"İman edənlərin pis vəziyyətə düşmələrini istəyərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər sənə bir xeyir dəyərsə, bu, onları kədərləndirər. Əgər sənə bir müsibət üz verərsə, onlar: “Yaxşı ki, biz qabaqcadan tədbirimizi almışdıq”, - deyərlər və sevincək halda dönüb gedərlər.
(Tövbə surəsi, 50)
Həqiqətən, onlar əvvəl də fitnə-fəsad çıxarmaq istəmiş və sənə qarşı hiylələrə əl atmışdılar. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri yerinə yetdi.
(Tövbə surəsi, 48)
Nə əhli-kitabdan olan inkar edənlər, nə də müşriklər Rəbbinizdən sizə bir xeyir göndərilməsini istəyərlər. Halbuki Allah Öz rəhmətini dilədiyi kimsəyə məxsus edər. Allah böyük lütf sahibidir.
(Bəqərə surəsi, 105)
Ey iman edənlər, sizdən olmayanları sirdaş tutmayın! Onlar sizə pislik etməkdən əl çəkməz və sizin çətinliyə düşməyinizi istəyərlər. Düşmənçilikləri də ağızlarından (çıxan sözlərdən) aşkar olur. qəlbində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik.
(Ali İmran surəsi, 118)
Sizə bir xeyir dəyərsə, bu onları qəmgin edər, ancaq sizə bir zərər toxunarsa, onlar buna sevinərlər. Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Həqiqətən, Allah onların etdiklərini (elmi ilə) əhatə edir.
(Ali İmran surəsi, 120)