisa surəsi, 81)
- Onlar Quranı düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, həqiqətən, onda çoxlu ziddiyyətlər tapardılar.
(Nisa surəsi, 82)
- Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu yayarlar. Əgər bunu elçiyə və aralarındakı ixtiyar sahiblərinə demiş olsaydılar, onların içindən onun mahiyyətini anlayan kimsələr (onun nə olduğunu) bilərdilər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyacaqdınız.
(Nisa surəsi, 83)
- Ona görə də Allah yolunda vuruş! Sən özündən başqasına görə məsul deyilsən. Möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah inkar edənlərin gücünü qırar. Allahın gücü daha çox, cəzası da daha şiddətlidir.
(Nisa surəsi, 84)
- Kim yaxşı bir işə vasitəçi olarsa, ona o işdən bir pay düşər. Kim pis bir işə vasitəçi olarsa, ona da o işdən bir pay düşər. Allah hər şeyə gücü yetəndir.
(Nisa surəsi, 85)
- Sizə salam verilən zaman, siz ondan daha gözəl bir şəkildə və ya eynisi ilə salama cavab verin! Şübhəsiz ki, Allah hər şeyin haqq-hesabını çəkəndir.
(Nisa surəsi, 86)
- Allahdan başqa heç bir ilah yoxdur! Şübhəsiz, O, qopacağına şəkk olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Allahdan daha doğru danışan kimdir?!
(Nisa surəsi, 87)
- Sizə nə olub ki, münafiqlər barəsində iki qrupa ayrıldınız? Halbuki Allah onları, qazandıqları şeylərə görə baş aşağı etmişdir (küfrə qaytarmışdır). Allahın azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allah kimi azdırarsa, onun üçün heç bir (doğru) yol tapa bilməzsən!
(Nisa surəsi, 88)
- Onlar sizin də özləri kimi inkar edən olmağınızı istədilər ki, beləcə (onlarla) eyni olasınız. Ona görə də Allah yolunda hicrət edənə qədər onlardan (heç birini) özünüzə dost tutmayın! Əgər üz çevirsələr, onları yaxalayın və harada görsəniz öldürün! Onlardan özünüzə nə dost, nə də köməkçi tutun!
(Nisa surəsi, 89)
- Ancaq sizinlə aralarında müqavilə olan bir tayfaya sığınanlar, yaxud sizinlə vuruşmaqdan və ya öz qövmləri ilə vuruşmaq istəmədikləri üçün ürəkləri sıxılaraq sizə gələnlər istisnadır. Əgər Allah diləsəydi, həqiqətən, onları sizə ürcah edərdi və onlar sizinlə vuruşardılar. Əgər sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, Allah sizə, onlara qarşı bir yol izləmək (onlarla döyüşmək) haqqı verməz.
(Nisa surəsi, 90)
- Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün! Onlara qarşı sizə açıq bir səlahiyyət verdik.
(Nisa surəsi, 91)
- Səhvən olması istisna olmaqla, heç bir möminin (başqa) bir mömini öldürməyə haqqı yoxdur. Kim bir mömini səhvən öldürərsə, mömin bir qul azad etməli və (ölənin) ailəsinə qanbahası verməlidir. (Öldürülənin ailəsinin qanbahasını) bağışlaması istisnadır. Əgər (öldürülən şəxs) mömin olub sizə düşmən bir tayfadan olarsa, mömin bir qul azad etmək lazımdır. Əgər (öldürülən şəxs) sizinlə aralarında müqavilə olan bir tayfadandırsa, o zaman onun ailəsinə qanbahası verməli və mömin bir qul azad etməlidir. Kim (buna imkan) tapa bilməsə, arxaarxaya iki ay oruc tutmalıdır ki, Allah tərəfindən tövbəsi qəbul edilsin. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 92)
- Kim bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş və onun üçün böyük bir əzab hazırlamışdır.
(Nisa surəsi, 93)
- Ey iman edənlər! Allah yolunda cihada çıxdığınız zaman yaxşıca araşdırın! Sizə salam verən bir kimsəyə, dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq: “Sən mömin deyilsən!” - deməyin! Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə, yaxşıca araşdırın! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Nisa surəsi, 94)
- Möminlərdən üzrsüz (cihada getməyib evdə) oturanlar, Allah yolunda malları və canları ilə cihad edənlərlə bir deyillər. Allah malları və canları ilə cihad edənləri, (cihada getməyib evdə) oturanlardan dərəcə etibarilə üstün tutdu. Allah hamısına gözəllik (cənnət) vəd etmişdir. Ancaq Allah cihada gedənləri (cihada getməyib evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.
