Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!
(Yunis surəsi, 71)
Əgər (haqdan) üz çevirsəniz, onsuz da mən sizdən heç bir mükafat istəmirəm. Məni yalnız Allah mükafatlandırar. Mənə, müsəlmanlardan olmağım əmr olunmuşdur”.
(Yunis surəsi, 72)
Şeytan sizi yoxsulluqla qorxudar və sizə pis işləri (xəsisliyi) əmr edər. Allah isə sizə, Öz dərgahından bağışlanmaq və bərəkət vədəsi verər. Allah (rəhməti ilə) genişdir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 268)