Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Tih səhrasında) üstünüzə buludla kölgə saldıq. Sizə qüdrət halvası və bildirçin göndərdik. Ruzi olaraq verdiklərimizin təmiz olanlarından yeyin! Onlar Bizə deyil, özlərinə zülm edirdilər.
(Bəqərə surəsi, 57)
Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə birlikdə gəlməsini və işin bitirilməsinimi (məhv edilmələrinimi) gözləyirlər? (Bütün) işlər Allaha qaytarılacaqdır.
(Bəqərə surəsi, 210)
İman edib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcə vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik.
(Nisa surəsi, 57)
Biz onları (İsrail oğullarını) on iki qəbiləyə ayırdıq. Qövmü ondan su istədiyi zaman biz Musaya: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan dərhal on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içmə yerini bildi. Buludlarla da onların üstünə kölgə saldıq. Onlara qüdrət halvası və bildirçin əti də endirdik. (Onlara dedik ki:) “Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin!” Ancaq onlar (əmrlərimizə itaət etməyərək) Bizə deyil, özlərinə zülm edirdilər.
(Əraf surəsi, 160)
Bir zaman dağı onların (İsrail oğullarının) üstünə kölgə kimi qaldırmışdıq və zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. Sizə verdiyimizi (kitabı) möhkəm tutun və içindəkiləri xatırlayın ki, bəlkə, siz (pis əməllərdən) çəkinəsiniz.
(Əraf surəsi, 171)
Göylərdə və yerdə olanlar da, onların kölgələri də gecə-gündüz istər-istəməz Allaha səcdə edirlər.
(Rad surəsi, 15)
Müttəqilərə vəd edilən cənnətin təsviri (belədir); (ağacları) altından çaylar axar, meyvələri və kölgələri daimidir. Təqva sahiblərinin aqibəti budur. İnkar edənlərin aqibəti isə cəhənnəmdir.
(Rad surəsi, 35)
Onlar Allahın yaratdığı - kölgələri kiçilən və Allaha səcdə edərək sağa-sola əyilən hər hansı bir əşyaya baxıb təfəkkür etmədilərmi?
(Nəhl surəsi, 48)
Allah, yaratdığı şeylərdən sizin üçün kölgəliklər etdi. Dağlarda sizin üçün sığınacaqlar yaratdı. Sizi istidən qoruyan geyimlər və həmçinin müharibədə sizi mühafizə edən zirehli paltar yaratdı. Beləcə, O, müsəlman olasınız deyə sizə olan nemətini tamamladı.
(Nəhl surəsi, 81)
Rəbbinin kölgəni necə uzatdığını görmədinmi?! Əgər diləsəydi, əlbəttə, onu sabit saxlayardı. Sonra Biz günəşi onun üçün bir dəlil etdik.
(Furqan surəsi, 45)
Beləcə, onu təkzib etdilər. Buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
(Şuəra surəsi, 189)
Musa onların heyvanlarını suladı, sonra da kölgəyə çəkilib belə dedi: “Ey Rəbbim! Sənin mənə bəxş etdiyin hər xeyrə möhtacam”.
(Qəsas surəsi, 24)
Dağlar kimi dalğalar onları bürüdüyü zaman onlar dini Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları quruya çıxartdığı zaman onlardan bir qismi orta yolu (haqq yolu) tutar. Bizim ayələrimizi yalnız nankorlar və xainlər inkar edər.
(Loğman surəsi, 32)