(Nisa surəsi, 95)
- Öz tərəfindən dərəcələr, bağışlanma və mərhəmət ilə (onları üstün etmişdir). Allah bağışlayandır, rəhimlidir.
(Nisa surəsi, 96)
- Mələklər özlərinə zülm edənlərin canlarını alarkən dedilər: “Nə işlə məşğul idiniz?” Onlar dedilər: “Biz yer üzündə aciz idik”. Mələklər dedilər: “Allahın yeri hicrət edəcəyiniz qədər geniş deyildimi?!” Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis dönüş yeridir!
(Nisa surəsi, 97)
- Kişilər, qadınlar və uşaqlardan aciz olub heç bir çarə və hər hansı bir yol tapa bilməyənlər isə istisnadır.
(Nisa surəsi, 98)
- Ola bilsin ki, Allah onları bağışlasın. Allah əfv edəndir, bağışlayandır.
(Nisa surəsi, 99)
- Kim Allah yolunda hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah və Onun elçisi yolunda hicrət etmək üçün evindən çıxar, sonra da ölümü çatarsa, onun mükafatını vermək Allaha aiddir. Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 100)
- Yer üzündə səfərə çıxdığınız zaman, əgər inkar edənlərin sizə zərər yetirəcəklərindən qorxsanız, namazı qısaltmağınız sizə günah deyil. Həqiqətən, inkar edənlər sizin açıq-aşkar düşməninizdir.
(Nisa surəsi, 101)
- Ey Rəsulum!) Sən (döyüş əsnasında əsgərlərin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Onlar səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra namaz qılmamış olan digər dəstə gəlib səninlə birlikdə namaz qılsın. Onlar da ehtiyat tədbirləri alsınlar və silahlarını götürsünlər. İnkar edənlər istəyərlər ki, kaş siz silah-sursatınızdan və əşyalarınızdan xəbərsiz (uzaqda) olaydınız və sizin üzərinizə birdəfəlik basqın edəydilər. Əgər yağışdan əziyyət çəkərsinizsə, yaxud xəstə olarsınızsa, silahlarınızı yerə qoymağınız sizə günah deyil. Yenə də ehtiyat tədbirinizi görün! Şübhəsiz ki, Allah inkar edənlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
(Nisa surəsi, 102)
- Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam şəkildə) qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir.
(Nisa surəsi, 103)
- (Düşmən) qövmlə (mübarizə aparmaq) istəyiniz barəsində zəiflik göstərməyin! Əgər siz acı çəkirsinizsə, bilin ki, onlar da sizin kimi acı çəkirlər. Üstəlik siz onların ümid etmədikləri şeyləri Allahdan ümid edirsiniz. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 104)
- Allahın sənə göstərdiyi şəkildə insanlar arasında hökm verəsən deyə Kitabı sənə haqq olaraq nazil etdik. Ona görə də xainlərin müdafiəçisi olma!
(Nisa surəsi, 105)
- Allahdan bağışlanma dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 106)
- Özlərinə xəyanət edən kimsələr üçün mübahisə etmə! Şübhəsiz ki, Allah günahkar xain kimsəni sevməz.
(Nisa surəsi, 107)
- Onlar (etdiklərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Gecə vaxtı Onun razı qalmadığı sözləri sərf etdikləri zaman da Allah onların yanında idi. Allah onların etdiklərini (elmi ilə) əhatə etmişdir.
(Nisa surəsi, 108)
- Bax siz, dünya həyatında onlar üçün mübahisə edən kəslərsiniz. Bəs qiyamət günü kim onlar üçün Allahla mübahisə edəcək, yaxud kim onlara vəkil olacaq?
(Nisa surəsi, 109)
- Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər.
(Nisa surəsi, 110)
- Kim bir günah qazanarsa, onu yalnız öz əleyhinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 111)
- Kim bir xəta edər, yaxud günah iş görər, sonra da onu günahsız bir kimsənin üstünə atarsa, şübhəsiz, o (günahkar), iftira və açıq-aşkar bir günah yüklənmiş olar.
