Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bir zaman İsrail oğullarından: “Allahdan başqasına ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin! İnsanlarla xoş danışın! Namazı qılın, zəkatı verin!” – deyə əhd almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib (vədinizdən) döndünüz.
(Bəqərə surəsi, 83)
Vaxtilə sizdən: “Bir-birinizin qanını tökməyin və bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə əhd almışdıq. Sonra şahidlik edərək (bu əhdi) təsdiqlədiniz.
(Bəqərə surəsi, 84)
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba düçar olacaqlar. Allah etdiklərinizdən qafil deyil.
(Bəqərə surəsi, 85)
Bir zaman siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən - tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” - demişdiniz. Musa demişdi: “Xeyirli olanı daha az dəyəri olanlamı dəyişdirmək istəyirsiniz? Elə isə şəhərə gedin! Çünki sizin istədikləriniz orada vardır”. Beləcə, onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə gəldilər. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edir, elçiləri haqsız yerə öldürür və (Allaha) asi olub həddi aşırdılar.
(Bəqərə surəsi, 61)