O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə iman gətirir, axirətə də şəksiz-şübhəsiz inanırlar.
(Bəqərə surəsi, 4)
Sizin əlinizdəkini təsdiqləyici olaraq göndərdiyimə (Qurana) iman gətirin və onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi dəyər-dəyməzinə satmayın və yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 41)
Onların içində kitabı bilməyən savadsızlar da var ki, onların bildikləri yalnız ucdan-qulaqdan eşitdikləridir. Onlar yalnız zənnin arxasınca gedirlər.
(Bəqərə surəsi, 78)
Öz əlləri ilə kitab yazıb sonra da onunla bir az pul əldə etmək üçün: “Bu, Allah dərgahındandır!” - deyənlərin vay halına! Öz əlləri ilə yazdıqlarına görə onların vay halına! Qazandıqlarına görə də onların vay halına!
(Bəqərə surəsi, 79)
Belə deyin: “Allaha və bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirmişik. Onlardan heç biri arasında fərq qoymuruq və biz Ona (Allaha) təslim olanlarıq!”
(Bəqərə surəsi, 136)
Peyğəmbər və möminlər, Rəbbindən ona nazil edilənə (Qurana)iman gətirmişlər. Onların hamısı Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirmişlər. Biz Onun peyğəmbərlərindən heç biri arasında fərq qoymuruq. Onlar belə demişdilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, bizi bağışla! Qayıdış Sənədir!”
(Bəqərə surəsi, 285)
De: “Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun oğullarına nazil edilənə iman gətirdik. Rəbbi tərəfindən Musaya, İsaya və (digər) peyğəmbərlərə verilənlərə də (iman gətirdik). Onların heç biri arasında fərq qoymur və Biz Ona (Allaha) təslim oluruq!”
(Ali İmran surəsi, 84)
Ey iman gətirənlər! Allaha, Onun Peyğəmbərinə, Peyğəmbərinə nazil etdiyi Kitaba və daha əvvəl nazil etdiyi kitablara iman gətirin (imanınızda əzmkar olun)! Kim Allahı, mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar edərsə, (haqdan) uzaq bir zəlalətə düşmüş olar.
(Nisa surəsi, 136)
Kitab verdiyimiz kimsələr, sənə nazil etdiyimizə (Qurana) görə sevinirlər. Ancaq (sənin əleyhinə olan) dəstələrdən bəziləri onun bir qismini inkar edirlər. De: “Mənə ancaq Allaha ibadət etməyim və Ona şərik qoşmamağım əmr olunmuşdur. Mən Ona dəvət edirəm və axır dönüşüm də Onadır!”
(Rad surəsi, 36)
Zülm edənləri istisna olmaqla, kitab əhli ilə ən gözəl tərzdə mübarizə aparın və deyin ki: “Bizə nazil olana da, sizə nazil olana da inanırıq. Bizimlə sizin ilahınız eyni ilahdır. Biz Ona təslim olmuşuq”.
(Ənkəbut surəsi, 46)
(Ey Peyğəmbər!) Beləcə, kitabı sənə nazil etdik. Kitab verdiklərimiz ona (Qurana) inanırlar. Bunlardan (ərəblərdən) ona inananlar da var. Bizim ayələrimizi ancaq inkar edənlər inkar edərlər.
(Ənkəbut surəsi, 47)
Əgər onlar səni yalanlayırlarsa, bil ki, onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalanlamışdılar. Peyğəmbərləri onlara açıq-aydın ayələr (möcüzələr), səhifələr və aydınladan kitab gətirmişdilər.
(Fatir surəsi, 25)
Biz Nuhu və İbrahimi də elçi olaraq göndərdik. Onların nəslinə peyğəmbərlik və kitab verdik. Onlardan doğru yolda olanlar da vardır, lakin əksəriyyəti fasiqlərdir.
(Hədid surəsi, 26
)