(Nisa surəsi, 112)
- Əgər sənə Allahın lütfü və mərhəməti olmasaydı, onlardan bir dəstə səni (haqdan) azdırmaq niyyətində olardı. Halbuki, onlar özlərindən başqasını azdıra bilməzlər və sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitabı (Quranı) və hikməti nazil etdi, eləcə də daha əvvəl bilmədiklərini öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
(Nisa surəsi, 113)
- Onların fısıldaşmalarının çoxunda xeyir yoxdur. Ancaq sədəqə verməyi, yaxud yaxşılığı və ya insanların arasını düzəltməyi (sülhü) əmr edən kimsənin (fısıldaşması) istisnadır. Kim Allahın rizasını qazanmaq üçün bunu edərsə, Biz ona böyük mükafat verəcəyik.
(Nisa surəsi, 114)
- Haqq yol aydın olduqdan sonra kim elçiyə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarıq. Ora necə də pis bir qayıdış yeridir!
(Nisa surəsi, 115)
- Şübhəsiz ki, Allah, Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqasını, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, (haqdan) uzaq bir zəlalətə düşmüşdür.
(Nisa surəsi, 116)
- Onlar Allahı qoyub yalnız dişilərə (dişi bütlərə) dua edir və inadkar şeytandan diləyirlər.
(Nisa surəsi, 117)
- Allah ona (şeytana) lənət etmiş, o isə demişdi: “Mütləq, bəndələrindən müəyyən bir qismini ələ keçirəcəyəm.
(Nisa surəsi, 118)
- Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür.
(Nisa surəsi, 119)
- (Şeytan) onlara vəd verər və onları ümidləndirər. Ancaq şeytanın onlara vəd verməsi, yalandan başqa bir şey deyildir.
(Nisa surəsi, 120)
- Onların sığınacaqları yer cəhənnəmdir. Oradan qaçıb xilas olacaqları bir yer tapa bilməyəcəklər.
(Nisa surəsi, 121)
- İman edib yaxşı işlər görənləri isə, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. (Bu,) Allahın haqq olan vədidir. Söz (vermək və onu tutmaq) baxımından Allahdan daha doğru kim ola bilər?!
(Nisa surəsi, 122)
- Nə sizin xülyalarınız, nə də kitab əhlinin xülyaları (həqiqət) deyildir. Kim pis bir iş görərsə, ona görə cəzalandırılar və Allahdan başqa özünə nə bir dost, nə də bir köməkçi tapa bilər.
(Nisa surəsi, 123)
- Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin ipi qədər belə haqsızlıq edilməyəcək.
(Nisa surəsi, 124)
- Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən və İbrahimin hənif dininə tabe olan kimsədən din baxımından daha gözəl kim ola bilər. Allah İbrahimi Özünə dost tutmuşdur.
(Nisa surəsi, 125)
- Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə) əhatə etmişdir.
(Nisa surəsi, 126)
- Səndən qadınlar barəsində fitva istəyirlər. De: “Verilməsi vacib olan (mirası) verməyib nikahlamaq istədiyiniz yetim qadınlar, aciz uşaqlar və yetimlərə qarşı ədalətlə rəftar etməyiniz barəsində fitvanı sizə Allah və Kitabda oxunan (ayələr) verir. Şübhəsiz ki, etdiyiniz hər bir xeyir işi Allah bilir.
(Nisa surəsi, 127)
- Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (özündən) üz çevirməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlmələri onlara günah deyil. Barışmaq daha xeyirlidir. Nəfslər xəsisliyə (qısqanclığa) hazırdır. Əgər yaxşı dolanıb (Allahdan) qorxsanız, (bilin ki,) şübhəsiz, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Nisa surəsi, 128)
- Zövcələr arasında ədalətli davranmağı nə qədər çox istəsəniz də, əsla bacara bilməzsiniz. Ona görə də birini asılı vəziyyətdə qoyub, (digərinə) tamamilə meyil göstərməyin! Əgər barışığa gəlib (belə hərəkətlərdən) çəkinsəniz, (bilin ki,) həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 129)
- Əgər (ər-arvad) bir-birindən ayrılsalar, Allah hər ikisini Öz geniş (lütfü və neməti) ilə zəngin edər Allah (lütfü ilə) genişdir, hikmət sahibidir.
