Onlar (Yusifin) saxta qana bulanmış köynəyini də gətirdilər. (Yaqub elçi) dedi: “Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”.
(Yusif surəsi, 18)
Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin! Şübhəsiz ki, yer üzü Allahındır. O, bəndələrindən dilədiyi kimsəni onun varisi edər. Gözəl aqibət təqva sahiblərinin olacaqdır”.
(Əraf surəsi, 128)
(Bədr döyüşündə) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən inkar edənlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır.
(Ali İmran surəsi, 13)
De: “Ey Rəbbim! Daxil olacağım yerə məni xoşluqla daxil et, çıxaracağın yerdən də məni xoşluqla çıxart və Öz dərgahından mənə yardım edən bir güc ver!”
(İsra surəsi, 80)
O zaman sizdən iki dəstə ümidsizliyə düşərək dağılışmaq fikrinə düşmüşdülər. Halbuki, Allah onların yardımçısı idi. Möminlər (yalnız) Allaha təvəkkül etsinlər.
(Ali İmran surəsi, 122)
Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. İnkar edənlər qövmünə qarşı bizə yardım et!”
(Bəqərə surəsi, 286)