Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Səndən fitva istəyirlər. De: “Atası və övladı olmayan şəxsin (mirası) haqqında Allah sizə fitva verir ki, əgər övladı olmayıb bir bacısı olan adam vəfat edərsə, mirasın yarısı onundur (bacısınındır). Övladı olmayan bir qadın vəfat etdikdə, qardaşı, onun varisidir. Əgər (vəfat edənin) iki (bacısı) varsa, mirasın üçdə ikisi onlarındır. Əgər (vəfat edənin daha çox) qardaşları və bacıları varsa, kişiyə (bir qardaşa), iki qadına (iki bacıya) düşən pay qədər (miras) düşür. Allah (bunu) doğru yoldan çıxmayasınız deyə sizə bəyan edir. Allah hər şeyi biləndir”.
(Nisa surəsi, 176)
Əgər zövcənizin övladı yoxdursa, onların qoyub getdikləri (mirasın) yarısı sizindir. Əgər onların övladı varsa, qoyub getdiklərinin dörddə biri sizindir. (Bu bölgü,) edəcəkləri vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Əgər sizin övladınız yoxdursa, qoyub getdiyiniz (mirasın) dörddə biri onlara (arvadlarınıza) düşür. Əgər sizin övladınız varsa, qoyub getdiyiniz (mirasın) səkkizdə biri onlara düşür. (Bu bölgü də,) edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır. Əgər miras qoyan kişi və ya qadının ata-anası və övladı olmayıb, bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə (mirasın) altıda biri düşür. Əgər bundan daha çox olsalar, onlar üçdə birinə şərikdirlər. (Bu bölgü,) ediləcək vəsiyyətdən və ya borc ödənildikdən sonra (və heç kimə) zərər verilmədən (aparılır). (Bunlar,) Allahdan (sizə) bir tövsiyədir. Allah hər şeyi biləndir, həlimdir.
(Nisa surəsi, 12)