"Ondan başqa qüvvət yoxdur" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Halbuki onlar bunlardan daha güclü idilər. Göylərdə və yerdə Allahı aciz qoya bilən heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə qadirdir.
(Fatir surəsi, 44)
Ad qövmü yer üzündə haqsız yerə təkəbbürləndi və onlar: “Bizdən daha güclü kim var?” - dedilər. Onları yaradan Allahın özlərindən daha güclü olduğunu görmədilərmi? Onlar Bizim ayələrimizi inkar edirdilər.
(Fussilət surəsi, 15)
Onların sözləri səni kədərləndirməsin. Şübhəsiz, qüdrət bütövlüklə Allaha məxsusdur. O, hər şeyi eşidəndir, biləndir.
(Yunis surəsi, 65)
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.
(Bəqərə surəsi, 165)
Allah (lövhi-məhfuzda): “Mən və elçilərim mütləq qalib gələcəyik!” - deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir.
(Mücadilə surəsi, 21)
Şübhəsiz ki, Biz elçilərimizi açıq-aydın dəlillərlə göndərdik. İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik. İnsanlar üçün bir çox faydası olan möhkəm dəmiri də Biz nazil etdik. Bu, Allahın görmədiyi halda Ona və elçilərinə yardım edənləri bilib ayırd etməsi üçündür. Şübhəsiz ki, Allah güclüdür, qüdrətlidir.
(Hədid surəsi, 25)
Bu ona görə idi ki, elçiləri özlərinə açıq-aydın möcüzələr gətirmiş, ancaq onlar inkar etmişdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Şübhəsiz ki, O, qüvvətlidir, cəzası şiddətlidir.
(Mömin surəsi, 22)