Ənam surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Həmd göyləri və yeri yaradan, zülmətləri və nuru xəlq edən Allaha məxsusdur! (Bu qədər dəlillərdən) sonra inkar edənlər, (yenə də bütləri) Rəbbinə tay tuturlar.
(Ənam surəsi, 1)
- Sizi palçıqdan yaradıb sonra ölüm vaxtını təyin edən də Odur. Onun dərgahında müəyyənləşdirilmiş bir vaxt (qiyamət gününün vaxtı) vardır. Sonra siz yenə də şübhə edirsiniz.
(Ənam surəsi, 2)
- Göylərdə və yerdə (tək ilah olan) O Allahdır! O, gizlətdiyinizi də, aşkar etdiyinizi də bilir. O, sizin qazandığınızı da bilir.
(Ənam surəsi, 3)
- Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
(Ənam surəsi, 4)
- Onlara haqq gəldiyi vaxt onu yalan saydılar. Ancaq məsxərəyə qoyduqlarının xəbərləri tezliklə onlara gələcəkdir.
(Ənam surəsi, 5)
- Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi?! Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Onlara göydən bol yağış göndərmiş və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahları səbəbilə məhv etdik və onlardan sonra başqa nəsillər yaratdıq.
(Ənam surəsi, 6)
- Əgər sənə kağız üstünə yazılmış bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunsaydılar, inkar edənlər yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”, - deyərdilər.
(Ənam surəsi, 7)
- Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi.
(Ənam surəsi, 8)
- Əgər onu (elçini) bir mələk etsəydik, şübhəsiz ki, onu da bir insan surətinə salar və yenə onları düşdükləri şübhəyə salardıq.
(Ənam surəsi, 9)
- Səndən əvvəlki elçilər də məsxərəyə qoyulmuşdular. Buna görə də istehza etdikləri (əzab) məsxərəyə qoyanları bürümüşdü.
(Ənam surəsi, 10)
- De: “Yer üzündə gəzib dolaşın, sonra (elçiləri) təkzib edənlərin aqibətinin necə olduğuna baxın!”
(Ənam surəsi, 11)
- De: “Göylərdə və yerdə olanlar kimindir?” De ki: “Allahındır!” O, Özünə mərhəmətli olmağı vacib etmişdir. O sizi olacağına şübhə olmayan qiyamət günündə mütləq bir yerə toplayacaqdır. Özlərinə zərər yetirənlər isə iman etməzlər.
(Ənam surəsi, 12)
- Gecə və gündüzün içində olan hər bir şey Onundur. O, hər şeyi eşidəndir, biləndir.
(Ənam surəsi, 13)
- De: “Göyləri və yeri yaradan, (yaratdıqlarını) bəslədiyi halda Özü bəslənməyən Allahdan başqasınımı özümə dost tutacağam?!” De: “Mənə ilk müsəlman olmağım əmr edildi və: “Əsla müşriklərdən olma!” (- deyə buyuruldu)”.
(Ənam surəsi, 14)
- De: “Rəbbimə asi olacağım təqdirdə böyük bir günün əzabından qorxaram”.
(Ənam surəsi, 15)
- O gün kim (əzabdan) xilas olunarsa, şübhəsiz ki, (Allah) ona rəhm etmişdir. Açıq-aydın uğur (qurtuluş) budur.
(Ənam surəsi, 16)
- Əgər Allah sənə bir zərər yetirsə, Ondan başqa heç kəs onu dəf edə bilməz. Əgər O sənə bir xeyir yetirsə, (buna da heç kəs mane ola bilməz). O, hər şeyə qadirdir.
(Ənam surəsi, 17)
- O, bəndələri üzərində tam hakimiyyət sahibidir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır.
(Ənam surəsi, 18)
- De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı, başqa ilahlar olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.
(Ənam surəsi, 19)
- Kitab verdiyimiz kimsələr onu (elçini), öz övladlarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana salanlar iman etməzlər.
(Ənam surəsi, 20)
- Yalan sözlərlə Allaha iftira atan, yaxud Onun ayələrini təkzib edən kəsdən daha zalım kim olar?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar.
(Ənam surəsi, 21)
- O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!” - deyəcəyik.
(Ənam surəsi, 22)
- Sonra onların: “Rəbbimiz olan Allaha and olsun ki, biz şərik qoşan deyildik!” - deməkdən başqa bəhanələri qalmayacaqdır.
(Ənam surəsi, 23)
- Bax gör, özlərinə qarşı necə yalan söylədilər. Özlərindən uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb yoxa çıxdılar.
(Ənam surəsi, 24)
- Onlardan səni (Quran oxuyarkən) dinləyənlər də vardır. Lakin onu (Quranı) anlamasınlar deyə, ürəklərinə pərdə çəkdik, qulaqlarına da ağırlıq verdik (kar etdik). Onlar hər cür möcüzə görsələr də, yenə ona inanmazlar. Hətta inkar edən olanlar sənin yanına gəldikləri zaman: “Bu (Quran), əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”, - deyərək səninlə mübahisə edirlər.
(Ənam surəsi, 25)
- Onlar həm onu (Quranı dinləməyi) qadağan edir, həm də özləri ondan uzaq dururlar. Onlar fərqinə varmadan ancaq özlərini məhv edirlər.
