Onların içində kitabı bilməyən savadsızlar da var ki, onların bildikləri yalnız ucdan-qulaqdan eşitdikləridir. Onlar yalnız zənnin arxasınca gedirlər.
(Bəqərə surəsi, 78)
Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir.
(Ali İmran surəsi, 20)
Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu miqdarda (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Onlardan eləsi də var ki, əgər ona bir dinar əmanət etsən, başının üstündə möhkəm durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar belə demişdilər: “Ümmilərə görə bizə hər hansı bir günah yoxdur”. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
(Ali İmran surəsi, 75)
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi peyğəmbər olan rəsula tabe olanlara o peyğəmbər yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki qandalları götürər. O kəslər ki, Peyğəmbərə iman gətirər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır!
(Əraf surəsi, 157)
De: “Ey insanlar! Həqiqətən, mən göylərin və yerin hakimi olan Allah tərəfindən sizin hamınıza göndərilən peyğəmbəriyəm. Ondan başqa heç bir ilah yoxdur. O dirildir və öldürür. Elə isə, həm Allaha, həm də Allaha və Onun sözlərinə iman gətirən ümmi peyğəmbər olan rəsuluna iman gətirin! Ona tabe olun ki, bəlkə siz doğru yolu tapa biləsiniz!”
(Əraf surəsi, 158)
Ümmilərə (yazıb-oxumaq bilməyən ərəblərə) özlərindən onlara Allahın ayələrini oxuyan, onları (şirkdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərən Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində idilər.
(Cümə surəsi, 2
)