Zuxruf surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ha, Mim!
(Zuxruf surəsi, 1)
- Bu açıq-aydın Kitaba and olsun ki,
(Zuxruf surəsi, 2)
- Anlayıb dərk edəsiniz deyə Biz onu ərəbcə bir Quran etdik.
(Zuxruf surəsi, 3)
- Şübhəsiz ki, o (Quran), dərgahımızdakı əsas kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, hikmətlidir.
(Zuxruf surəsi, 4)
- Həddi aşan bir qövm oldunuz deyə Quranı sizə təbliğ etməkdən vazmı keçək?!
(Zuxruf surəsi, 5)
- Biz əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə elçilər göndərmişdik.
(Zuxruf surəsi, 6)
- Onlar özlərinə gələn hər bir elçiyə istehza edirdilər.
(Zuxruf surəsi, 7)
- Biz onlardan daha güclü olanları da məhv etdik. Əvvəlkilərin məsəlləri (Quranda) verilmişdir.
(Zuxruf surəsi, 8)
- Əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?” - deyə soruşsan, əlbəttə: “Onları qüdrətli və hər şeyi bilən Allah yaratmışdır!” - deyəcəklər.
(Zuxruf surəsi, 9)
- O, yer üzünü sizin üçün beşik etdi və doğru yolda gedə biləsiniz deyə, orada yollar yaratdı.
(Zuxruf surəsi, 10)
- O, göydən lazımi qədər su endirdi. Beləcə, onunla ölü bir məmləkəti diriltdik. Siz də belə çıxardılacaqsınız.
(Zuxruf surəsi, 11)
- O, bütün cütləri xəlq etdi. Mindiyiniz gəmiləri və heyvanları da sizin üçün yaratdı.
(Zuxruf surəsi, 12)
- Ona görə ki, onlara minəsiniz, sonra da mindiyiniz zaman Rəbbinizin nemətini yada salasınız və belə deyəsiniz: “Bunları bizim xidmətimizə verən Allah pak və müqəddəsdir! Bizim ona gücümüz çatmazdı.
(Zuxruf surəsi, 13)
- Şübhəsiz ki, biz Rəbbimizə dönəcəyik”.
(Zuxruf surəsi, 14)
- Onlar isə Allahın bəndələrindən bir qismini Onun bir hissəsi kimi qəbul etdilər. Həqiqətən, insan açıq-aşkar nankordur.
(Zuxruf surəsi, 15)
- Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün ayırdı?!
(Zuxruf surəsi, 16)
- Onlardan birinə Rəhman olan Allaha isnad etdikləri (qız uşağı dünyaya gəlməsi) ilə müjdə verilərsə, qəzəblənmiş bir halda üzü qapqara olar.
(Zuxruf surəsi, 17)
- Bərbəzək içində yetişdirilən və çəkişmə zamanı açıq şəkildə danışmağı bacarmayanlarımı (Allaha isnad edirlər)?!
(Zuxruf surəsi, 18)
- Rəhmanın xidmətçiləri olan mələkləri də dişi saydılar. Onların yaradılışınamı şahid oldular?! Onların şahidliyi yazılacaq və (axirətdə) sorğu-sual olunacaqlar.
(Zuxruf surəsi, 19)
- Onlar: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!” - dedilər. Buna dair onların heç bir məlumatı yoxdur. Onlar ancaq yalan danışırlar.
(Zuxruf surəsi, 20)
- Yoxsa bundan əvvəl onlara bir kitab vermişik və onlar ona istinad edirlər?!
(Zuxruf surəsi, 21)
- Xeyr! Onlar: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, - deyirlər.
(Zuxruf surəsi, 22)
- Səndən əvvəl də hansı məmləkətə xəbərdarlıq edən bir elçi göndərmişiksə, oranın zəngin sakinləri yalnız: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, - dedilər.