(Ənam surəsi, 26)
- Alovun qarşısında dayandırıldıqları zaman: “Kaş biz (dünyaya) qaytarılaydıq, Rəbbimizin ayələrini yalanlamayaydıq və möminlərdən olaydıq!” – demələrini görəydin.
(Ənam surəsi, 27)
- Xeyr, daha əvvəl (qəlbində) gizlətdikləri (küfr və günahlar) onların qarşısına çıxdı. Əgər (dünyaya) geri qaytarılsaydılar, onlar yenə qadağan olunduqları şeylərə geri qayıdacaqdılar. Onlar həqiqətən, yalançıdırlar.
(Ənam surəsi, 28)
- Onlar: “Dünyadakı həyatımızdan başqa (bir həyat) yoxdur və biz (təkrar) diriləsi də deyilik!” – demişdilər.
(Ənam surəsi, 29)
- Rəbbinin hüzurunda dayandırıldıqları zaman (onları) görəydin! Allah buyuracaq: “Bu, haqq deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (haqdır)!” - deyəcəklər. Allah buyuracaq: “Elə isə, (bunu) inkar etdiyinizə görə dadın əzabı!”
(Ənam surəsi, 30)
- Allahın hüzuruna çıxmağı yalan sayanlar həqiqətən, ziyana uğramışlar. Qiyamət qəflətən onlara gəlib çatdığı zaman (günah) yüklərini bellərində daşıyaraq: “Oradakı (dünyadakı) təqsirlərimizə görə vay halımıza!” – deyəcəklər. Diqqət edin, daşıdıqları (günahlar) necə də pisdir!
(Ənam surəsi, 31)
- Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Şübhəsiz, axirət yurdu təqva sahibləri üçün daha xeyirlidir. Yenə də düşünüb dərk etmirsinizmi?
(Ənam surəsi, 32)
- Həqiqətən, onların söylədikləri sözlərin səni çox kədərləndirdiyini bilirik. Əslində, onlar səni yalançı saymırlar, lakin o zalımlar Allahın ayələrini inkar edirlər.
(Ənam surəsi, 33)
- Şübhəsiz ki, səndən əvvəlki elçilər də yalançı sayılmışdılar. Onlar, təkzib edilmələrinə və əziyyətə məruz qalmalarına rəğmən səbir etdilər və nəhayət, Bizim köməyimiz onlara gəlib çatdı. Heç kim Allahın sözlərini dəyişdirə bilməz! Şübhəsiz ki, elçilərə aid xəbərlərin bir qismi sənə də gəlib çatdı.
(Ənam surəsi, 34)
- Əgər onların (haqdan) üz çevirmələri sənə ağır gəlirsə, bacarırsansa, yerin daxilinə (enə biləcəyin) bir lağım, yaxud göyə çıxa biləcəyin bir nərdivan axtar ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah diləsəydi, onları doğru yol üzərində birləşdirərdi. Ona görə də əsla cahillərdən olma!
(Ənam surəsi, 35)
- Ancaq (səmimi-qəlbdən) qulaq asanlar dəvəti qəbul edər. Ölülərə gəldikdə, Allah onları dirildəcək, sonra Ona (Onun hüzuruna) qaytarılacaqlar.
(Ənam surəsi, 36)
- Onlar: “Ona (elçiyə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” - dedilər. De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir”. Lakin onların çoxu bilməz.
(Ənam surəsi, 37)
- Yer üzündəki heyvanlar da, qanadları ilə uçan quşlar da ancaq və ancaq sizin kimi ümmətlərdir. Biz kitabda (Quranda) heç bir şeyi əskik qoymadıq. Sonra (onların hamısı) Rəbbinin hüzuruna yığılacaqlar.
(Ənam surəsi, 38)
- Ayələrimizi təkzib edənlər qaranlıqlar içində qalmış karlar və lallardır. Allah dilədiyi kimsəni (haqq yoldan) azdırar, dilədiyini də doğru yola yönəldər.
(Ənam surəsi, 39)
- De: “Əgər doğru danışırsınızsa, deyin görək, sizə Allahın əzabı gələr, yaxud qiyamət sizə gəlib çatarsa, Allahdan başqasınamı yalvaracaqsınız?”
(Ənam surəsi, 40)
- Əksinə, yalnız Ona (Allaha) yalvaracaqsınız. Əgər O diləyərsə, yalvardığınız şeyi (bəlanı sizdən) dəf edər və siz də (Allaha) şərik qoşduqlarınızı (bütlərinizi) unudarsınız.
(Ənam surəsi, 41)
- Həqiqətən, səndən əvvəlki ümmətlərə də elçilər göndərdik, (Allaha) boyun əysinlər deyə onları kasıblığa və xəstəliyə düçar etdik.
(Ənam surəsi, 42)
- Barı, əzabımız onlara gəldiyi zaman boyun əyəydilər. Lakin onların qəlbi sərtləşdi və şeytan da onlara etdikləri əməlləri cazibəli göstərdi.
