Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır.
(Nur surəsi, 23)
Ey iman edənlər, qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla, onlara verdiyinizin (mehrin) bir hissəsini geri almaq üçün onlara əziyyət verməyin və onlarla yaxşı davranın! Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur.
(Nisa surəsi, 19)
Namuslu qadınlara zina isnad edib sonra da dörd şahid gətirə bilməyənlərə səksən şallaq vurun və heç vaxt onların şahidliyini qəbul etməyin! Onlar əsil fasiqlərdir.
(Nur surəsi, 4)
Boşanan qadınların adətə müvafiq qaydada dolanışıqlarının təmin edilməsi müttəqilərin borcudur.
(Bəqərə surəsi, 241)
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən qorxsanız, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır.
(Bəqərə surəsi, 229)
Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın və sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin və aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.
(Talaq surəsi, 6)
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə istehza etməyin! Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.
(Bəqərə surəsi, 231)