(Nisa surəsi, 130)
- Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Sizdən əvvəl özlərinə kitab verilənlərə də, sizə də əmr etdik ki, Allahdan qorxun! Əgər Allahı inkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah heç nəyə möhtac deyildir, hər cür tərifə layiqdir.
(Nisa surəsi, 131)
- Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Vəkil olaraq Allah yetər!
(Nisa surəsi, 132)
- Ey insanlar! Əgər Allah istəsə, sizi yox edib, (yerinizə) başqalarını gətirər. Allah buna qadirdir.
(Nisa surəsi, 133)
- Kim dünya mükafatını istəyərsə, (bilsin ki,) dünyanın da, axirətin də mükafatı Allah dərgahındadır. Allah hər şeyi eşidəndir, görəndir.
(Nisa surəsi, 134)
- Ey iman edənlər! Özünüzün, ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti (təmin edən və) Allah üçün şahidlik edən kimsələr olun! (Haqqında şahidlik etdiyiniz kimsələr) istər varlı, istər kasıb olsun, Allah hər ikisinə də (sizdən) daha yaxındır. Nəfsinizin arzusuna uyaraq haqdan üz çevirməyin! Əgər (yalan danışaraq dilinizi) bükər, yaxud (şahidlikdən) boyun qaçırarsınızsa, (bilin ki,) həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır!
(Nisa surəsi, 135)
- Ey iman edənlər! Allaha, Onun elçisinə, elçisinə nazil etdiyi Kitaba və daha əvvəl nazil etdiyi kitablara iman edin (imanınızda əzmkar olun)! Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edərsə, (haqdan) uzaq bir zəlalətə düşmüş olar.
(Nisa surəsi, 136)
- Həqiqətən, iman edib sonra inkar edən olan, sonra yenə iman edib, yenə inkar edən olan, sonra da küfrlərini artıran kimsələri Allah nə bağışlayar, nə də doğru yola yönəldər.
(Nisa surəsi, 137)
- Münafiqlərə, onlar üçün şiddətli əzab olacağını müjdələ!
(Nisa surəsi, 138)
- Möminləri qoyub inkar edənləri dost tutanlar, izzəti (güc və şərəfi) onların yanındamı axtarırlar?! Şübhəsiz ki, bütün izzət Allaha məxsusdur!
(Nisa surəsi, 139)
- (Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onların (ayələrin) ələ salındığını eşitdiyiniz zaman, onlar (inkar edənlər) bundan başqa bir sözə (mövzuya) keçənə qədər onlarla birlikdə oturmayın! Yoxsa siz də onlar kimi olarsınız. Şübhəsiz ki, Allah münafiqləri və inkar edənləri cəhənnəmdə bir yerə toplayacaqdır.
(Nisa surəsi, 140)
- Allahdan sizə bir qələbə nəsib olarsa, sizi kənardan izləyənlər (münafiqlər) belə deyərlər: “Biz də sizinlə birlikdə deyildikmi?” Əgər inkar edənlərə (zəfər) nəsib olarsa, (bu dəfə onlara:) “Biz (müharibədə) üstünlüyünüzü təmin edib sizi möminlərdən qorumadıqmı?” - deyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt möminlərə qarşı kafirlərə yol verməz.
(Nisa surəsi, 141)
- Həqiqətən, münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki O (Allah) onları aldadar (aldatmalarını cəzalandırar). Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini insanlara göstərər və Allahı çox az zikr edərlər.
(Nisa surəsi, 142)
- Onlar bunların (iman ilə küfr) arasında tərəddüd edib, nə onlara (möminlərə), nə də bunlara (inkar edənlərə) bağlanarlar. Allahın azdırdığı kimsə üçün heç bir (çıxış) yolu tapa bilməzsən.
(Nisa surəsi, 143)
- Ey iman edənlər, möminləri qoyub inkar edənləri dost tutmayın! (Bunu edərək) öz əleyhinizə, Allaha açıq bir dəlilmi vermək istəyirsiniz?
(Nisa surəsi, 144)
- Şübhəsiz, münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Artıq onlar üçün heç bir yardımçı tapa bilməzsən.