(Ənam surəsi, 43)
- Onlara edilən xəbərdarlıqları unutduqları zaman (müsibətləri dəf edərək) hər şeyin qapılarını onların üzünə açdıq. Nəhayət, özlərinə verilənlərə görə sevindikləri zaman onları qəflətən (əzabla) yaxaladıq və onlar bütün ümidlərini itirdilər.
(Ənam surəsi, 44)
- Beləcə, o zalım qövmün kökü kəsildi. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
(Ənam surəsi, 45)
- De: “Deyin görüm, əgər Allah eşitmə və görmə qabiliyyətinizi (əlinizdən) alsa və qəlbinizə də möhür vursa, Allahdan başqa hansı ilah onları sizə geri gətirə bilər?” Bax gör, ayələri necə açıqlayırıq! Sonra onlar yenə (haqdan) üz çevirirlər.
(Ənam surəsi, 46)
- De: “Deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-aşkar gələrsə, zalım qövmdən başqasımı məhv edilər?!”
(Ənam surəsi, 47)
- Biz elçiləri ancaq müjdələyən və xəbərdar edənlər olaraq göndəririk. Kim iman edib özünü islah edərsə, onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Ənam surəsi, 48)
- Ayələrimizi yalan sayanlara gəldikdə, etdikləri günahlara görə onlara əzab toxunacaqdır.
(Ənam surəsi, 49)
- De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, - demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, - demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?”
(Ənam surəsi, 50)
- Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları onunla (Quranla) xəbərdar et! Onların Allahdan başqa nə bir himayədarı, nə də bir şəfaətçisi vardır. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr.
(Ənam surəsi, 51)
- Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan.
(Ənam surəsi, 52)
- Beləcə onların: “Allah aramızdan bunlaramı lütf etdi?” - demələri üçün bir qismini digərləri ilə imtahan etdik. Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?!
(Ənam surəsi, 53)
- Ayələrimizə iman edənlər sənin yanına gəldikləri zaman (onlara) de: “Sizə salam olsun! Rəbbiniz mərhəmətli olmağı Özünə vacib etdi. Odur ki, sizlərdən hər kim bilməyərək pis bir iş görərsə, sonra onun arxasınca tövbə edib özünü islah edərsə, bilsin ki, Allah bağışlayandır, rəhmlidir”.
(Ənam surəsi, 54)
- Günahkarların yolu açıq-aydın ortaya çıxsın deyə, ayələri bu şəkildə açıqlayırıq.
(Ənam surəsi, 55)
- De: “Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmişdir!” De: “Əsla sizin arzularınıza uymaram. Elə olsaydı, (haqq yoldan) azmış olardım və doğru yola yönələnlərdən olmazdım”.
(Ənam surəsi, 56)
- De: “Həqiqətən, mən Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda deyil. Hökm ancaq Allahındır. Haqqı O bəyan edər. O, (haqq ilə batili) ayırd edənlərin ən yaxşısıdır”.
(Ənam surəsi, 57)
- De: “Əgər tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda olsaydı, mənimlə sizin aranızda iş, əlbəttə, bitirilmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.
(Ənam surəsi, 58)
- Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır).
(Ənam surəsi, 59)
- Sizi gecə öldürən (yuxuladan), gündüz nə əldə etdiyinizi bilən, sonra müəyyən olunmuş vaxt (əcəl) tamamlansın deyə, gündüz vaxtı sizi dirildən (yuxudan oyandıran) Odur. Sonra dönüşünüz Onadır. Sonra Allah etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
(Ənam surəsi, 60)
- O (Allah), bəndələri üzərində tam hakimiyyət sahibidir. O sizə gözətçi mələklər göndərir. Nəhayət, birinizin ölümü çatdığı zaman mələklərimiz onun canını alar. Onlar (öz işlərində) heç bir nöqsana yol verməzlər.
(Ənam surəsi, 61)
- Sonra (insanlar) həqiqi sahibləri olan Allahın hüzuruna qaytarılacaqlar. Bilin ki, hökm Onundur və O, ən sürətli haqq-hesaba çəkəndir.
(Ənam surəsi, 62)
- De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz.
(Ənam surəsi, 63)
- De: “Allah sizi ondan da, hər cür çətinlikdən də xilas edər. Sonra siz (yenə Ona) şərik qoşursunuz?”
(Ənam surəsi, 64)
- De: “O (Allah), üstünüzdən (göydən) və ya ayaqlarınızın altından (yerdən) sizə əzab göndərməyə, yaxud sizin aranızı qarışdırıb bir-birinizə zərər verdirməyə qadirdir”. Bax, başa düşsünlər deyə, ayələri onlara necə açıqlayırıq!
(Ənam surəsi, 65)
- Sənin qövmün onu (Quranı), haqq olduğu halda yalan saydı. De: “Mən sizin vəkiliniz deyiləm”.
(Ənam surəsi, 66)
- Hər bir xəbərin (gerçəkləşəcəyi) bir vaxtı vardır və siz də (onu) biləcəksiniz.
(Ənam surəsi, 67)
- Ayələrimizi ələ salanları gördüyün zaman onlar söhbəti dəyişincəyə qədər onlardan uzaq dur! Əgər şeytan (bunu) sənə unutdurarsa, xatırladıqdan sonra o zalım insanlarla birlikdə oturma!
