Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 185)
De: “Əgər valideyniniz, övladlarınız, bacı-qardaşlarınız, həyat yoldaşınız, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.
(Tövbə surəsi, 24)
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
(Casiyə surəsi, 23)
Onların bildikləri yalnız bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin yolundan azanı da, doğru yolda olanı da yaxşı tanıyır.
(Nəcm surəsi, 30
)