Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Kitabdan xəbərdar olan kimsə belə dedi: “Mən bir göz qırpımında onu sənə gətirərəm!” Süleyman onu (Bəlqisin taxtını) yanında hazır vəziyyətdə gördüyü zaman dedi: “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim heç bir şeyə möhtac deyildir, kərəm sahibidir!”
(Nəml surəsi, 40)
Kim (Allah yolunda) çalışarsa, yalnız özü üçün (axirəti üçün) çalışmış olar. Şübhəsiz ki, Allah aləmlərə (insanlara) möhtac deyildir.
(Ənkəbut surəsi, 6)
Ey insanlar! Allaha möhtac olan sizsiniz. Allah isə heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
(Fatir surəsi, 15)
Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır).
(Bəqərə surəsi, 263)
Budur, siz Allah yolunda infaq etməyə dəvət olunursunuz. Ancaq içinizdə xəsislik edənlər var. Kim xəsislik edərsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah zəngindir, siz isə yoxsulsunuz. Əgər (haqdan) üz döndərsəniz, O sizin yerinizə başqalarını gətirər. Onlar isə sizin kimi olmazlar.
(Məhəmməd surəsi, 38)
Musa demişdi: “Siz və yer üzündə olanların hamısı nankorluq etsəniz belə, (bilin ki,) həqiqətən, Allahın heç bir şeyə ehtiyacı yoxdur və O, şükür edilməyə layiqdir”.
(İbrahim surəsi, 8)