Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(İbrahimi gətirdikdən sonra ona:) “Ey İbrahim! İlahlarımıza bunu sənmi etdin?” - dedilər.
(Ənbiya surəsi, 62)
İbrahim dedi: “Xeyr, bunu onların bu böyük olanı etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!”
(Ənbiya surəsi, 63)
Bu zaman onlar öz vicdanlarına səslənərək: “Həqiqətən, əsil zalımlar sizsiniz!” - dedilər.
(Ənbiya surəsi, 64)
Sonra öz inanclarına (küfrlərinə) qayıtdılar (və belə dedilər:) “Sən də yaxşı bilirsən ki, bunlar danışa bilmirlər”.
(Ənbiya surəsi, 65)
İbrahim dedi: “Elə isə, hələ də Allahı qoyub sizə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərəmi ibadət edirsiniz?
(Ənbiya surəsi, 66)
Vay sizə də, Allahı qoyub ibadət etdiklərinizə də! Siz hələ də dərk etmirsinizmi?”
(Ənbiya surəsi, 67)
Bir zaman müharibədə möminləri mövqelərinə yerləşdirmək üçün sübh çağı ailəndən ayrılmışdın. Allah hər şeyi eşidəndir, biləndir.
(Ali İmran surəsi, 121)
Yusif onların yüklərini hazırladarkən su qabını qardaşının yükünün arasına qoydu. (Karvan yola düşdükdən) sonra bir carçı belə səsləndi: “Ey karvandakılar, siz həqiqətən, oğrusunuz!”
(Yusif surəsi, 70)
Onlar dedilər: “Kralın su qabını itirmişik. Onu gətirənə bir dəvə yükü ərzaq veriləcək”. (Carçı dedi:) “Mən də buna zaminəm!”
(Yusif surəsi, 72)
Onlar dedilər: “And olsun Allaha! Siz də yaxşı bilirsiniz ki, biz bura fitnə-fəsad çıxartmağa gəlməmişik. Biz oğru deyilik!”
(Yusif surəsi, 73)
(Carçı və adamları) dedilər : “Əgər yalan deyirsinizsə, onda bunun cəzası nədir?”
(Yusif surəsi, 74)
(Yusifin qardaşları:) “Onun cəzası (oğurlanan əşya) yükündə tapılan şəxsin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”, – deyə cavab verdilər.
(Yusif surəsi, 75)
Beləcə, (Yusif) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra onu (su qabını) qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir görməyi öyrətdik. (Yoxsa) Allahın diləməsi istisna olmaqla, kralın qanunlarına görə qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz dilədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.
(Yusif surəsi, 76)