Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əlif, Lam, Ra! (Bu Quran) hikmət sahibi və hər şeydən xəbərdar olan Allah tərəfindən ayələri möhkəmləndirilmiş, sonra da izah edilmiş bir kitabdır.
(Hud surəsi, 1)
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah ürəklərdə olanları biləndir.
(Maidə surəsi, 7)
O, göylərdə və yerdə olan hər şeyi bilir. Gizlədiklərinizi də, aşkar etdiklərinizi də bilir. Allah qəlbdə olanları biləndir.
(Təğabun surəsi, 4)
(Ey elçi!) Sən hansı işlə məşğul olsan, nə vaxt Qurandan bir şey oxusan, (ey möminlər!) siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, Biz sizə şahidik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.
(Yunis surəsi, 61)
Elçinin üzərinə düşən ancaq təbliğ etməkdir. Üzə çıxartdıqlarınızı da, gizlətdiklərinizi də Allah bilir.
(Maidə surəsi, 99)
Şübhəsiz ki, Allah açıq-aşkar deyilənləri də, gizlətdiklərinizi də bilir.
(Ənbiya surəsi, 110)
Baxın, (münafiqlər) gizlənmək üçün ikiqat bükülürlər. Bilin ki, paltarlarına bürünsələr belə, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir. Şübhəsiz ki, O, qəlbdə olanı biləndir.
(Hud surəsi, 5)
Sən sözü ucadan söyləsən də (gizli söyləsən də fərqi yoxdur). Həqiqətən, Allah sirri, hətta ondan daha gizli olanı da bilir.
(Taha surəsi, 7)
Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
(Mücadilə surəsi, 7)
Ey Rəbbimiz! Şübhəsiz ki, Sən bizim gizlətdiklərimizi də, aşkar etdiklərimizi də bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.
(İbrahim surəsi, 38)