Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (qisas ala bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 178)
Uşaqlarının tam əmizdirilməsini istəyənlər (atalar) üçün analar uşaqlarını tam iki il əmizdirsinlər. Onların (anaların) yeməyi və geyimi adətə görə (uşağın) atasının üzərinə düşür. Heç kim gücünün çatmadığından məsul tutulmaz. Nə ana, nə də ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin üzərinə də düşür. Əgər ata və ana öz aralarında məsləhətləşərək razılığa gəlib uşağı süddən kəsmək istəsələr, heç birinə günah yoxdur. Əgər uşaqlarınızı süd anasına əmizdirmək istəsəniz və verəcəyinizi (zəhmət haqqını) adətə müvafiq ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiyiniz əməlləri görəndir.
(Bəqərə surəsi, 233)
Yaxınlıq etmədən və ya mehrlərini təyin etmədən qadınları boşasanız, sizə günah olmaz. Onlara adətə müvafiq qaydada bir pay verin! Varlı gücünün çatdığı qədər, kasıb da imkanı daxilində versin. Bu, yaxşı əməl sahiblərinin üzərinə bir borcdur.
(Bəqərə surəsi, 236)
Nikah yaşına çatanadək yetimləri sınayın! Əgər onların ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə, onu (mallarını) israf edib tələm-tələsik yeməyin! (Qəyyumlardan) kim zəngindirsə, (yetimin malından) uzaq dursun! (Qəyyumlardan) kasıb olan isə, (ehtiyacına) uyğun bir şəkildə (ondan) yesin! Mallarını özlərinə (yetimlərə) qaytaracağınız zaman yanlarında şahid tutun! Haqq-hesaba çəkməyə Allah kifayətdir.
(Nisa surəsi, 6)
Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz (hamınız Adəmin nəslindənsiniz). Elə isə, iffətli olmaları, zina etməmələri və aşnası olmaması şərtilə sahiblərindən icazə alıb mehrlərini müvafiq qaydada verməklə onlarla evlənin. Əgər ərə getdikdən sonra zina edərlərsə, onların (cəzası) azad qadınlara verilən cəzanın yarısı qədərdir. Bu (cariyə ilə evlənmə icazəsi), sizdən zinaya düşməkdən qorxan kimsələr üçündür. Səbir etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 25
)