Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Özünüzün, ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti (təmin edən və) Allah üçün şahidlik edən kimsələr olun! (Haqqında şahidlik etdiyiniz kimsələr) istər varlı, istər kasıb olsun, Allah hər ikisinə də (sizdən) daha yaxındır. Nəfsinizin arzusuna uyaraq haqdan üz çevirməyin! Əgər (yalan danışaraq dilinizi) bükər, yaxud (şahidlikdən) boyun qaçırarsınızsa, (bilin ki,) həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır!
(Nisa surəsi, 135)
Allah sizinlə din uğrunda vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyinizi və onlara qarşı ədalətlə davranmağınızı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.
(Mumtəhənə surəsi, 8)
Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə hücum edərsə, (həmin dəstə) Allahın əmrinə qayıdana qədər hücum edən dəstə ilə vuruşun! Əgər (o dəstə Allahın əmrinə) qayıdarsa, onları ədalətlə barışdırın və (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
(Hucurat surəsi, 9)
Namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ona oyun-əyləncə kimi baxarlar. Bu ona görədir ki, onlar düşünüb-daşınmayan bir qövmdür.
(Maidə surəsi, 58)
Ey iman edənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Maidə surəsi, 8)
Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
(Nisa surəsi, 58)
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)