(Nisa surəsi, 145)
- Ancaq tövbə edib özlərini islah edən, Allaha (Allahın dininə) sarılan və Allah üçün dinlərini (ibadətlərini) ixlasla yerinə yetirən kimsələr istisnadır. Onlar möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir.
(Nisa surəsi, 146)
- Əgər şükür edib iman etsəniz, Allah sizə niyə əzab versin? Allah şükürün əvəzini verəndir, hər şeyi biləndir.
(Nisa surəsi, 147)
- Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir.
(Nisa surəsi, 148)
- Əgər yaxşı bir əməli açıqlasanız, yaxud gizlətsəniz və ya pis bir əməli əfv etsəniz, şübhəsiz ki, Allah da bağışlayandır, qüdrətlidir.
(Nisa surəsi, 149)
- Şübhəsiz, Allahı və elçilərini inkar edən, Allah və elçilərini, (iman etmək etibarilə) bir-birindən ayırmaq istəyərək: “(elçilərin) bir qisminə inanırıq, bir qisminə isə inanmırıq”, - deyən və bunlar (iman və küfr) arasında bir yol tutmaq istəyənlərə gəldikdə;
(Nisa surəsi, 150)
- Onlar həqiqətən, əsil inkar edənlərdir. Biz inkar edənlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
(Nisa surəsi, 151)
- Allaha və elçilərinə iman edərək onlardan heç birini digərindən ayırmayanlara gəldikdə, onlara mükafatlarını (Allah) verəcəkdir. Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 152)
- (Ey Rəsulum!) Kitab əhli səndən, özlərinə göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəyərək belə demişdilər: “Bizə Allahı açıq bir şəkildə göstər!” Zülmləri səbəbilə onları ildırım vurmuşdu. Bunun ardınca, onlara açıq-aydın dəlillər gəldikdən sonra buzovu özlərinə ilah qəbul etdilər. Biz bunu da bağışladıq və Musaya açıq bir dəlil (səlahiyyət) verdik.
(Nisa surəsi, 153)
- Verdikləri sözə riayət etsinlər deyə, Turu (dağı) onların üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!” - dedik. Həmçinin biz: “Şənbə günü həddi aşmayın (ov qadağasını pozmayın)!” – dedik və onlardan möhkəm bir əhd aldıq.
(Nisa surəsi, 154)
- Verdikləri əhdi pozmaları, Allahın ayələrini inkar etmələri, elçiləri haqsız yerə öldürmələri və: “Ürəklərimiz pərdəlidir!” - demələrinə görədir. Xeyr, küfrlərinə görə Allah onların qəlbini möhürləmişdir. Artıq, onların az bir qismi iman edər.
(Nisa surəsi, 155)
- Həmçinin inkar etmələri və Məryəmə böyük bir iftira atmaları səbəbilə.
(Nisa surəsi, 156)
- “Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” - demələridir. Halbuki, onu (İsanı) nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlara o (öldürdükləri şəxs), (İsaya) bənzər şəkildə göstərildi. Onun haqqında ixtilafda olanlar, əlbəttə, şübhə içərisindədirlər. Ona dair onların əlində heç bir (doğru) bilgi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Onu (İsanı) qətiyyən öldürmədilər.
(Nisa surəsi, 157)
- Əksinə, Allah onu (İsanı) Özünə (Öz dərgahına) qaldırmışdır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Nisa surəsi, 158)
- Kitab əhlindən olan hər bir kəs ölümündən əvvəl mütləq ona (İsaya) iman edəcəkdir. Qiyamət günü isə o (İsa) onlara şahidlik edəcəkdir.
(Nisa surəsi, 159)
- Yəhudilər zülm etdiklərinə və bir çox kimsəni Allahın yolundan döndərdiklərinə görə (daha əvvəl) özlərinə halal edilmiş gözəl nemətləri onlara haram etdik.
(Nisa surəsi, 160)
- Həmçinin (bunu,) onlara qadağan olunduğu halda faiz aldıqları və haqsızlıqla insanların malını yedikləri üçün etdik. Onlardan inkar edən olanlar üçün acı bir əzab hazırlamışıq.
(Nisa surəsi, 161)
- Ancaq onlardan elmi güclü olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil edilənə iman edirlər. Namazı qılan, zəkatı verən, Allaha və axirət gününə iman edənlərə böyük mükafat verəcəyik.
