Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar (daim) yalana qulaq asır və haram yeyirlər. Əgər sənin yanına gəlsələr, istəsən aralarında hökm ver, istəsən də onlardan üz çevir! Onlardan üz çevirsən, sənə heç bir zərər verə bilməzlər. Aralarında hökm verdiyin təqdirdə, ədalətlə hökm ver! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
(Maidə surəsi, 42)
Ey iman edənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür.
(Əhzab surəsi, 9)
Onlara mütləq yardım olunacaqdır.
(Saffat surəsi, 172)
Şübhəsiz ki, Bizim əsgərlərimiz qalib gələcəklər.
(Saffat surəsi, 173)
Ey iman edənlər, siz özünüzə baxın! Siz doğru yolda olduqca (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allahadır. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
(Maidə surəsi, 105)
Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız. Əgər kitab əhli də iman etsəydi, əlbəttə, bu onlar üçün daha yaxşı olardı. Onların içərisində iman edənlər olsa da, əksəriyyəti haqq yoldan azmış kimsələrdir.
(Ali İmran surəsi, 110)
Onlar sizə, əziyyət verməkdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşsalar, sizə arxalarını dönüb qaçarlar. Sonra onlara yardım da edilməz.
(Ali İmran surəsi, 111)
Allahdan sizə bir qələbə nəsib olarsa, sizi kənardan izləyənlər (münafiqlər) belə deyərlər: “Biz də sizinlə birlikdə deyildikmi?” Əgər inkar edənlərə (zəfər) nəsib olarsa, (bu dəfə onlara:) “Biz (müharibədə) üstünlüyünüzü təmin edib sizi möminlərdən qorumadıqmı?” - deyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt möminlərə qarşı kafirlərə yol verməz.
(Nisa surəsi, 141)