Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə insanları toplayacaq olan Sənsən!” Şübhəsiz ki, Allah, Öz vədinə xilaf çıxmaz.
(Ali İmran surəsi, 9)
Ey Rəbbimiz! Elçilərin vasitəsilə vəd etdiklərini bizə bəxş et və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan”.
(Ali İmran surəsi, 194)
İman edib yaxşı işlər görənləri isə, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. (Bu,) Allahın haqq olan vədidir. Söz (vermək və onu tutmaq) baxımından Allahdan daha doğru kim ola bilər?!
(Nisa surəsi, 122)
Allahın haqq vədi olaraq hamınızın dönüşü Onadır! Həqiqətən, O, məxluqatı yoxdan yaradır, sonra isə iman edib yaxşı işlər görənləri ədalətli bir şəkildə mükafatlandırmaq üçün onu (dirildərək) geri qaytarır. İnkar edənlərə gəldikdə, inkar etdiklərinə görə onlar üçün qaynar sudan bir içki və acı bir əzab vardır.
(Yunis surəsi, 4)
Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Bilin ki, Allahın vədi haqdır. Lakin onların çoxu bilmir.
(Yunis surəsi, 55)
Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Şübhəsiz, Sənin vədin də haqdır. Sən hakimlərin hakimisən (ən ədalətli hakimsən)!”
(Hud surəsi, 45)
(Haqq-hesab çəkilib) iş bitdiyi zaman şeytan (inkar edənlərə) deyəcəkdir: “Həqiqətən, Allah sizə haqq olanı vəd vermişdi. Mən də sizə vəd vermişdim, ancaq vədimə xilaf çıxdım. Onsuzda mənim sizə qarşı bir gücüm yoxdu. Mən sadəcə olaraq sizi (küfrə) dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Ona görə də məni qınamayın, özünüzü qınayın! Nə mən sizi xilas edə bilərəm, nə də siz məni xilas edə bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
(İbrahim surəsi, 22)
Bundan sonra İsrail oğullarına: “Siz o yerdə məskunlaşın! Vəd olunan axirət gəlib çatdığı zaman sizin hamınızı bir yerə yığacağıq”, - dedik.
(İsra surəsi, 104)
Və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” - deyərlər.
(İsra surəsi, 108)
Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər.
(Kəhf surəsi, 21)
(Zülqərneyn) dedi: “Bu, Rəbbimdən gələn bir mərhəmətdir. Ancaq Rəbbimin vədi gəldiyi zaman O, bu səddi yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır”.
(Kəhf surəsi, 98)
Kitabda İsmaili də an! Həqiqətən, o, sözünə sadiq idi. O, həm rəsul, həm də nəbi idi.
(Məryəm surəsi, 54)
Görmədikləri halda Rəhmanın Öz bəndələrinə vəd etdiyi Ədn cənnətlərinə (girəcəklər). Həqiqətən, Onun vədi gerçəkləşəcəkdir.
(Məryəm surəsi, 61)
(Ey elçi!) Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədindən əsla dönməz! Şübhəsiz ki, Rəbbinin dərgahında bir gün sizin hesabladığınızın min ili kimidir.
(Həcc surəsi, 47)
Beləliklə, onu anasına qaytardıq ki, gözü aydın olsun, qəm çəkməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu (bunu) bilmir.
(Qəsas surəsi, 13)
Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir.
(Rum surəsi, 6)
Ona görə də səbirli ol! Həqiqətən, Allahın vədi haqdır. Yəqinliklə iman etməyənlər səni biganəliyə sövq etməsinlər!
(Rum surəsi, 60)
Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, yenilməz qüvvət və hikmət sahibidir.
(Loğman surəsi, 9)
Ey insanlar, Rəbbinizdən çəkinin! Nə valideynin övlada, nə də övladın valideynə fayda verə bilməcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!
(Loğman surəsi, 33)
Ey insanlar, Allahın vədi haqdır! Ona görə də dünya həyatı sizi aldatmasın, aldadıcı (şeytan) da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) yoldan çıxartmasın!
(Fatir surəsi, 5)
Buna görə də bizim barəmizdə Rəbbimizin sözü (əzabı) vacib oldu. Həqiqətən, biz onu dadacağıq.
(Saffat surəsi, 31)
Lakin Rəbbindən qorxanlar üçün Allahın vədi olaraq üst-üstə tikilmiş və altlarından çaylar axan köşklər vardır. Allah vədinə xilaf çıxmaz.
(Zumər surəsi, 20)
Cənnətliklər: “Bizə verdiyi vədinə sadiq qalan və bizi cənnətdə məskunlaşdığımız yerin varisi edən Allaha həmd olsun! Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” - deyəcəklər.
(Zumər surəsi, 74)
Ona görə də səbir et! Şübhəsiz ki, Allahın vədi haqdır. Sən günahlarının bağışlanmasını dilə və səhər-axşam Rəbbini həmd ilə təsbeh et!
(Mömin surəsi, 55)
Ona görə də səbir et! Həqiqətən, Allahın vədi haqdır. Heç şübhəsiz, ya onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərəcəyik, ya da daha əvvəl sənin canını alacağıq. Onlar Bizə qaytarılacaqlar.
(Mömin surəsi, 77)
Sizə: “Allahın (insanları yenidən dirildəcəyinə dair) vədi haqdır, qiyamət barəsində də heç bir şübhə yoxdur!” - deyildiyi zaman siz: “Qiyamətin nə olduğunu bilmirik. Onun yalnız bir zənn olduğunu güman edirik. Bizim bu haqda dəqiq bir məlumatımız yoxdur”, - demişdiniz”.
(Casiyə surəsi, 32)
Ata-anasına: “Vay sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-keçdiyi halda siz məni təhdid edirsiniz?” – deyənə onlar: “Vay sənin halına! İman et! Həqiqətən, Allahın vədi haqdır”, - deyərək Allahdan yardım istəyərlər. Ancaq o: “Bu yalnız əvvəlkilərin əfsanələridir”, - deyər.
(Əhqaf surəsi, 17)
Onu (əzabı) vadilərinə tərəf yayılan bulud şəklində gördükləri zaman: “Bu, bizə yağış yağdırası buluddur!” - dedilər. Xeyr! O, sizin tez gəlməsini istədiyiniz şeydir. O, içində acı bir əzab olan küləkdir.
(Əhqaf surəsi, 24)
(O gün) göy yarılacaq, Allahın vədi yerinə yetəcəkdir.
(Müzzəmmil surəsi, 18
)