(Zuxruf surəsi, 23)
- (Hər bir elçi öz qövmünə:) “Əgər sizə atalarınızdan gördüyünüz dindən daha doğrusunu gətirmişəmsə, onda necə?!” - demişdi. Onlar isə: “Biz sizinlə göndərilənləri inkar edirik”, - demişdilər.
(Zuxruf surəsi, 24)
- Buna görə də Biz onlardan intiqam aldıq. (Elçiləri) yalanlayanların aqibətinin necə olduğuna bir bax!
(Zuxruf surəsi, 25)
- Vaxtilə İbrahim atasına və qövmünə belə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam!
(Zuxruf surəsi, 26)
- Mən yalnız məni yaradana ibadət edirəm. Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”.
(Zuxruf surəsi, 27)
- İbrahim bu sözü özündən sonrakı nəslinə miras qoydu ki, bəlkə onlar (haqq yola) qayıdalar.
(Zuxruf surəsi, 28)
- Xeyr! Bunlara da, onların atalarına da özlərinə haqq və onu bəyan edən bir elçi gələnə qədər dolanışıq verdim.
(Zuxruf surəsi, 29)
- Haqq (Quran) onlara gəldiyi zaman: “Bu bir sehrdir, biz onu inkar edirik!” - dedilər.
(Zuxruf surəsi, 30)
- Onlar: “Bu Quran iki şəhərdən (Məkkə, yaxud Taifdən) olan böyük bir adama nazil edilməli deyildimi?” - dedilər.
(Zuxruf surəsi, 31)
- Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Onların dünya həyatındakı dolanışıqlarını aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə onlardan bəzilərini (zənginlik) dərəcəsi etibarilə digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir.
(Zuxruf surəsi, 32)
- Əgər insanların (inkar edənlərə rəğbət göstərən) bir ümmət olmaları (təhlükəsi) olmasaydı, yalnız Rəhman olan Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik.
(Zuxruf surəsi, 33)
- Evlərinin qapılarını və söykəndikləri taxtları da gümüşdən edərdik.
(Zuxruf surəsi, 34)
- Hətta qızıldan edərdik! Bütün bunlar ancaq dünya həyatının dolanışığıdır. Axirət isə Rəbbinin yanında müttəqilərə məxsusdur.
(Zuxruf surəsi, 35)
- Kim Rəhman olan Allahın zikrindən (Qurandan) üz çevirərsə, Biz ona bir şeytanı mübtəla edərik. O da onun ayrılmaz dostu olar.
(Zuxruf surəsi, 36)
- Şübhəsiz ki, şeytanlar onları haqq yoldan çıxardarlar. Onlar isə özlərinin doğru yolda olduqlarını zənn edərlər.
(Zuxruf surəsi, 37)
- Nəhayət, o, Bizim hüzurumuza gəldiyi zaman (şeytan ona): “Kaş mən səndən şərq ilə qərb arası qədər uzaqda olaydım. Sən nə pis dostsan!” - deyər.
(Zuxruf surəsi, 38)
- Haqsızlıq etdiyinizə görə bu gün peşmançılığınız sizə heç bir fayda verməyəcəkdir. Çünki siz əzabda ortaqsınız.
(Zuxruf surəsi, 39)
- (Ey elçi! Haqqı) karlara sənmi eşitdirəcəksən, yaxud kor olanları və açıq-aşkar zəlalətdə olanları sənmi doğru yola yönəldəcəksən?!
(Zuxruf surəsi, 40)
- Biz səni götürüb aparsaq da, heç şübhəsiz, onlardan intiqam alacağıq.
(Zuxruf surəsi, 41)
- Yaxud onlara vəd etdiyimizi (əzabı) sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatır.
(Zuxruf surəsi, 42)
- Ona görə də sənə vəhy olunandan möhkəm yapış! Həqiqətən, sən doğru yoldasan.
(Zuxruf surəsi, 43)
- Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün öyüd-nəsihətdir. Siz bundan sorğu-sual olunacaqsınız.