(Ənam surəsi, 68)
- Onların (etdikləri günahlara görə) haqq-hesaba çəkilmələrində təqva sahiblərinin heç bir məsuliyyəti yoxdur. Lakin çəkinmələri ümidi ilə onlara nəsihət vermək lazımdır.
(Ənam surəsi, 69)
- Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri səbəbilə onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır.
(Ənam surəsi, 70)
- De: “Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərəmi dua edək?! Allah bizi doğru yola yönəltdikdən sonra yer üzündə şaşqın bir halda dolaşarkən şeytanların azdırdığı kəs kimi geriyəmi döndəriləcəyik? (Şeytanın azdırdığı) o kimsənin “Bizə gəl!” - deyərək haqq yola çağıran dostları var”. De: “Əsil doğru yol Allahın yoludur. Bizə aləmlərin Rəbbinə təslim olmağımız əmr edilmişdir”.
(Ənam surəsi, 71)
- Eyni zamanda: “Namaz qılın və Ondan qorxun! Siz Onun hüzuruna toplanacaqsınız!” - (deyə əmr edilmişdir)”.
(Ənam surəsi, 72)
- Göyləri və yeri haqq olaraq yaradan da Odur. O gün (axirət günü): “Ol!” - deyəcək və (hər şey) dərhal olacaq. Onun sözü haqdır. Surun çalınacağı gün hökmranlıq Onundur. Qeybi və aşkarı biləndir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır.
(Ənam surəsi, 73)
- Bir vaxt İbrahim atası Azərə demişdi: “Sən bütləri ilah kimimi görürsən? Həqiqətən, mən səni və sənin qövmünü açıq-aydın bir zəlalət içində görürəm”.
(Ənam surəsi, 74)
- Beləcə, yəqinliklə iman edənlərdən olması üçün İbrahimə göylərin və yerin hökmranlığını (əzəmətini) göstərdik.
(Ənam surəsi, 75)
- Gecənin qaranlığı onu bürüdüyü zaman o, bir ulduz gördü və dedi: “Bu mənim Rəbbimdir!” Ancaq (ulduz) batdığı zaman: “Mən batanları sevmirəm”. – dedi.
(Ənam surəsi, 76)
- Ay doğarkən onu görən zaman belə dedi: “Bu mənim Rəbbimdir!” O batdığı zaman isə: “Şübhəsiz, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, zəlalətə düşən qövmdən olardım”, - dedi.
(Ənam surəsi, 77)
- Günəşi doğarkən görən zaman isə: “Bu mənim Rəbbimdir. Bu daha böyükdür”, - dedi. Ancaq o da batdığı zaman belə dedi: “Ey qövmüm, mən həqiqətən, sizin (Allaha) şərik qoşduğunuz şeylərdən uzağam.
(Ənam surəsi, 78)
- Mən hənif olaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm!”
(Ənam surəsi, 79)
- Qövmü onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah mənə doğru yolu göstərmişkən siz Allah barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin hər hansı bir şeyi diləməsi istisna olmaqla, mən Ona şərik qoşduqlarınızdan (bütlərdən) qorxmuram. Rəbbimin elmi hər şeyi əhatə edir. Hələ də düşünüb ibrət almırsınızmı?
(Ənam surəsi, 80)
- Siz (Allahın) heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Allaha şərik qoşmaqdan qorxmazkən, nə üçün sizin şərk qoşduqlarınızdan qorxum?! Əgər bilirsinizsə, (deyin görək, bu) iki qrupdan hansı əmin-amanlıqda olmağa daha layiqdir?
(Ənam surəsi, 81)
- İman edib imanlarına heç bir zülm (şirk) qatmayanlar üçün əminlik vardır və onlar haqq yoldadırlar.
(Ənam surəsi, 82)
- Bu, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlilimizdir. Biz dilədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.
(Ənam surəsi, 83)
- Biz ona İshaqı və (İshaqın oğlu) Yaqubu bəxş etdik. Onların hər birini doğru yola yönəltdik. Daha əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Ənam surəsi, 84)
- Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (doğru yola yönəltmişdik). Onların hamısı əməlisaleh kimsələr idi.
(Ənam surəsi, 85)
- İsmaili, Əlyəsəni, Yunisi və Lutuda (doğru yola yönəltdik). Onların hamısını aləmlərdən (digər insanlardan) üstün etdik.
(Ənam surəsi, 86)
- Onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini üstün etdik). Onları seçdik və doğru yola yönəltdik.
(Ənam surəsi, 87)
- Bu, Allahın doğru yoludur. O, bəndələrindən dilədiyi kimsəni o yola yönəldər. Əgər onlar (Allaha) şərik qoşsaydılar, şübhəsiz, onların etdikləri əməllər də puça çıxardı.
(Ənam surəsi, 88)
- Onlar kitab, hökm və elçilik verdiyimiz kəslərdir. Əgər (inkar edənlər) bunları (bu dəlilləri) inkar etsələr, Biz onların yerinə bunları inkar etməyən bir qövm gətirərik.
(Ənam surəsi, 89)
- Onlar (o elçilər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol! De: “Bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran), aləmlər üçün ancaq bir nəsihətdir”.
