Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnkar edənlərə və münafiqlərə boyun əymə! Onların verdikləri əziyyətlərə əhəmiyyət vermə və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.
(Əhzab surəsi, 48)
(Ey Rəsulum! Sənə:) “Baş üstə!” - deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.
(Nisa surəsi, 81)
Ona görə də sən Allaha təvəkkül et! Şübhəsiz ki, sən açıq-aydın haqq yoldasan.
(Nəml surəsi, 79)
Musa dedi: “Ey qövmüm, əgər Allaha iman edib təslim olmusunuzsa, yalnız Ona təvəkkül edin!”
(Yunis surəsi, 84)
(Ey elçi!) Əgər onlar (haqdan) üz döndərsələr, de ki: “Mənə Allah yetər! Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. O, böyük ərşin sahibidir”.
(Tövbə surəsi, 129)
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?! Ona görə də möminlər (yalnız) Allaha təvəkkül etsinlər!
(Ali İmran surəsi, 160)
Ey iman edənlər, Allahın sizə olan nemətini xatırlayın! O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər də Allaha təvəkkül etsinlər.
(Maidə surəsi, 11)
O kəslər ki, səbir edər və Rəbbinə təvəkkül edərlər!
(Ənkəbut surəsi, 59)
Ey elçi! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayətdir.
(Ənfal surəsi, 64)
Ölümsüz və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbeh et! Onun, bəndələrinin günahlarından xəbərdar olması kifayətdir.
(Furqan surəsi, 58)
Bizə yollarımızı (iman və qurtuluş yolunu) göstərdiyi halda nəyə görə Allaha təvəkkül etməməliyik?! Sizin bizə verdiyiniz əziyyətlərə mütləq səbir edəcəyik. Təvəkkül edənlər də Allaha təvəkkül etsinlər!”
(İbrahim surəsi, 12)
Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir.
(Nəhl surəsi, 42)
Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər.
(Ali İmran surəsi, 173)
(Sonra Yaqub) dedi: “Ey oğullarım! (Şəhərə) eyni qapıdan deyil, ayrı-ayrı qapılardan girin! Yenə də Allahdan gələn heç bir şeyi mən sizdən dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etmişəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər!”
(Yusif surəsi, 67)
Əgər şeytanın bir vəsvəsəsi səni dümsükləyərsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir.
(Əraf surəsi, 200)