Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Yer üzündə səfərə çıxdığınız zaman, əgər inkar edənlərin sizə zərər yetirəcəklərindən qorxsanız, namazı qısaltmağınız sizə günah deyil. Həqiqətən, inkar edənlər sizin açıq-aşkar düşməninizdir.
(Nisa surəsi, 101)
Ey Rəsulum!) Sən (döyüş əsnasında əsgərlərin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Onlar səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra namaz qılmamış olan digər dəstə gəlib səninlə birlikdə namaz qılsın. Onlar da ehtiyat tədbirləri alsınlar və silahlarını götürsünlər. İnkar edənlər istəyərlər ki, kaş siz silah-sursatınızdan və əşyalarınızdan xəbərsiz (uzaqda) olaydınız və sizin üzərinizə birdəfəlik basqın edəydilər. Əgər yağışdan əziyyət çəkərsinizsə, yaxud xəstə olarsınızsa, silahlarınızı yerə qoymağınız sizə günah deyil. Yenə də ehtiyat tədbirinizi görün! Şübhəsiz ki, Allah inkar edənlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
(Nisa surəsi, 102)
Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam şəkildə) qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir.
(Nisa surəsi, 103)