(Nisa surəsi, 162)
- Biz Nuha və ondan sonrakı elçilərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
- Daha əvvəl sənə haqlarında danışdığımız elçilərə də, danışmadığımız elçilərə də (vəhy etdik). Allah Musa ilə sözlə danışdı.
(Nisa surəsi, 164)
- Müjdə verən və xəbərdar edən (elçilər göndərdik ki,) elçilərdən sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Allah qüdrətlidir, hikmət sahibidir.
(Nisa surəsi, 165)
- Lakin Allah sənə nazil etdiyi (Quran) ilə şahidlik edir ki, onu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də (buna) şahidlik edirlər. Şahid olaraq Allah yetər!
(Nisa surəsi, 166)
- Həqiqətən, inkar edən olub (insanları) Allahın yolundan döndərən kimsələr (haqdan) uzaq bir zəlalətə düşmüşlər.
(Nisa surəsi, 167)
- Şübhəsiz ki, inkar edən olub haqsızlıq edənləri Allah nə bağışlayar, nə də onlara (başqa) bir yol göstərər.
(Nisa surəsi, 168)
- Ancaq (onlara) içində əbədi qalacaqları cəhənnəm yolunu (göstərər). Bu, Allah üçün çox asandır.
(Nisa surəsi, 169)
- Ey insanlar! Elçi Rəbbinizdən sizə haqqı (Quranı) gətirdi. Elə isə, öz yaxşılığınız üçün (ona) iman edin! Əgər (onu) inkar etsəniz, bilin ki, şübhəsiz, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 170)
- Ey kitab əhli, dininizdə həddi aşmayın və Allah barəsində haqdan başqa bir şey söyləməyin! Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Məryəmə göndərdiyi sözü (“Ol” sözünün nəticəsi) və Ondan bir ruhdur. Ona görə də Allaha və elçilərinə iman edin və “(Allah) üçdür” deməyin! Öz yaxşılığınız üçün buna son qoyun! Şübhəsiz ki, Allah tək bir ilahdır. O, övladı olmaqdan uzaq və pakdır. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Vəkil olaraq Allah kifayətdir.
(Nisa surəsi, 171)
- Nə Məsih, nə də müqərrəb (Allah yanında uca məqama sahib olan) mələklər Allahın bəndəsi olmağı əsla özlərinə ar bilməzlər. Kim Allaha ibadət etməyi özünə ar bilib təkəbbürlük göstərərsə, O, onların hamısını Öz hüzuruna toplayacaqdır.
(Nisa surəsi, 172)
- İman edib yaxşı işlər görənlərə gəldikdə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlara daha çoxunu da bəxş edəcəkdir. (Allaha ibadət etməyi) özlərinə ar bilib təkəbbürlük göstərənlərə gəldikdə isə, Allah onları acı bir əzabla cəzalandıracaqdır. Onlar özləri üçün (əzabdan xilas olmaq üçün) Allahdan başqa nə bir dost, nə də bir köməkçi tapacaqlar.
(Nisa surəsi, 173)
- Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəlmişdir. Biz sizə açıq-aydın bir nur (Quran) nazil etmişik.
(Nisa surəsi, 174)
- Allaha iman edib Ondan (Onun dinindən) möhkəm yapışanları Allah Öz rəhmət və lütfünə daxil edəcək və onları Özünə aparan doğru yola yönəldəcəkdir.
(Nisa surəsi, 175)
- Səndən fitva istəyirlər. De: “Atası və övladı olmayan şəxsin (mirası) haqqında Allah sizə fitva verir ki, əgər övladı olmayıb bir bacısı olan adam vəfat edərsə, mirasın yarısı onundur (bacısınındır). Övladı olmayan bir qadın vəfat etdikdə, qardaşı, onun varisidir. Əgər (vəfat edənin) iki (bacısı) varsa, mirasın üçdə ikisi onlarındır. Əgər (vəfat edənin daha çox) qardaşları və bacıları varsa, kişiyə (bir qardaşa), iki qadına (iki bacıya) düşən pay qədər (miras) düşür. Allah (bunu) doğru yoldan çıxmayasınız deyə sizə bəyan edir. Allah hər şeyi biləndir”.
(Nisa surəsi, 176)