(Ənam surəsi, 90)
- Allahı layiqincə tanımadılar. Belə ki, onlar: “Allah heç bir bəşərə hər hansı bir şey nazil etməmişdir”, - dedilər. De ki: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb (istədiyinizi) açıqlayırsınız, bir çoxunu da gizlədirsiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri (Qurandan) öyrənmiş olursunuz”. Sən: “Allah!” – de. Sonra onları burax ki, qoy düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.
(Ənam surəsi, 91)
- Bu (Quran), Ümmül-Qura (böyük şəhər) əhlini və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz və özündən əvvəlkiləri doğrulayan mübarək bir kitabdır. Axirətə iman edən kimsələr ona iman edər və namazlarını qılmağa davam edərlər.
(Ənam surəsi, 92)
- Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” - deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” - deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - deyərkən onların halını bir görəydin.
(Ənam surəsi, 93)
- Şübhəsiz ki, sizə (dünyada) verdiklərimizi arxada qoyaraq ilk dəfə sizi yaratdığımız kimi tək-tək Bizə gələcəksiniz. Öz aranızda (Allaha) şərik qoşduğunuz şəfaətçilərinizi sizin yanınızda görməyəcəyik. Artıq aranızdakı (əlaqə) kəsilmiş və iddia etdiyiniz (bütlər) də sizdən uzaqlaşıb getmişdir.
(Ənam surəsi, 94)
- Şübhəsiz ki, Allah toxumu və çəyirdəyi çatladandır. O, ölüdən diri, diridən də ölü çıxardar. Budur Allah! Bəs (haqq yoldan) necə döndərilirsiniz?
(Ənam surəsi, 95)
- (Allah gecənin zülmətindən) səhəri yarıb çıxarandır. O, gecəni bir istirahət vaxtı, günəşi və ayı da bir ölçü vasitəsi təyin etmişdir. (Bütün) bunlar yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahın təqdiridir.
(Ənam surəsi, 96)
- Gecə vaxtı quruda və dənizdə düz yolu gedə biləsiniz deyə, sizin üçün ulduzları yaradan da Odur. Bilən bir qövm üçün ayələri ətraflı şəkildə açıqladıq.
(Ənam surəsi, 97)
- Sizi tək bir nəfsdən (Adəmdən) yaradan da Odur. (Sizin üçün) bir qalma yeri (dünya həyatı), bir də əmanət olaraq qoyulacağınız yer var. Biz dərk edən bir qövm üçün ayələri ətraflı izah etdik.
(Ənam surəsi, 98)
- Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik. Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın! Şübhəsiz ki, (bütün) bunlarda, iman edən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Ənam surəsi, 99)
- Onlar cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır. Heç bir məlumatları olmadan Onun üçün oğullar və qızlar uydurdular. Allah, onların iddia etdiyi sifətlərdən uzaq və ucadır.
(Ənam surəsi, 100)
- O, göyləri və yeri yoxdan var edəndir. Onun zövcəsi olmadığı halda necə övladı ola bilər?! Hər şeyi O yaratmışdır və hər şeyi bilən Odur.
(Ənam surəsi, 101)
- Budur Rəbbiniz olan Allah! Ondan başqa heç bir ilah yoxdur. O, hər şeyi yaradandır. Buna görə də Ona ibadət edin! O, hər şeyə vəkildir (qoruyandır).
(Ənam surəsi, 102)
- Gözlər Onu görə bilməz. Ancaq O, gözləri görər. O lütfkardır, hər şeydən xəbərdardır.
(Ənam surəsi, 103)
- Rəbbinizdən sizə bəsirət (görüb dərk etmə qabiliyyəti) gəlmişdir. Kim görərsə, bu öz lehinə, kim də görməzsə, bu onun əleyhinədir. Mən sizin üstünüzdə gözətçi deyiləm.
(Ənam surəsi, 104)
- Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər və həmçinin onu (Quranı), anlayan bir qövm üçün açıqlayaq deyə ayələri bu şəkildə izah edirik.
(Ənam surəsi, 105)
- Rəbbindən sənə vəhy edilənə tabe ol! Ondan başqa heç bir ilah yoxdur. Müşriklərdən də üz çevir!
(Ənam surəsi, 106)
- Əgər Allah diləsəydi, onlar müşrik olmazdılar. Səni onların üstündə gözətçi qoymamışıq. Sən onların vəkili də deyilsən.
(Ənam surəsi, 107)
- Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. Sonra onların qayıdışı Rəbbinin hüzurunadır. O (Allah), etdikləri əməlləri onlara xəbər verəcəkdir.
(Ənam surəsi, 108)
- Allaha ürəkdən and içdilər ki, əgər onlara bir möcüzə gəlsə, ona mütləq inanacaqlar. De: “Möcüzələr ancaq Allahın dərgahındadır. Bəs, (möcüzə) gəlsə belə, yenə də iman etməyəcəklərini bilmirsinizmi?”
(Ənam surəsi, 109)
- (Möcüzə gəlsə belə) daha əvvəl ona iman etmədikləri kimi, yenə onların qəlbini və gözlərini tərsinə çevirərik və onları, öz azğınlıqları içində çaşqın bir vəziyyətdə qoyarıq.
