Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Göylərin və yerin qeybini yalnız Allah bilir. Qiyamət ancaq bir göz qırpımında, yaxud daha az bir vaxtda qopacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Nəhl surəsi, 77)
Az qalır ki, ildırım onların gözlərini kor etsin. Şimşək onların yolunu işıqlandırdığı zaman yeriyər, qaranlıq çökdükdə isə dayanarlar. Əgər Allah istəsəydi, şübhəsiz ki, onların eşitmə və görmə qabiliyyətlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 20)
Hər kəsin üz tutduğu bir istiqamət (qiblə) vardır. Elə isə, yaxşı işlər görməkdə yarışın! Harada olursunuz olun, (axirətdə) Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 148)
Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah ona görə sizi hesaba çəkər. O, dilədiyi kimsəni bağışlayar, dilədiyi kimsəyə də əzab verər. Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 284)
Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Uca və böyük olan da Odur!
(Bəqərə surəsi, 255)
Şayət yer üzündəki ağaclar qələm olsaydı və dəniz mürəkkəb olub arxasından yeddi dəniz də ona qatılsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir.
(Loğman surəsi, 27)
Göyləri, yeri və oralara yaydığı canlıları yaratması da Onun (varlığının və qüdrətinin) dəlillərindəndir. O, istədiyi zaman onları bir yerə cəm etməyə qadirdir.
(Şura surəsi, 29)
İkiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd döyüşündə) bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir.
(Ali İmran surəsi, 165)