Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Murdar qadınlar murdar kişilərə, murdar kişilər də murdar qadınlara məxsusdur. Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara məxsusdur (yaraşır). Onlar (iftiraçıların) söylədiklərindən uzaqdırlar. Onlar üçün bağışlanma və gözəl bir ruzi vardır.
(Nur surəsi, 26)
Həqiqətən, sədəqə verən kişilər, sədəqə verən qadınlar və Allaha gözəl bir borc verənlər üçün (əməllərinin mükafatı) qat-qat artırılacaqdır. Bir də onlar üçün çox qiymətli bir mükafat vardır.
(Hədid surəsi, 18)
Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
(Nəhl surəsi, 97)
Ey Rəbbim! Məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla! Zalımların da yalnız məhvini artır!”
(Nuh surəsi, 28)
Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.
(Əhzab surəsi, 35)
Allah və Onun elçisi bir işə hökm etdiyi zaman mömin kişi və mömin qadının o işdə (öz istəklərinə görə) seçmə hüququ yoxdur. Kim Allaha və Onun elçisinə qarşı çıxarsa, şübhəsiz, o, açıq-aydın bir zəlalətə düşmüş olar.
(Əhzab surəsi, 36)
Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü incidənlər, həqiqətən, iftira və açıq-aydın bir günah yüklənmişlər.
(Əhzab surəsi, 58)
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Tövbə surəsi, 71)
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın rizası isə (hamısından) daha böyükdür. Böyük uğur məhz budur!
(Tövbə surəsi, 72)
Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Həm öz günahlarının, həm də mömin kişi və qadınların günahlarının bağışlanmasını dilə! Allah gəzib dolaşdığınız yeri də, (gecə) qaldığınız yeri də bilir.
(Məhəmməd surəsi, 19)
Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin ipi qədər belə haqsızlıq edilməyəcək.
(Nisa surəsi, 124)
Allah (bu əmanəti ona görə insana yüklədi ki,) münafiq kişilərə, münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara əzab versin, mömin kişilərin və mömin qadınların tövbəsini də qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 73)
O gün mömin kişi və qadınların nurlarının önlərindən və sağ tərəflərindən saçıldığını görərsən. (Onlara belə deyiləcəkdir:) “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan, içində əbədi qalacağınız cənnətlərdir!” Əsil böyük müvəffəqiyyət budur.
(Hədid surəsi, 12)
Kim pis bir iş görərsə, yalnız etdiyi pis iş qədər cəza alar. Mömin olub yaxşı bir iş görən kişi, yaxud qadın isə cənnətə girəcək və orada onlara saysız-hesabsız ruzilər veriləcəkdir.
(Mömin surəsi, 40)
Allahın birinizi digərindən üstün tutduğu şeyi (birinizə digərinizdən artıq verdiyi mal-mülkü) arzulamayın! Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün də qazandıqlarından bir pay vardır. Allahdan, Onun lütfünü istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir.
(Nisa surəsi, 32)