(Ənam surəsi, 110)
- Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah diləmədikcə onlar yenə iman etməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz.
(Ənam surəsi, 111)
- Beləcə, hər elçi üçün insan və cin şeytanlarından düşmənlər təyin etdik. Onlar biri digərini aldatmaq üçün bir-birinə təmtəraqlı sözlər fısıldayarlar. Əgər Rəbbin diləsəydi, onlar bunu edə bilməzdilər. Ona görə də, onları uydurduqları yalanlarla baş-başa burax!
(Ənam surəsi, 112)
- Axirətə inanmayanların ürəkləri onlara (təmtəraqlı sözlərə) meyil etsin, onlardan xoşlansın və gördükləri pis işlərə davam etsinlər deyə (bu sözləri təlqin edərlər).
(Ənam surəsi, 113)
- (De:) “Allahdan başqa bir hakimmi istəməliyəm?! Halbuki sizə Kitabı təfsilatlı olaraq nazil edən Odur”. Kitab verdiyimiz kimsələr onun Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Ona görə də əsla şübhəyə düşənlərdən olma!
(Ənam surəsi, 114)
- Rəbbinin sözü doğru və ədalətli olaraq tamamlanmışdır. Onun sözlərini dəyişdirə bilən heç kəs yoxdur. O, hər şeyi eşidəndir, biləndir.
(Ənam surəsi, 115)
- Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan danışarlar.
(Ənam surəsi, 116)
- Şübhəsiz ki, sənin Rəbbin yolundan azanları da, haqq yola yönələnləri də ən yaxşı biləndir.
(Ənam surəsi, 117)
- Əgər Onun ayələrinə inanırsınızsa, üstündə Allahın adı çəkilərək kəsilənlərdən yeyin!
(Ənam surəsi, 118)
- Sizə nə olub ki, üstündə Allahın adı çəkilərək kəsilənlərdən yemirsiniz? Halbuki məcbur qaldığınız vaxt (yeyə biləcəyiniz şeylər) istisna olmaqla, sizə haram etdiklərini O sizin üçün bəyan etmişdir. Həqiqətən, bir çoxları arzularına uyaraq bilmədən (insanları) haqq yoldan azdırarlar. Şübhəsiz ki, Rəbbin həddi aşanları ən yaxşı biləndir.
(Ənam surəsi, 119)
- Günahın aşkar olanını da, gizli olanını da tərk edin! Şübhəsiz, günah qazanan kəslər etdikləri əməllərə görə cəzalandırılacaqlar.
(Ənam surəsi, 120)
- Allahdan qeyrisinə kəsilənlərdən yeməyin! Şübhəsiz ki, bu günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübarizə aparmalarını fısıldayarlar (təlqin edərlər). Əgər onlara uysanız, şübhəsiz, siz də müşrik olarsınız.
(Ənam surəsi, 121)
- Ölü ikən diriltdiyimiz və insanlar arasında gəzməsi üçün bir nur verdiyimiz kimsə qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi olarmı? Beləcə, etdikləri əməllər inkar edənlərə gözəl göstərilmişdir.
(Ənam surəsi, 122)
- Beləliklə, hər bir məmləkətdə günahkarları öndərlər etdik ki, orada hiyləli işlər görsünlər. Halbuki onlar yalnız özlərinə qarşı hiylə edirlər, ancaq (bunu) hiss etmirlər.
(Ənam surəsi, 123)
- Onlara bir ayə gəldiyi zaman belə deyərlər: “Allahın elçilərinə verilənin bir bənzəri bizə də verilmədikcə, əsla iman etməyəcəyik!” Allah elçiliyi kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar etdikləri hiyləli işlərə görə Allah dərgahında zillətə və şiddətli bir əzaba düçar olacaqlar.
(Ənam surəsi, 124)
- Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. Allah iman etməyənləri bu şəkildə əzaba məruz qoyar.
(Ənam surəsi, 125)
- Bu (din), Rəbbinin doğru yoludur. Biz düşünüb öyüd-nəsihət alan bir qövm üçün ayələrimizi təfsilatlı şəkildə izah etdik.
(Ənam surəsi, 126)
- Onlar üçün Rəbbinin yanında əminlik yurdu (cənnət) vardır. Etdikləri (gözəl) əməllərə görə Allah onların dostudur.
(Ənam surəsi, 127)
- Onların hamısını toplayacağı gün (Allah deyəcək): “Ey cin tayfası, siz insanların bir çoxunu (azdıraraq) özünüzə qoşdunuz”. Onların insanlardan olan dostları isə: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və artıq bizim üçün müəyyən etdiyin vədimizə çatmışıq”, - deyəcəklər. Allah da: “Allahın dilədiyi kimsələr istisna olmaqla, içində əbədi qalacağınız yer cəhənnəmdir”, - deyəcək. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.
(Ənam surəsi, 128)
- Beləcə, qazandıqları (günahlara) görə zalımları bir-birinin dostu edərik.
