Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Göylərin və yerin mirası Allaha məxsus olduğu halda, siz nə üçün Allah yolunda infaq etmirsiniz? Aranızdan (Məkkənin) fəthindən əvvəl infaq edən və döyüşənlər (digərləri ilə) eyni deyillər. Onların dərəcəsi (Məkkənin fəthindən) sonra infaq edən və döyüşənlərdən daha böyükdür. Allah onların hamısına ən gözəl olanı (cənnəti) vəd etmişdir. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Hədid surəsi, 10)
Allaha və Onun elçisinə iman edin! Sizin ixtiyarınıza verdiklərindən infaq edin! Sizdən iman edib infaq edən kimsələr üçün böyük bir mükafat vardır.
(Hədid surəsi, 7)
Allah onların əməllərini ən gözəli ilə mükafatlandırsın deyə, az və ya çox onların infaq etdikləri hər bir şey və keçdikləri hər bir vadi, mütləq onlara savab olaraq yazılar.
(Tövbə surəsi, 121)
O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər.
(Ali İmran surəsi, 134)
Mallarını Allah yolunda infaq edib sonra verdiklərinin arxasınca minnət qoymayan və əziyyət verməyənlərin mükafatları Rəbbi yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 262)
Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir.
(Ali İmran surəsi, 92)
Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin.
(Münafiqun surəsi, 10)
Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür.
(Bəqərə surəsi, 265)
Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.
(Təğabun surəsi, 16)