Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) biləbilə israr etməzlər.
(Ali İmran surəsi, 135)
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər.
(Ali İmran surəsi, 159)
Biz hər bir elçini, - Allahın izni ilə - yalnız özünə itaət olunması üçün göndərdik. Əgər onlar, özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və elçi də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər.
(Nisa surəsi, 64)
Allahdan bağışlanma dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 106)
Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər.
(Nisa surəsi, 110)
Onlar hələ də Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklərmi? Axı, Allah bağışlayandır, rəhmlidir.
(Maidə surəsi, 74)
Ancaq sən onların arasında ikən Allah onlara əzab verəsi deyil. Onlar bağışlanmalarını diləyərkən də Allah onlara əzab verəsi deyil.
(Ənfal surəsi, 33)
Onlar üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Bu, onların Allahı və Onun elçisini inkar etmələrinə görədir. Allah fasiqlər tayfasını doğru yola yönəltməz.
(Tövbə surəsi, 80)
Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə, onlar üçün bağışlanma diləmək elçiyə və möminlərə yaraşmaz.
(Tövbə surəsi, 113)
Həmçinin Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz! Sonra Ona tövbə edin ki, O, (dünyada) müəyyən bir vaxta qədər sizə gözəl nemətlər versin və hər bir yaxşı əməl sahibini mükafatlandırsın. Əgər üz döndərsəniz, (bilin ki,) mən sizin üçün böyük günün əzabından qorxuram.
(Hud surəsi, 3)
Ey qövmüm, Rəbbinizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bol-bol yağış göndərsin və gücünüzə güc qatsın. Günah işləyərək (haqdan) üz çevirməyin!”
(Hud surəsi, 52)
Səmud qövmünə də qardaşları Salehi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”.
(Hud surəsi, 61)
Rəbbinizdən bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin! Şübhəsiz ki, Rəbbim çox mərhəmətlidir, çox sevəndir”.
(Hud surəsi, 90)
(Oğulları) dedilər: “Ay ata, günahlarımızın bağışlanması üçün (Allahdan) əfv dilə! Həqiqətən, biz günahkar olmuşuq”.
(Yusif surəsi, 97)
(Yaqub) dedi: “Rəbbimdən, sizin üçün əfv diləyəcəyəm. Şübhəsiz ki, O, bağışlayandır, rəhmlidir”.
(Yusif surəsi, 98)
Özlərinə doğru yol göstərən rəhbər gəldiyi zaman insanların iman etməsinə və Rəbbindən bağışlanmalarını diləməsinə mane olan, sadəcə, əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud göz görə-görə əzabın gəlməsini gözləmələridir.
(Kəhf surəsi, 55)
İbrahim dedi: “Sənə salam olsun (salamat qal)! Rəbbimdən sənin üçün məğfirət diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.
(Məryəm surəsi, 47)
Möminlər yalnız Allaha və elçisinə iman etmiş kimsələrdir. Onlar ümumi bir iş üçün onunla (elçi ilə) birlikdə ikən, ondan icazə almadan (başqa bir yerə) getməzlər. (Ey elçi!) Həqiqətən, səndən icazə istəyənlər Allaha və Onun elçisinə inanmış kimsələrdir. Əgər bəzi işləri üçün səndən icazə istəsələr, onlardan istədiyinə icazə ver və onlar üçün Allahdan məğfirət dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 62)
Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru!
(Mömin surəsi, 7)
Ona görə də səbir et! Şübhəsiz ki, Allahın vədi haqdır. Sən günahlarının bağışlanmasını dilə və səhər-axşam Rəbbini həmd ilə təsbeh et!
(Mömin surəsi, 55)
De ki: “Mən də sizin kimi bir insanam. Mənə sizin ilahınızın tək olan Allah olduğu vəhy olunur. Elə isə Ona yönəlin və Ondan məğfirət diləyin! Müşriklərin vay halına!”
(Fussilət surəsi, 6)
Göylər (Allahın əzəmətindən) az qala üst tərəfindən çatlayacaqdı. Mələklər də həmd ilə Rəbbini təsbeh edir və yerdəkilərin bağışlanmasını diləyirlər. Bilin ki, Allah bağışlayandır, rəhmlidir.
(Şura surəsi, 5)
Bədəvi ərəblərdən geridə qalanlar sənə: “Mallarımız və ailələrimiz bizi (döyüş üçün səfərə çıxmaqdan) yayındırdı. Ona görə də Allahdan bizim bağışlanmağımızı dilə!” - deyəcəklər. Onlar dilləri ilə qəlbində olmayanı deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud xeyir vermək istəsə, kim Ona qarşı çıxa bilər?! Xeyr! Allah sizin etdiklərinizdən xəbərdardır.
(Fəth surəsi, 11)
Sübh çağında isə istiğfar edirdilər.
(Zəriyət surəsi, 18)
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman edənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”, - demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, - deməsi istisnadır. (O möminlər belə demişdilər:) “Ey Rəbbimiz! Biz Sənə təvəkkül etmişik, Sənə yönəlmişik. Axır dönüş Sənədir!
(Mumtəhənə surəsi, 4)
Ey elçi! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Mumtəhənə surəsi, 12
)