(Zuxruf surəsi, 44)
- Səndən əvvəl göndərdiyimiz elçilərimizdən (onların ümmətlərindən) də soruş. Məgər Biz Rəhman olan Allahdan başqa ibadət ediləsi ilahlar təyin etmişik?!
(Zuxruf surəsi, 45)
- Həqiqətən, Biz Musanı möcüzələrimizlə Firona və onun əyanlarına göndərmişdik və o: “Mən aləmlərin Rəbbinin elçisiyəm!” - demişdi.
(Zuxruf surəsi, 46)
- Musa möcüzələrimizi onlara göstərdiyi zaman onlar buna gülmüşdülər.
(Zuxruf surəsi, 47)
- Onlara göstərdiyimiz hər bir möcüzə digərindən daha böyük idi. Bəlkə (haqq yola) qayıdarlar deyə Biz onları müxtəlif əzablarla cəzalandırdıq.
(Zuxruf surəsi, 48)
- Onlar: “Ey sehrbaz! Sənə verdiyi sözün hörmətinə, bizim üçün Rəbbinə dua et (Rəbbin əzabı bizdən götürsün). Həqiqətən, biz doğru yola yönələcəyik!” - dedilər.
(Zuxruf surəsi, 49)
- Lakin Biz əzabı onlardan götürdüyümüz zaman onlar verdikləri sözdən döndülər.
(Zuxruf surəsi, 50)
- Firon öz qövmünə səslənərək belə dedi: “Ey qövmüm! Misirin hökmranlığı və ayaqlarımın altından axan bu çaylar mənim deyilmi? Məgər (mənim əzəmətimi) görmürsünüzmü?!
(Zuxruf surəsi, 51)
- Yoxsa mən sözünü açıq-aydın deyə bilməyən bu aciz adamdan daha xeyirli deyiləmmi?!
(Zuxruf surəsi, 52)
- Ona qızıl bilərziklər verilməli, yaxud onunla birlikdə köməkçi mələklər gəlməli deyildimi?!”
(Zuxruf surəsi, 53)
- Beləcə, Firon öz qövmünü xor görüb aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq idilər.
(Zuxruf surəsi, 54)
- Onlar Bizi qəzəbləndirdikləri zaman onlardan intiqam aldıq və onların hamısını suda boğduq.
(Zuxruf surəsi, 55)
- Beləliklə, onları sonradan gələnlər üçün ibrətamiz bir mazi etdik.
(Zuxruf surəsi, 56)
- Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü.
(Zuxruf surəsi, 57)
- Onlar: “Bizim ilahlarımız daha yaxşıdır, yoxsa İsa?” - dedilər. Bunu sənə yalnız mübahisə etmək üçün deyirdilər. Xeyr! Onlar höcətləşən kimsələrdir.
(Zuxruf surəsi, 58)
- İsa nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir bəndədir.
(Zuxruf surəsi, 59)
- Əgər istəsəydik, yer üzündə sizin yerinizə keçəcək mələklər yaradardıq.
(Zuxruf surəsi, 60)
- Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə də əsla ondan şübhə etməyin və Mənə tabe olun! Doğru yol budur.
(Zuxruf surəsi, 61)
- Şeytan sizi doğru yoldan çıxartmasın! Həqiqətən, o sizin açıq-aydın düşməninizdir.
(Zuxruf surəsi, 62)
- İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman belə demişdi: “Mən sizə hikmət gətirmişəm və ixtilafa düşdüyünüz məsələlərin bir qismini açıqlamaq üçün gəlmişəm. Ona görə də Allahdan qorxun və mənə itaət edin!
(Zuxruf surəsi, 63)
- Şübhəsiz ki, Allah mənim də, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol budur”.
(Zuxruf surəsi, 64)
- Ancaq onların arasından çıxan firqələr ixtilafa düşdülər. Acı bir günün əzabı ilə qarşılaşacaq o zalımların vay halına!
(Zuxruf surəsi, 65)
- Onlar özləri də fərqində olmadan qəfildən qiyamətin gəlməsinimi gözləyirlər?!
