Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik. Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın! Şübhəsiz ki, (bütün) bunlarda, iman edən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Ənam surəsi, 99)
Kral: “Mən (yuxuda) gördüm ki, yeddi arıq inək yeddi kök inəyi yeyir. Bir də yeddi yaşıl sünbül və yeddi quru sünbül gördüm. Ey əyanlar, əgər yuxu yozursunuzsa, mənim yuxumu da yozun!” - dedi.
(Yusif surəsi, 43)
(O, Yusifin yanına gəlib dedi:) “Yusif! Ey doğru danışan, bizim üçün (yuxuda görülən) yeddi arıq inəyin yediyi yeddi kök inəklə yeddi yaşıl sünbül və yeddi quru sünbülü yoz! Ola bilsin ki, adamların yanına (doğru bir yozumla) qayıdaram və bəlkə, onlar da (həqiqəti) bilərlər”.
(Yusif surəsi, 46)
Onlar üçün (ağacları) altından çaylar axan Ədn cənnətləri vardır. Onlar orada taxtlar üzərində əyləşərək qızıldan bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O nə gözəl mükafat və nə yaxşı məkandır!
(Kəhf surəsi, 31)
Sizin üçün yaşıl ağacdan od əmələ gətirən Odur. Beləcə, siz onunla od qalayırsınız.
(Yasin surəsi, 80)
(Cənnət əhli) yaşıl mütəkkələrə və gözəl naxışlı döşəkcələrə söykənəcəklər.
(Rəhman surəsi, 76)
Onların əynində taftadan və atlazdan yaşıl paltarlar vardır. Onlar gümüş bilərziklərlər bəzəniblər. Rəbbi onlara tərtəmiz içki içirər.
(İnsan surəsi, 21
)