Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Beləliklə, sizi insanlara şahid olasınız və elçi də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni (Kəbəni) yalnız ona görə təyin etdik ki, elçiyə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir.
(Bəqərə surəsi, 143)
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb inkar edən olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 217)
Onlar, əməlləri dünya və axirətdə puça çıxmış kimsələrdir. Onlara kömək edənlər də olmayacaqdır.
(Ali İmran surəsi, 22)
Həm Allahdan gələn nemət və lütfə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə şad olarlar.
(Ali İmran surəsi, 171)
Rəbbi də onların duasını qəbul etdi (və dedi:) “Kişi və ya qadın olmaqla sizdən heç bir əməl sahibinin əməlini puça çıxarmaram. Sizlər bir-birinizdənsiniz. Hicrət edən, öz yurdlarından çıxardılan, Mənim yolumda əziyyətə düçar olan və vuruşub öldürülənlərin Allah dərgahından bir mükafat olaraq, günahlarının üstünü örtəcəyəm və onları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah dərgahındadır.
(Ali İmran surəsi, 195)
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
(Maidə surəsi, 5)
İman edənlər isə: “Bunlarmı sizinlə birlikdə olacaqlarına dair Allaha möhkəm and içdilər?” - deyərlər. Onların əməlləri puça çıxdı və beləcə zərər çəkənlərdən oldular.
(Maidə surəsi, 53)
Bu, Allahın doğru yoludur. O, bəndələrindən dilədiyi kimsəni o yola yönəldər. Əgər onlar (Allaha) şərik qoşsaydılar, şübhəsiz, onların etdikləri əməllər də puça çıxardı.
(Ənam surəsi, 88)
Ayələrimizi və axirətə qovuşmağı yalanlayanların əməlləri puça çıxmışdır. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər.
(Əraf surəsi, 147)
Bu belədir! Şübhəsiz ki, Allah inkar edənlərin hiyləsini zəiflədəndir.
(Ənfal surəsi, 18)
Müşriklər özlərinin inkar edən olduqlarını bildikləri halda Allahın məscidlərini təmir etməyə layiq deyillər! Onların əməlləri puça çıxmışdır və onlar cəhənnəmdə əbədi qalacaqlar.
(Tövbə surəsi, 17)
(Ey münafiqlər!) Siz də sizdən əvvəlkilər kimi etdiniz. Onlar sizdən daha güclü, daha çox mal və övlad sahibi idilər. Onlar (dünyadakı) öz paylarına düşəndən bəhrələndilər. Sizdən əvvəlkilər öz paylarına düşəndən bəhrələndikləri kimi siz də öz payınıza düşəndən bəhrələndiniz və (batil yola) girənlər kimi siz də (o yola) girdiniz. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar əsil ziyana uğrayanlardır!
(Tövbə surəsi, 69)
Onların axirətdə oddan başqa heç bir payı olmayacaqdır. (Bu dünyada) gördükləri işlər orada puç olacaq və etdikləri əməllər boşa çıxacaqdır.
(Hud surəsi, 16)
Onlar dedilər: “Doğrudan da, sən Yusifsənmi?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. (Bir-birimizə qovuşmağı) Allah bizə lütf etdi. Şübhəsiz ki, kim (pis əməllərdən) çəkinər və səbir edərsə, həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz”.
(Yusif surəsi, 90)
(Bunlar) yaxşı işlər gördüklərini zənn etdikləri halda, dünya həyatındakı səyləri hədər getmiş kəslərdir.
(Kəhf surəsi, 104)
Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq.
(Kəhf surəsi, 105)
(Gəlsələr də) sizə qarşı xəsisdirlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dönərək sənə baxdıqlarını görərsən. Qorxu getdikdən sonra isə, xeyirdə (qənimət mallarında) xəsislik edərək acı dilləri ilə sizi incidərlər. Onlar iman etməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır.
(Əhzab surəsi, 19)
Kim izzət və şərəf istəyirsə, bilsin ki, bütün izzət və şərəf Allaha məxsusdur. Yaxşı söz Ona doğru yüksələr və onu yüksəldən yaxşı əməldir. Pis işlər görüb hiylə quranlar üçün şiddətli bir əzab vardır və onların hiylələri boşa çıxacaqdır.
(Fatir surəsi, 10)
(Ey elçi!) Həqiqətən, sənə də, səndən əvvəlkilərə də: “Əgər Allaha şərik qoşsan, sənin əməlin puça çıxar və ziyana uğrayanlardan olarsan!” - deyə vəhy olunmuşdur.
(Zumər surəsi, 65)
Musa Bizim tərəfimizdən onlara haqqı gətirdikdə onlar: “Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” - dedilər. İnkar edənlərin hiyləsi, əlbəttə, boşa çıxar.
(Mömin surəsi, 25)
Çünki onlar Allahın nazil etdiyini bəyənmədilər. Buna görə də Allah onların əməllərini puça çıxardı.
(Məhəmməd surəsi, 9)
Çünki onlar Allahı qəzəbləndirən şeylərə uydular və Onun razı qaldığı şeyləri bəyənmədilər. Buna görə də Allah onların əməllərini puç etdi.
(Məhəmməd surəsi, 28)
İnkar edən olub (insanları) Allahın yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra elçiyə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puç edəcəkdir.
(Məhəmməd surəsi, 32)
Ey iman edənlər, səslərinizi elçinin səsindən yuxarı qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın! Yoxsa, özünüz də fərqinə varmadan əməlləriniz boşa çıxar.
(Hucurat surəsi, 2)
Allah onların hiyləsini boşa çıxartmadımı?!
(Fil surəsi, 2
)