(Zuxruf surəsi, 66)
- O gün müttəqilər istisna olmaqla, dostlar bir-birinə düşmən olacaqlar.
(Zuxruf surəsi, 67)
- (O gün Allah müttəqilərə belə səslənəcəkdir:) “Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz!
(Zuxruf surəsi, 68)
- Ey ayələrimizə iman edib müsəlman olanlar!
(Zuxruf surəsi, 69)
- Zövcənizlə birlikdə sevinc içində cənnətə daxil olun!”
(Zuxruf surəsi, 70)
- Cənnətdə onların ətrafında qızıl sinilər və qədəhlər dolandırılacaq. Orada qəlbin istədiyi və gözlərin xoşlandığı hər şey mövcuddur. Siz orada əbədi qalacaqsınız.
(Zuxruf surəsi, 71)
- Varis olduğunuz bu cənnət etdiyiniz əməllərin qarşılığıdır.
(Zuxruf surəsi, 72)
- Orada sizin üçün yeyəcəyiniz bir çox meyvələr vardır.
(Zuxruf surəsi, 73)
- Şübhəsiz, günahkarlar cəhənnəm əzabında əbədi qalacaqlar.
(Zuxruf surəsi, 74)
- Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada ümidsiz qalacaqlar.
(Zuxruf surəsi, 75)
- Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.
(Zuxruf surəsi, 76)
- Onlar: “Ey Malik! Rəbbin bizim canımızı alsın!” - deyə səslənəcəklər. O da: “Siz (bu vəziyyətdə) qalacaqsınız!” - deyəcəkdir.
(Zuxruf surəsi, 77)
- “Həqiqətən, Biz sizə haqqı gətirmişdik, lakin sizin çoxunuz haqqı xoşlamırdı”.
(Zuxruf surəsi, 78)
- Yoxsa onlar bir işə (elçisin qətlinə) qərar veriblər?! Şübhəsiz, Biz də Öz qərarımızı vermişik.
(Zuxruf surəsi, 79)
- Yoxsa onlar öz sirlərini və gizli danışıqlarını eşitmədiyimizimi zənn edirlər?! Xeyr! Onların yanındakı elçilərimiz (mələklər) də yazırlar.
(Zuxruf surəsi, 80)
- De: “Əgər Rəhman olan Allahın bir övladı olsaydı, ona ibadət edənlərin ilki mən olardım.
(Zuxruf surəsi, 81)
- Həm göylərin və yerin, həm də ərşin Rəbbi olan Allah onların aid etdikləri sifətlərdən uzaqdır, pakdır!”
(Zuxruf surəsi, 82)
- Ona görə də qoy onlar vəd olunduqları günə qovuşana qədər (batil işlərinə) dalıb əylənsinlər.
(Zuxruf surəsi, 83)
- Göydə də, yerdə də ilah Odur. O, hikmət sahibidir, hər şeyi biləndir.
(Zuxruf surəsi, 84)
- Göylərin, yerin və onların arasındakıların hökmranı olan Allah çox ucadır! Qiyamət vaxtını da O bilir. Siz Ona qaytarılacaqsınız.
(Zuxruf surəsi, 85)
- Ondan başqa dua etdikləriniz şəfaət etməyə qadir deyillər. Ancaq bilərək haqqa (tövhidə) şahidlik edənlər bundan istisnadır.
(Zuxruf surəsi, 86)
- Əgər onlara özlərini kim yaratdı deyə sual versən, əlbəttə: “Allah!” - deyəcəklər. Bəs necə olub (haqq yoldan) döndərilirlər?!
(Zuxruf surəsi, 87)
- Onun (elçinin) dediyi söz belə idi: “Ey Rəbbim! Həqiqətən, bunlar iman etməyən bir qövmdür”.
(Zuxruf surəsi, 88)
- Elə isə sən “Salam!” deyib onlarla xoş rəftar et! Onlar tezliklə biləcəklər.
(Zuxruf surəsi, 89)