Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər.
(Ali İmran surəsi, 173)
Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir.
(Ali İmran surəsi, 169)
Onlar Allahın Öz lütfündən verdiyi (nemətlərə görə) sevinər və hələ onlara çatmamış (şəhid olacaq) kimsələrə heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad olarlar.
(Ali İmran surəsi, 170)
Ey iman edənlər! Siz, yer üzündə cihada çıxan və ya müharibədə olan qardaşları haqqında: “Əgər bizim yanımızda olsaydılar nə ölər, nə də öldürülərdilər!” - deyən inkar edənlər kimi olmayın! Allah bunu, onların qəlbində bir həsrət (yarası) olsun deyə etdi. Həyat verən də, öldürən də Allahdır. Allah sizin etdiklərinizi görəndir.
(Ali İmran surəsi, 156)
Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, (bilin ki,) şübhəsiz, Allahın bağışlaması və rəhməti onların (dünyada) yığdıqları (bütün) şeylərdən daha xeyirlidir.
(Ali İmran surəsi, 157)
Ölsəniz də, öldürülsəniz də, hökmən Allahın hüzurunda toplanacaqsınız.
(Ali İmran surəsi, 158)
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini yaradar. O, istədiyinə qız, istədiyinə də oğlan uşağı verər.
(Şura surəsi, 49)
Yaxud onlara oğlan və qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini də sonsuz edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir.
(Şura surəsi, 50)
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur.
(Tövbə surəsi, 111)
Elə isə, dünya həyatını axirət qarşılığında satanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub ölər, yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.
(Nisa surəsi, 74)