O vaxt mələklər demişdilər: “Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və Allahın Özünə yaxın tutduğu kimsələrdəndir.
(Ali İmran surəsi, 45)
Həqiqətən, kitab əhlindən elələri də var ki, həm Allaha, həm də sizə və özlərinə nazil olana Allaha boyun əyərək iman gətirər və Allahın ayələrini ucuz bir qiymətə satmazlar (dəyişdirməzlər). Onlar üçün Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allahın haqq-hesaba çəkməsi çox sürətlidir.
(Ali İmran surəsi, 199)
Ey iman gətirənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)
Onlar Allahın birləşdirilməsini əmr etdiyini birləşdirər (qohumluq əlaqələrinə və ictimai vəzifələrə riayət edər), Rəbbindən çəkinər və pis (çətin) haqq-hesabdan qorxarlar.
(Rad surəsi, 21)
Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər.
(Ənbiya surəsi, 90)
(De:) Şübhəsiz, mənə bu şəhərin (Məkkənin) Rəbbi olan və oranı müqəddəs edən Allaha ibadət etməyim əmr olunmuşdur. Hər şey Onundur. Mənə (Allaha) təslim olanlardan olmağım əmr olunmuşdur.
(Nəml surəsi, 91)
O, sizə özünüzdən bir misal verir. Kölələrinizin içərisində sizə verdiyimiz ruzilər barəsində bir-birinizdən çəkindiyiniz kimi, onlardan da çəkinəcəyiniz dərəcədə sizinlə bərabər hüquqlara malik olan şərikləriniz varmı? Biz ayələri düşünənlər üçün belə izah edirik.
(Rum surəsi, 28)
Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.
(Əhzab surəsi, 35)
Allaha və Rəsuluna iman gətirəsiniz, ona yardım edib hörmət göstərəsiniz və səhər-axşam Allahı təsbeh edəsiniz.
(Fəth surəsi, 9)
İman gətirənlərin Allahı anma və Ondan nazil olan (Quran) səbəbilə qəlblərinin ürpərmə vaxtı gəlib çatmadımı?! Onlar da daha əvvəl kitab verilənlər kimi olmasınlar! Onların (peyğəmbərlərinin göndərilməsinin) üzərindən uzun bir vaxt keçmiş, buna görə də qəlbləri sərtləşmişdir. Onların bir çoxu doğru yoldan çıxmış kimsələrdir.
(Hədid surəsi, 16)
Əgər bu Quranı bir dağa nazil etsəydik, onun Allah qorxusundan baş əyərək parçalandığını görərdin. Düşünsünlər deyə Biz insanlar üçün bu misalları çəkirik.
(Həşr surəsi, 21
)