(Ənam surəsi, 129)
- “Ey cin və insan tayfası! Aranızdan ayələrimi sizə nəql edən və bu gününüzlə qarşılaşacağınız barədə sizi xəbərdar edən elçilər gəlmədimi?” - (deyildikdə), onlar: “Biz öz əleyhimizə şahidik!” - deyəcəklər. Dünya həyatı onları aldatdı və onlar özlərinin inkar edən olduğuna şahidlik etdilər.
(Ənam surəsi, 130)
- Çünki sənin Rəbbin əhalisi (elçilərin göstərdiyi haqq yoldan) xəbərsiz olduğu halda məmləkətləri zülmlə məhv edən deyildir.
(Ənam surəsi, 131)
- Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Sənin Rəbbin onların əməllərindən xəbərsiz deyildir.
(Ənam surəsi, 132)
- Rəbbin heç bir şeyə möhtac deyildir, mərhəmət sahibidir. Sizi başqa bir qövmün nəslindən yaratdığı kimi, istəsə, sizi məhv edər və sizdən sonra istədiyini sizin yerinizə gətirər.
(Ənam surəsi, 133)
- Şübhəsiz ki, sizə vəd edilən (əzab) gələcəkdir. Siz buna mane ola bilməzsiniz!
(Ənam surəsi, 134)
- De: “Ey qövmüm, əlinizdən gələni edin! Mən də (öz üzərimə düşəni) edirəm. Yaxın bir vaxtda (dünya) yurdunun sonunun kimin xeyrinə olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapa bilməzlər”.
(Ənam surəsi, 135)
- Onlar (Allahın) yaratdığı əkin və davardan Allah üçün pay ayırdılar və öz iddiaları üzrə: “Bu Allahındır, bu da (Allaha) şərik qoşduqlarımızındır!” - dedilər. Bütləri üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə bütlərə çatardı. Onların verdiyi hökm necə də pisdir!
(Ənam surəsi, 136)
- Beləcə, onların ortaqları (olan şeytanlar) müşriklərin bir çoxuna övladlarını öldürməyi gözəl göstərdi ki, həm onları məhv etsinlər, həm də dinlərini qarışdırıb pozsunlar. Əgər Allah diləsəydi, bunu etməzdilər. Onları uydurduqları şeylərlə baş-başa burax!
(Ənam surəsi, 137)
- Onlar öz iddialarına görə belə dedilər: “Bu davarlar və əkinlər haramdır. Bizim istədiklərimizdən başqası onları yeyə bilməz. (Bunlar isə) minilməsi qadağan edilmiş heyvanlardır”. Kəsərkən Allahın adını çəkmədikləri heyvanlar da var. Onlar Allaha iftira yaxaraq bunları edərlər. Yaxdıqları iftiraya görə Allah onları cəzalandıracaqdır.
(Ənam surəsi, 138)
- Onlar: “Bu heyvanların qarınlarındakı (balaları) kişilərimizə məxsusdur (halaldır), qadınlarımıza isə haramdır”, - dedilər. Əgər (bala) ölü doğularsa, onlar (kişilər və qadınlar) ona ortaqdırlar. (Allah) onlara (bu şəkildəki halal-haram) vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət sahibidir, hər şeyi biləndir.
(Ənam surəsi, 139)
- Şübhəsiz, səfehlikləri üzündən bilmədən öz uşaqlarını öldürən və Allaha iftira yaxaraq Allahın onlara verdiyi ruzini (qadınlara) haram edənlər ziyana uğramışlar. Onlar, həqiqətən, azmışlar və doğru yolda deyillər.
(Ənam surəsi, 140)
- Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz.
(Ənam surəsi, 141)
- Yük daşıyan və (yunundan) döşək hazırlanan heyvanları da (O yaratmışdır). Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytanın addımlarını izləməyin! Şübhəsiz, o, sizin açıq-aşkar düşməninizdir.
(Ənam surəsi, 142)
- (Erkək və dişi olmaqla) səkkiz cift (yaratmışdır); qoyundan iki dənə, keçidən iki dənə. De: “(Allah) iki erkəyimi, iki dişinimi, yoxsa iki dişinin bətnindəki (balalarımı) haram etmişdir? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə bildirin!”
(Ənam surəsi, 143)
- Dəvədən də iki dənə, inəkdən də iki dənə (yaratmışdır). De: “(Allah bunların) iki erkəyinimi, iki dişisinimi, yoxsa iki dişinin bətnində olan balalarınımı haram etmişdir? Yoxsa Allahın bunu sizə tövsiyə etdiyinə şahidmi oldunuz?” Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz.
(Ənam surəsi, 144)
- De: “Mənə vəhy olunanların içində murdar olmaları səbəbilə leş, axıdılan qan, yaxud donuz əti və ya günah olaraq Allahdan başqasının adı ilə kəsilmiş heyvan istisna olmaqla, yemək yeyən bir kimsəyə haram edilmiş bir şey görmürəm. Kim məcbur qalarsa, həddi aşmadan zəruri ehtiyacı qədər (yeyərsə, bilsin ki), Rəbbin şübhəsiz, bağışlayandır, rəhmlidir!
(Ənam surəsi, 145)
- Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Bellərində və ya bağırsaqlarında daşıdıqları, yaxud sümüklərinə qarışan istisna olmaqla, inək və qoyunun piylərini də onlara haram etdik. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz doğru söyləyirik.
