Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Yoxsa onlar Allahın məkrindən (əzabından) əmin idilərmi?! Ziyana uğrayan qövmdən başqası Allahın məkrindən əmin ola bilməz.
(Əraf surəsi, 99)
Firon dedi: “Mən sizə icazə vermədən ona iman etdiniz? Şübhəsiz ki, bu, əhalisini çıxartmaq üçün şəhərdə qurduğunuz bir hiylədir. Siz (başınıza gələcək şeyləri) biləcəksiniz!
(Əraf surəsi, 123)
(Xatırla ki,) bir zamanlar səni bağlayıb həbs etmək və ya öldürmək, yaxud da səni (yurdundan) qovmaq üçün inkar edənlər sənə qarşı tələ qururdular. Onlar (sənə) tələ qurarkən Allah da (onlara) tələ qururdu. Allah tələ quranların ən güclüsüdür.
(Ənfal surəsi, 30)
Allahdan başqa (sitayiş etdiklərinizdən uzağam)! Elə isə hamılıqla mənə qarşı hiylə qurun, sonra mənə heç möhlət də verməyin!
(Hud surəsi, 55)
(Atası Yaqub) dedi: “Can oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir.
(Yusif surəsi, 5)
Ona görə də hiyləgərlik vasitələrinizi cəmləşdirin, sonra da sıra ilə gəlin. Bu gün qalib gələn qurtulacaqdır!”
(Taha surəsi, 64)
Allaha and içirəm ki, siz dönüb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!”
(Ənbiya surəsi, 57)
Şübhəsiz ki, Allah iman edənləri qoruyar. Həqiqətən, Allah heç bir nankoru və xaini sevməz.
(Həcc surəsi, 38)
Onlardan ötrü kədərlənmə və qurduqları hiylələrə görə narahat olma!
(Nəml surəsi, 70)
Yusif onların yüklərini hazırladarkən su qabını qardaşının yükünün arasına qoydu. (Karvan yola düşdükdən) sonra bir carçı belə səsləndi: “Ey karvandakılar, siz həqiqətən, oğrusunuz!”
(Yusif surəsi, 70)
Onlar dedilər: “Kralın su qabını itirmişik. Onu gətirənə bir dəvə yükü ərzaq veriləcək”. (Carçı dedi:) “Mən də buna zaminəm!”
(Yusif surəsi, 72)
Onlar dedilər: “And olsun Allaha! Siz də yaxşı bilirsiniz ki, biz bura fitnə-fəsad çıxartmağa gəlməmişik. Biz oğru deyilik!”
(Yusif surəsi, 73)
(Carçı və adamları) dedilər : “Əgər yalan deyirsinizsə, onda bunun cəzası nədir?”
(Yusif surəsi, 74)
(Yusifin qardaşları:) “Onun cəzası (oğurlanan əşya) yükündə tapılan şəxsin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”, – deyə cavab verdilər.
(Yusif surəsi, 75)
Beləcə, (Yusif) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra onu (su qabını) qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir görməyi öyrətdik. (Yoxsa) Allahın diləməsi istisna olmaqla, kralın qanunlarına görə qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz dilədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.
(Yusif surəsi, 76)
(İbrahimi gətirdikdən sonra ona:) “Ey İbrahim! İlahlarımıza bunu sənmi etdin?” - dedilər.
(Ənbiya surəsi, 62)
İbrahim dedi: “Xeyr, bunu onların bu böyük olanı etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!”
(Ənbiya surəsi, 63)
Bu zaman onlar öz vicdanlarına səslənərək: “Həqiqətən, əsil zalımlar sizsiniz!” - dedilər.
(Ənbiya surəsi, 64)
Sonra öz inanclarına (küfrlərinə) qayıtdılar (və belə dedilər:) “Sən də yaxşı bilirsən ki, bunlar danışa bilmirlər”.
(Ənbiya surəsi, 65)
İbrahim dedi: “Elə isə, hələ də Allahı qoyub sizə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərəmi ibadət edirsiniz?
(Ənbiya surəsi, 66)
Vay sizə də, Allahı qoyub ibadət etdiklərinizə də! Siz hələ də dərk etmirsinizmi?”
(Ənbiya surəsi, 67)
Sizə bir xeyir dəyərsə, bu onları qəmgin edər, ancaq sizə bir zərər toxunarsa, onlar buna sevinərlər. Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Həqiqətən, Allah onların etdiklərini (elmi ilə) əhatə edir.
(Ali İmran surəsi, 120)
Bir zaman müharibədə möminləri mövqelərinə yerləşdirmək üçün sübh çağı ailəndən ayrılmışdın. Allah hər şeyi eşidəndir, biləndir.
(Ali İmran surəsi, 121)
Hiylələri Allaha məlum olduğu halda onlar hiylə qurmuşdular. Halbuki onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir.
(İbrahim surəsi, 46)
Onlardan əvvəlkilər də (elçilərə) hiylə qurmuşdular. Ancaq Allah onların binalarını bünövrəsindən sökdü və tavan yuxarıdan onların üstünə çökdü. Əzab onlara heç ağıllarına gəlməyən bir yerdən gəlmişdi.
(Nəhl surəsi, 26)
Musa Bizim tərəfimizdən onlara haqqı gətirdikdə onlar: “Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” - dedilər. İnkar edənlərin hiyləsi, əlbəttə, boşa çıxar.
(Mömin surəsi, 25)
Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaqlaşdırdı. Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir.
(Yusif surəsi, 34)
(O zaman Yusif dedi:) “Bu, (vəzirin) yoxluğunda mənim ona xəyanət etmədiyimi və Allahın xainləri hiylələrində müvəffəq etməyəcəyini bilməsi üçündür.
(Yusif surəsi, 52)
Onlar: “Onun üçün bir bina tikin və onu (oradakı) odun içinə atın!” - dedilər.
(Saffat surəsi, 97)
(Bütpərəstlər) ona hiylə qurmaq istədilər, lakin Biz onları ən səfil kimsələrə çevirdik.
(Saffat surəsi, 98)
Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?!
(Fil surəsi, 1)
Allah onların hiyləsini boşa çıxartmadımı?!
(Fil surəsi, 2)
Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar”.
(Yunis surəsi, 21)
Bu belədir! Şübhəsiz ki, Allah inkar edənlərin hiyləsini zəiflədəndir.
(Ənfal surəsi, 18)
Onlar bir hiylə qurdular. Biz də özləri də fərqinə varmadan onlara bir hiylə qurduq.
(Nəml surəsi, 50)
Onlar hiyləgərlik etdilər. Allah da (onlara) hiylə qurdu (hiylələrini pozdu). Allah (hiyləgərlərə qarşı) hiylə quranların ən yaxşısıdır.
(Ali İmran surəsi, 54
)