(Ənam surəsi, 146)
- Əgər səni yalanlasalar, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Onun verəcəyi əzab isə günahkar qövmdən dəf edilə bilməz”.
(Ənam surəsi, 147)
- Müşriklər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da müşrik olmazdıq və heç bir şeyi haram etməzdik”, - deyəcəklər. Onlardan əvvəlkilər də bu şəkildə (elçiləri) təkzib etmiş və sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz və yalan söyləyirsiniz”.
(Ənam surəsi, 148)
- De: “Açıq-aydın dəlil Allaha məxsusdur. Əgər O diləsəydi, şübhəsiz, sizin hamınızı doğru yola yönəldərdi”.
(Ənam surəsi, 149)
- De: “Həqiqətən, Allah bunu haram etmişdir”, - deyərək şahidlik edən şahidlərinizi gətirin!” Əgər onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə! Ayələrimizi yalan sayanların və axirətə inanmayanların arzularına uyma! Onlar (bütləri) Rəbbinə tay tuturlar.
(Ənam surəsi, 150)
- De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Sizin də, onların da ruzisini Biz veririk. Pis işlərin açıq olanına da, gizli qalanına da yaxın durmayın! Allahın haram buyurduğu cana haqsız yerə qıymayın! Bunlar, (Allahın) sizə əmrləridir. Ola bilsin ki, siz düşünüb anlayasınız.
(Ənam surəsi, 151)
- Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız.
(Ənam surəsi, 152)
- Şübhəsiz ki, bu Mənim doğru yolumdur. Ona tabe olun! Sizi Onun yolundan uzaqlaşdıran yollara uymayın! Allah sizə bunları əmr etdi ki, bəlkə siz (pis əməllərdən) çəkinəsiniz”.
(Ənam surəsi, 153)
- Sonra, yaxşı işlər görənlərə (nemətimizi) tamamlamaq, hər şeyi ətraflı izah etmək, doğru yola yönəltmək və mərhəmət etmək üçün Biz Musaya kitabı verdik ki, bəlkə onlar Rəbbinə qovuşacaqlarına iman edələr.
(Ənam surəsi, 154)
- Bu (Quran) da nazil etdiyimiz mübarək bir kitabdır. Elə isə ona tabe olun və (Allahdan) qorxun ki, bəlkə, sizə rəhm edilsin;
(Ənam surəsi, 155)
- Və: “Kitab bizdən əvvəl ancaq iki tayfaya (yəhudilərə və xristianlara) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsiz idik”, - deməyəsiniz.
(Ənam surəsi, 156)
- Yaxud da: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”, - deməyəsiniz deyə (Quranı nazil etdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və rəhmət gəlmişdir. Allahın ayələrini yalan sayaraq onlardan üz çevirən kəsdən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri, üz döndərdiklərinə görə ən pis əzabla cəzalandıracağıq.
(Ənam surəsi, 157)
- Onlar ancaq özlərinə mələklərin, yaxud, Rəbbinin və ya Rəbbinin bəzi əlamətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi əlamətlərinin gələcəyi gün, əvvəlcədən iman etməmiş və ya imanından bir xeyir qazanmamış kimsəyə artıq imanı fayda verməyəcək. De: “Gözləyin! Şübhəsiz, biz də gözləyirik”.
(Ənam surəsi, 158)
- Şübhəsiz, firqə-firqə olub dinlərini parçalayanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi ancaq Allaha qalmışdır. Sonra Allah onlara etdikləri əməlləri xəbər verəcəkdir.
(Ənam surəsi, 159)
- Kim (Allahın hüzuruna) yaxşı bir əməllə gələrsə, onun üçün on qat (mükafat) vardır. Kim pis bir əməllə gələrsə, ona ancaq o əməlin eynisi qədər cəza verilər. Onlara heç bir haqsızlıq edilməz.
(Ənam surəsi, 160)
- De: “Həqiqətən, Rəbbim məni doğru yola, İbrahimin hənif (Allahın təkliyini qəbul edən) dininə yönəltdi! O, müşriklərdən deyildi”.
(Ənam surəsi, 161)
- De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür.
(Ənam surəsi, 162)
- Onun heç bir şəriki yoxdur! Mənə belə əmr olunmuşdur və mən ilk müsəlmanam”.
(Ənam surəsi, 163)
- De: “Allah hər şeyin Rəbbi ikən başqa Rəbmi istəyəcəm?!” Hər kəs ancaq özü üçün qazanır. (Günah yükü) daşıyan heç kəs başqasının yükünü daşımaz. Sonra sizin dönüşünüz Rəbbinizədir. O, ixtilafa düşdüyünüz məsələlər barəsində sizə xəbər verəcəkdir.
(Ənam surəsi, 164)
- Sizi yer üzünün xəlifələri (bir-birinizin varisi) təyin edən Odur. Sizə verdiyi (nemətlər) barəsində sizi sınamaq üçün dərəcələrə görə (mal-mülk cəhətdən) bir qisminizi digərlərindən üstün etmişdir. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir və şübhəsiz, O bağışlayandır, rəhmlidir.
(Ənam surəsi, 165)